Məhkəmə qərarları › İş №e-2-2(113)-5116/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5116/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5116/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı (AR Group Company müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin, cavabdeh İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər:, daşınma müqaviləsi, cərimə, illik 5%, dəymiş ziyan, sübutetmə yükü) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri, direktoru Nümayəndə2 və vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçı (AR Group Company müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin, cavabdeh İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrəkommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023 tarixli AR 0xx/xx.2023 nömrəli “Ekspeditor xidmətlərinə dair” müqaviləyə əsasən yaranmış 12087 manat, 200 manat hüquqi yardım haqqı, 1200 manat dəbbə pulu, 400 manat gecikməyə görə zərər haqqı, 132 manat dövlət rüsumu olmaqla, 14019 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh arasında xx.xx.2023 tarixli AR-0xx/xx.2023 nömrəli “ekspeditor xidmətlərinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 bəndinə əsasən ekspeditor (iddiaçı) sifarişçinin (cavabdehin) sifarişi əsasında onun idxal və ixrac yükünün yük maşını, dəmir yolu, dəniz və hava nəqliyyatı ilə daşınmasını həyata keçirir, Sifarişçi isə müqavilənin 4-cü bəndinə əsasən bu xidmətlərin haqqını tam ödəyir. Ona öz lisenziyasında və lisenziyasının əlavəsində göstərilən tibbi müayinə xidmətlərinin göstərilməsini öhdəsinə götürür, icraçı isə bu xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən ödənişlər malların çatdırılması həyata keçdikdən sonra ekspeditor tərəfindən təqdim edilən hesab faktura və təhvil- təslim aktı əsasında həyata keçirilməlidir. İddiaçı müvafiq ekspeditor xidmətlərini bilavasitə müqavilə bağladığı şirkətlərin nəqliyyat vasitələri ilə icra etmişdir (bu geniş yayılmış bir işgüzar praktikadır). Bu məqsədlə də iddiaçı "xxxx" MMC ilə xx.xx.2022 tarixli “Daşıma ekspedisiya Müqaviləsi”bağlanmışdır. Gömrük və daşıma sənədlərinə də baxılsa bilavasitə daşımaların AR Group tərəfindən icra edildiyi görülər. Mübahisəyə səbəb olan hallar isə aşağıdakı ardıcıllıqla baş vermişdir: İddiaçı xx.xx.2023 tarixində cavabdehin hər bir nəqliyyat vasitəsində 26 (iyirmi altı) paletdə yerləşən 21.100 (iyirmi bir min bir yüz) kq olmaqla “şişburun xurma” meyvələrini Hökməli (Bakı)-Moskva marşrutu ilə daşımanya qəbul etmişdir. Daşıma 2 ayrı nəqliyyat vasitəsində təşkil edilib: **-LE-***/**-YD-*** və **- JF-***/**-ZG-*** dövlət nömrə nişanlı qoşqulu yük maşınları ilə. Mallar müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024 tarixlərində ünvana çatdırılmışdır. xx.xx.2024 tarixində isə Moskva şəhərində alıcının anbarında inspeksiya edilmiş və qəbul edilmişdir. Həmin sənədlərdən də görünür ki, məhz mübahisəyə səbəb olan 99ZG307 nömrə nişanlı yük maşınında olan bütün malın 93,1%-i birinci kateqoriyaya uyğundur, 5,2%-i ikinci kateqoriyaya uyğundur, yalnız 1,7%-i tullantıdır. Həmin yük maşının soyuducusunun gündəlik monitorinq sənədindən (Thermo King WinTrack 5) də görünür ki, mallar lazımi olan “1” selsi dərəcədə daşınmış, kənar hava şəraitindən asılı olaraq temperatur cüzi fərqlənmişdir. Bu isə göründüyü kimi malların xarab olmasına gətirib çıxara bilməzdi (bu fakt inspeksiya sənədində də öz əksini bir daha tapır). Mallar Moskva şəhərinə çatdırıldıqdan sonra cavabdehdən ödəniş tələb edilmiş, bu yöndə şifahi və yazılı kommunikasiya aparılmış, lakin cavabdeh əsassız şəkildə həqiqətə uyğun olmayan bəhanələr gətirərək (guya mallar hamısı xarab olmuş, guya RF şirkəti bunları məhkəməyə verib və s.) ödənişdən yayınır. Danışıqların nəticə vermədiyini görərək iddiaçı tərəfindən xx.xx.2024 tarixində cavabdehə rəsmi hesab-faktura (invoys), işlərin təhvil-təslim aktı və elektron qaimə faktura göndərilmişdir. Elektron qaimə faktura hər nəqliyyat vasitəsinə görə ayrı göndərilmişdir: 5882.00 AZN və 6205.00 AZN, cəmi 12.087 AZN məbləğində. Cavabdeh qaiməni qəbul etmiş, geri qaytarmamış, buna hər hansı qeyd (düzəliş) verməmişdir. Bu günə qədər də həmin məbləğ ödənilməmişdir. Məsələ ilə bağlı xx.xx.2024 tarixində rəsmi pretenziya təqdim edilmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədlər isə cavabdehə xx.xx.2024 tarixində rəsmən göndərilmişdir. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə aralarında olan müqavilə üzrə ona borclu olduğu 33297 USD (56604,90 manat) pul vəsaitinin İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi və ilkin iddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən mülahizələrdən ibarətdir. Belə ki, “iddiaçı iddia ərizəsində qeyd etmişdir ki “yük maşının soyuducusunun gündəlik monitorinq sənədindən (Thermo King WinTrack 5) də görünür ki, mallar lazımi olan “1” selsi dərəcədə daşınmış, kənar hava şəraitindən asılı olaraq temperatur cüzi fərqlənmişdir. Bu isə göründüyü kimi malların xarab olmasına gətirib çıxara bilməzdi”. Lakin etiraz əlavə edilən “ARVİAY (ARVİAY RAŞEN VENÇUR İNVESTMENTS)” SC-nin məktubundan aydın olur ki, bu aktla "xxxx" MMC-dan xx.xx.2023-cü il tarixində alınmış RVİ-2023-52-1-AGRORETEMS-4309366-HUBMSC- DSC2, hesab-faktura 214, a/m 77JF301/99ZG307 sifariş əsasında 1 kg xurma şiş burun Azərbaycan MP-nin tam utilizasiyası təsdiq edilir. Utilizasiyanın səbəbi- yükün Boqorodsk HAB-na daşınması zamanı xurmanın aşağı temperaturdan zədələnməsi nəticəsində malın seçilib ayrılmasından sonra “tullantı” göstəricisi üzrə kateqoriyanın normasını aşması olmuşdur. “Maşın anbara xx.xx.2023-cü il tarixdə çatıb, miqdar və keyfiyyət üzrə təhviltəslim xx.xx.2023-cü il tarixdə aparılıb. Mala baxış nəticəsində şirkətin müfəttişləri (ərafından temperatur tələbinin pozulması aşkar olunub ki, X-Sense sensorlarının göstəriciləri təsdiq edib. Pulpada malın temperatoru -2.4C, -1.5C, 2,1 C. Malın keyfiyyət göstəriciləri yolverilən həddə olub, lakin temperatur rejiminin uzunmüddətli kənara çıxması partiya üzrə “qaytarılma” statusunun təyin edilməsinə səbəb olub, çünki bu müqavilə şərtlərinin kobud pozuntusudur. KA ilə danışıqlar zamanı partiyadan donmuş xurmanın bir hissəsinin seçilib götürülməsi məqsədi ilə malın seçilib ayrılmasının yerinə yetirilməsinə icazə verilməsi barədə qərar qəbul edilib. Seçilib ayrılma nəticəsində malın keyfiyyətinin təkrar təftişi aparılıb və “tullantı” kateqoriyası üzrə faizlər X5 TS-nin keyfiyyət standartlarının yolverilən normalarından artıq olub. Ekspert rəyi-yükiin daşınması nəticəsində malın aşağı temperaturdan zədələnməsi. Nəticədə xurmanın tam utilizasiyası yerinə yetirilmiş və şirkətin gömrük rüsumları ilə bütün xərcləri, malın tədarük edilməsinə görə cərimə, utilizasiya prosedura və s. xərcləri sonradan tədarükçü "xxxx" MMC-nin ünvanına göndərilib”. Həmin cavab məktubunu tam şəkildə etiraz əlavə edirəm. Məktubun mətnindən də aydın olur ki, malların xarab olması müəssisənin təqsirindən baş verməmişdir. Sadəcə temperatur tələbinin pozulması malların xarab olmasına səbəb olmuşdur. Belə olduğu təqdirdə isə müəssisənin hazırkı iş üzrə təqsiri və məsuliyyəti mövcud olmur. Həmçinin Elektron ünvan 1 mail ünvanından Elektron ünvan 2 mail ünvanına ünvanlanmış yazışma aşağıdakı kimidir. “(Salam Cavid bəy öncə onu demək istəyirəm ki, biz sənətdə heç bir dəyişikliklər etməmişik və siz ofisimizə gələndə özünüz şahidi olacaqsınız. Belə başa düşdüm ki, sənət dəyişiklikləri çox etmisiniz və elə bilirsiniz ki, hamı belə bir yollara ət atır,amma yanılırsınız. Sizə göndərdiyim failı çap edib özünüzlə götürərsiniz ki, ofisimizə gələndə outlook proqramına baxanda açıb tutuşdurmaq üçün. Cavid bəy mən sizin yazdıqlarınızdan baça düşdüm ki, sizin sənədində bilginiz yoxdur.Amma vurğuladınız ki, dəfələrlə qarşılaşmısınız və 21700 USD, yox 38497 USD sizin bizə borcunuz var. Daha dəqiq desək, bizim sizə 6700 USD borcumuz var. Sizində bizə köhnədən 1500 USD borcunuz var. Və 6700 USD - dən 1500 USD çıxanda 5200 USD sizə borcumuz qalır. Amma sizin isə 38497 USD borcunuz var bizə. Və əgər 38497 USD - dən 5200 USD çixsaq qalır 33 297 USD yəni sizin bizə 33297 USD borcunuz var . Buyurun gəlin ofisimizə məsələni oturaq aydınlaşdıraq”. İddiaçı ərizədə göstərir ki, “aramızda məhz mübahisəyə səbəb olan 99ZG307 nömrə nişanlı yük maşınında olan bütün malın 9 3, 1%-i birinci kateqoriyaya uyğundur, 5,2%-i ikinci kateqoriyaya uyğundur, yalnız 1,7%-i tullantıdır. Həmin yük maşının soyuducusunun gündəlik monitorinq sənədindən (Thermo King WinTrack 5) da görünür ki, mallar lazımi olan “1” selsi dərəcədə daşınmış, kənar hava şəraitindən asılı olaraq temperatur cüzi fərqlənmişdir.” Göründüyü kimi iddiaçı da temperatorun fərqləndiyini özləri etiraf etmişlər. İddiaçı ərizədə göstərir ki, mallar Moskva şəhərinə çatdırıldıqdan sonra cavabdehdən ödəniş tələb edilmiş, bu yöndə şifahi və yazılı kommunikasiya aparılmış (elektron poçt yazışmaları əlavə edilir), lakin cavabdeh əsassız şəkildə həqiqətə uyğun olmayan bəhanələr gətirərək (guya mallar hamısı xarab olmuş, guya RF şirkəti bunları məhkəməyə verib və s.) ödənişdən yayınır. Danışıqların nəticə vermədiyini görərək iddiaçı tərəfindən xx.xx.2024 tarixində cavabdehə rəsmi hesab-faktura (invoys), işlərin təhvil-təslim aktı və elektron qaimə faktura göndərilmişdir. Qeyd edirəm ki, həmin yazışma və fotoşəkillərdən görünür ki, mallar donmuş, xarab olmuş və utilizasiya edilmişdir. Belə ki, xx.xx.2024-cii il tarixdə Elektron ünvan 1 mail ünvanından Elektron ünvan 3 mail ünvanına göndərilən yazışma aşağıdakı məzmunda olmuşdur. “ Salam. Nəzərinizə çatdırıram ki, bizim aramızda köhnədən qalan borcunuz var 1500 USD. Qatdı ki, sonuncu 2 daşımanın ödənişi ilə bağlı, 77JF301 99ZG307 nömrəli n/v-nin apardığı yükü yolda dondurduğu üçün yük alıcıları tərəfindən qəbul edilmədi və yük utilizasiya olundu və alıcı tərəfindən bizə cərimə kəsildi. Cəriməni üçüncü şəxsə göndərməyə icazə yoxdur. Buyurun gəlin ofisimizə sənədi yerində göstərək və yaranan danışıqlarımızı aparaq.” Göründüyü kimi ilkin yazışmalar tərəfimizdən qarşı tərəfə ünvanlanmışdır. Bundan başqa Elektron ünvan 4, anast.BElektron ünvan 5, mailto:sales@agroretems.comElektron ünvan 6, mailto:nazliya.osmanova@agroretems.comElektron ünvan 7, Elektron ünvan 8, FElektron ünvan 9, mail ünvanlarından Darya.AuİElektron ünvan 10 və Elena.LElektron ünvan 11 mail ünvanlarına yazılar göndərilmiş, daha sonra qarşı tərəfinin maili ilə cavab verilmişdir. Elektron ünvan 4 mail ünvanından göndərilmiş mail yazışmasından görünür ki, “günaydın, xiyabanın vizual müayinəsi zamanı dondurulmuş alt qutuların demək olar ki, bütün paletlərində aşkar edilmiş və kritik mənfi temperatur qeydə alınmışdır. Seçilmək üçün uyğun deyil. Xahiş edirik geri qaytarılan malı hara göndərməyimizi bildirin.” Bundan sonra FElektron ünvan 12 mail ünvanından göndərilmiş mail yazışmaları aşağıdakı kimidir. “Gəlin yenidən yerləşdirək və dondurulmuş malları seçək. Bunu PM qüvvələri edəcəkmi? Yazışmalardan da məlumdur ki, ilk yazışmalar tərəfimizdən ünvanlanmışdır. Həmçinin yerinə yetirilmiş işlərin 323/24 nömrəli AKT-dan görünür ki, mallar donduğu üçün biz həmin təhvil-təslim aktına imza çəkməmişik. Belə ki, təhvil-təslim aktında göstərildiyi kimi yükün lazımı, tam, vaxtında çatdırılması ilə razı olmamışıq. Buna görə də aktı imza etməmişik.” Daha sonra qarşılıqıla iddia üzrə iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, İddiaçı MMC ilə aralarında olan müqavilə üzrə ona borclu olduğu 38497,81 ABŞ dolları (65449,597 manat) pul vəsaitinin İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq suallara cavabında bildirmişdir ki, ödənilməyən iki yük maşınından yalnız birində problem olmuş, 99ZG307 nömrə nişanlı yük maşınında, daşınan mallarla bağlı mübahisə yaranmışdır. Lakin digər maşında problem çıxmamışdır. Yoxlama Rusiya Federasiyasında olan "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmişidir. Qarşı tərəf bir maşın üzrə ziyan dəyməsini əsas gətirərək, bütünlüklə ödənişdən imtina etmişdir. Yük avtomobilləri onlara yox, "xxxx" MMCyə məxsus avtomobillər olmuş, onlar sadəcə ekspeditor xidməti göstərmişlər. Mallar tam olaraq vaxtında çatdırılmışdır. Sonda o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq suallara cavabında bildirmişdir ki, alıcı “Arviay SC” Rusiyada böyük bir nüfuza sahib olan şirkətdir. Rusiya ərazisində minlərlə dükanları var. Azərbaycanda əksər şirkətlər mallarını oraya daşıyır, ən böyük mal alıcısı kimi tanınır. Əvvəlcədən tərəflər arasında yəni cavabdeh və “Arviay SC” arasında müəyyən qiymətdə daşınılıb, razılıq olmuşdur. Adətən qiymətdə müəyyən endirim almaq üçün malların keyfiyyətsiz olduğu qeyd edilir. Bu barədə öz aralarında da yazışmalar var, lakin məhkəməyə təqdim edilməmişdir. Qiymətdə endirim almaq üçün razılığa gələ bilməmişlər. Cavabdeh MMC kimi əksər şirkətlər var ki, "xxxx" MMC-dən asılıdırlar və onun dediyi bütün şərtlərə əməl etməyə çalışırlar. Belə ki, kifayət qədər böyük həcmdə yüklər oraya daşınılır. Əgər "xxxx" MMC onların qeyd etdikləri şərtlərə əməl etməsələr "xxxx" SC müqaviləyə xitam verəcək. Yüklər bir neçə gün orada qaldıqdan sonra qarşı tərəf onlara məlumat vermişdir ki, təkrar yükləməyə daşınmalıdır. Həmin ərəfədə daşınmanın hansı maşınla, hansı şərtlərlə daşınıldığı barədə onların məlumatı olmamışdır. Həmin daşınma proseduru 1-2 gün ərzində baş verib və hansı temperaturda daşınması barədə də hər hansı məlumat verilməyib. Yüklər 2024-cü ilin yanvar ayının 6da çatmış, 3 gün sonra- 09 yanvar 2024-cü il tarixdə isə açılmışdır. Mallar təhvil verilərkən "xxxx" SC bu barədə CMR-də müvafiq qeyd aparmalı, onu öz imzası və möhürü ilə təsdiq etməli olduğu halda, işdə olan hər iki CMR sənədində isə yükalanın yükü qəbul etməsi və pretenziyanın olmaması əksini tapır. Qarşı tərəf ödəməni 15 gün ərzində etməli olsa belə qarşılıqlı əməkdaşlıq münasibətləri nəzərə alınaraq müəyyən bir vaxt gözləməyə razı olmuş, təxminən 1 ay müddətinə kimi əməkdaşları ilə əlaqə saxlayıb yekun qərarları barədə maraqlanmışlar. Malların qaydasında olub-olmaması barədə soruşduqda heç bir məlumat verilməmiş, 1 aydan sonra yenidən ödənişlərlə bağlı qarşı tərəflə danışdıqda bildirilmişdir ki, 21000 dollar onlara ödənilməlidir. Ortaya çıxan problemə görə də ödənişlər etməkdən imtina etdiklərini bildirmişlər. Mallar onların iştirakı olmadan utilizasiya edilməmişdir. Utilizasiya prosesindən ümumiyyətlə məlumatları olmamış, məhkəmə prosesi gedişatında qarşı tərəfin əlavə etdiyi sənədlər əsasında xəbəri olmuşdur. Hər hansı mallar arasında virus olduqda, yayılma təhlükəsi yarandıqda, ekoloji problemə gətirib çıxardacaq dərəcədə ciddi bir narahatçılıq olduqda utilizasiya prosesi baş verir. Hazırki tələbləri ikinci maşınla bağlıdır. Çatdırılan mallarla bağlı heç bir ödəniş edilməmişdir. Sonda o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, daşınma nümayəndəsi olduğu şirkət tərəfindən həyata keçirilmişdir. Onların öhdəliyinə düşən vaxtında tərəfi yükləmə yerində maşınla təmin etmək, yükləməni həyata keçirdib deyilən vaxtda gömrükdə olmaq olmuşdur. Həmçinin əlavədən 3 gün də gözləmə məntəqəsində qalmışlar. Onların əsas vəzifələrindən biri də o idi ki, malları vaxtında çatdırmaq və temperatur şəraitinə riayət etmək idi. Malın keyfiyyəti, kolibri, markası və digər hallar onlara aid olan tərəf deyil, bu barədə məsuliyyət alıcı və göndəricinin üzərində olmuşdur. Daşınma zamanı heç bir problem olmamış, mallar normal temperaturda daşınmış, mal sahibi, yəni mallarını göndərən şəxsin özünün də malların içərisində temperaturu ölçən cihazları olur ki, hansı ki, onu maşının ön və arxa hissəsinə yerləşdirirlər. Həm soyuducunun yaddaşında olan temperatura, həm də tərəfin özünün yerləşdirdiyi cihaza diqqət yetirdikdə temperatur rejiminə riayət edilməsi aşkar görünür. Soyuducudan əlavə həmin o cihazda da temperatur qeyd edilir. Onlar tərəfindən mallar vaxtında təhvil verilmiş, 3 gün ərzində maşın oranı tərk etmədən problem olduğu halda bu hal CMR-də qeyd edilməli idi. Bu halların heç biri baş verməmişdir. Temperaturun dəyişməsi təbii olaraq malın keyfiyyətinə təsir edir. Əksər meyvələr 0-2, 1-3 dərəcə aralığında daşınılır. Bunu göndərici, yəni yük göndərənin özü müəyyən edərək məlumat verir və mallar həmin tempraturda daşınılır. Bununla bağlı onlara rəsmi bildiriş verilməmişdir. Yükün daşınması zamanı 0, -2 dərəcə tempraturda daşınması deyilmiş, yükgöndərənin qeyd etdiyi dərəcədən 1-2 dərəcə aşağı və yuxarı olan tempraturda daşınmışdır. Maşın ərazini tərk etmədən problem barədə mütləq məlumat verilməli, “CMR”də bunun qeydi aparılmalı idi. Belə ki, hər hansı problem olduqda və ya narazılıq yarandıqda CMR-də qeyd olunur. Qüsurlu mala görə günhkar olduqda həmin mal mütləq geri qaytarılmalıdır. Cavabdeh nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı “ekspeditor”, "xxxx" MMC “sifarişçi” olmaqla imzalanmış 31 mart 2023-cü il tarixli AR-0xx/xx.2023 saylı müqaviləyə əsasən ekspeditor sifarişçinin idxal və ixrac yükünün yük maşını dəmir yolu, dəniz, hava nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətini yerinə yetirir və sifarişçi yerinə yetirilmiş xidmətlərin dəyərini hazırki müqavilənin 4-cü maddəsinin ödəniş şərtlərinə uyğun olaraq həyata keçirir. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən qabın bütövlüyü və etibarlılığı, yükün sonraki daşınması və saxlanması üçün uyğunluğunu yoxlamaq, sifarişçinin ayrı-ayrı tapşırığı ilə hesabında və tapşırığında göstərdiyi müddət ərzində yenidən qablaşdırma, yenidən marakalanma, tara təmiri, yüklərin anbarda müvəqqəti saxlanması, gömrük rəsmiləşdirməsi, yükləmə-boşaltma işləri və yüklərin digər işlənməsi, həmçinin yükün hərəkət yolunda qorunmasını təmin etmək ekspeditorun öhdəliyidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən təhlükəli, tezsınan, tezalışan, yüksəs bədii dəyər obyektləri və xüsusi şərtlərin təminatı altında daşınmalı xüsusi növ yüklərin daşınma şərtləri əsasında ekspeditora təlimat vermək, sifarişçi daşınan yüklərin xüsusiyyətlərini göstərməsə və bu cür yüklərin daşınması üçün xüsusi təlimatlarını vermədiyi təqdirdə, ekspeditor bu yüklərin daşınması haqqında xüsusi şərtlərə riayət etmədiyinə görə bu yüklərə dəyən zərər və itkilər üçün məsuliyyət daşımır. 3.13-cü bəndə əsasən bu müqaviləyə əsasən ödəniş gecikdirildiyi halda, sifarişçi ödənişin gecikdirildiyi hər təqvim günü üçün xidmətin ümumi dəyərinin 0.1%-i həcmində, lakin həmin müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərtilə ekspeditora cərimə ödəyəcəkdir. 4.2-ci bəndə əsasən ödəniş, çatdırılma həyata keçirildikdən sonra ekspeditorun təqdim etdiyi hesabfaktura və təhvil-təslim aktı əsasında 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir. 28 dekabr 2023-cü il tarixində tərtib edilmiş 132757 və 132755 nömrəli Beynəlxalq qaimələrdən (CMR) görünür ki, müvafiq olaraq 21100 və 21100 kiloqram çəkidə “şişburun” xurma malları Cavabdeh MMC tərəfindən “X3 İnvestment” şirkətinə göndərilmiş, "xxxx" MMC daşıyıcı olaraq qeyd edilmiş, hər üç şirkət həmin qaimələri möhürləyib imzalamışlar. EBEB seriyalı, 569952 nömrəli, xx.xx.2024 tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada ümumilikdə 6205 manat, EBEB seriyalı, 570026 nömrəli, xx.xx.2024 tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada ümumilikdə 5882 manat məbləğində göstərilmiş xidmətlərlə bağlı İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hər iki elektron qaimə üzrə AR-0xx/xx.2023 seriyalı, xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş 323 nömrəli, xx.xx.2024-cü il tarixli hesab fakturada 6205 manat, 324 nömrəli xx.xx.2024-cü il tarixli hesb fakturada 5882 manat həcmində AQRO RETEMS” MMC-tərəfindən ödəniləcək məbləğ qeyd edilmişdir. “mailto:elvin.sadigov@agroretems.comElektron ünvan 1” adlı istifadəçi tərəfindən “mailto:n.oruc@silkroute.azElektron ünvan 3” adlı istifadəçi arasında olan danışıqlarda 2 daşınmanın ödənişi ilə bağlı 77FJ301 99ZG307 nömrəli nəqliyyat vasitəsində aparılan yük yolda dondurulduğundan yükün alıcı tərəfindən qəbul edilmədiyi, yükün utilizasiya edildiyi, alıcı tərəfindən cərimə olunduğu qeyd edilmiş, cərimə aktı ilə ofisdə tanış oluna biləcəyi qeyd edilmişdir. Eyni zamanda “mailto:n.oruc@silkroute.azElektron ünvan 3”, “mailto:elvin.sadigov@agroretems.comElektron ünvan 1”, “mailto:j.manafov@silkroute.azElektron ünvan 13” adlı istifadəçilər arasında aparılmış işgüzar yazışmalarda “.... göndərilmiş inspeksiya reportunda olduğu kimi 1.7% “отход” göstərilib və donma haqqında nə report sənədində nə də ki, bu “претензия” sənədində heç nə qeyd olunmayıb”. “Arviay SC” tərəfindən Cavabdeh MMC-yə göndərilmiş məlumat məktubunda qeyd edilmişdir ki, 77JF301/99ZG307 nömrəli sifariş əsasında 1 kq xurma şiş burun Azərbaycan MP-nin tam utilizasiyasını təsdiq edirik. Utilizasiyanın səbəbi- yükün Boqorodsk HAB-na daşınması zamanı xurmanın aşağı temperaturdan zədələnməsi nəticəsində malın seçilib ayrılmasından sonra “tullantı” göstəricisi üzrə kateqoriyanın normanı aşması. Maşın anbara xx.xx.2023-cü il tarixində çatıb, miqdar və keyfiyyət üzrə təhvil-təslim xx.xx.2023cü il tarixində aparılıb. Mala baxış nəticəsində şirkətin müfəttişləri tərəfindən temperatur rejiminin pozulması aşkar olunub ki, bunu da X-Sense sensorlarınm göstəriciləri təsdiq edib. Pulpada malın temperaturu - 2,4C; - 1,5C; 2,1 C. Malın keyfiyyət göstəriciləri yolverilən həddə olub, lakin temperatur rejiminin uzunmüddətli kənaraçıxması partiya üzrə “qaytarılma” statusunun təyin edilməsinə səbəb olub, çünki bu müqavilə şərtlərinin kobud pozuntusudur. KA ilə danışıqlar zamanı bizim tərəfimizdən Partiyadan donmuş xurmanın bir hissəsinin seçilib götürülməsi məqsədi ilə malın seçilib ayrılmasının yerinə yetirilməsinə icazə verilməsi haqqında qərar qəbul edilib. Seçilib ayrılma nəticəsində malın keyfiyyətinin təkrar təftişi aparılıb və “tullantı” kateqoriyası üzrə faizlər X5 TS-nin keyfiyyət standartlarının yolverilən normalarından artıq olub. Ekspertin rəyi — “yükün daşınması nəticəsində malın aşağı temperaturdan zədələnməsi”. Nəticədə xurmanın tam utilizasiyası yerinə yetirilmiş və şirkətin gömrük rüsumları ilə bütün xərcləri, malın tədarük edilməməsinə görə cərimə, utilizasiya proseduru və s. xərcləri sonradan Tədarükçü AGRO Retems MMC-nin ünvanına göndərilib. “RVİ (X1)” şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş müqavilə öhədliklərinin lazımınca icra edilməməsi ilə bağlı məktubda ümumilikdə 38497,81 ABŞ dolları məbləğində borcun üç gün ərzində ödənilməsi tələb edilmişdir. 06 aprel 2024-cü il tarixli 323/24 saylı 77JF301/99ZG307 nörməli və 06 aprel 2024cü il tarixli 324/24 saylı 77/LE306/99YD306 nömrəli sifariş üzrə yerinə yetirilmiş işlərin təhvil-təslim aktı birtərəfli qaydada İddiaçı tərəfindən təsdiq edilərək, möhürlənmişdir. 23 yanvar 2024-cü il tarixli utilizasiya aktından “şişburun xurma” mallarının utilizasiyasının aparılması qeyd edilir. 27 dekabr 2023-09 yanvar 2024-cü il tarixlərini əhatə edən soyuducu məlumatlarından məlum olur ki, həmin dövr üzrə saxlama tempraturu 1 dərəcə olaraq müəyyən edilmiş, soyuducunun tempratur göstəricisi isə həmin dövr aralığında cüzi dəymişmişdir. “X5 Group” şirkəti tərəfindən tərtib edilmiş aktda 99ZG307 nömrəli sifarişin 09 yanvar 2024-cü il tarixində açıldığı, həmin malların 93.1%-nin yararlı olduğu, 1.7%-nin tullantı, 5.2%-nin isə ikinci kateqoriya olması qeyd edilmişdir. Həmçinin partiyanın kafi vəziyyətdə olduğu, tulantıda kiflənmə, çürümə əlamətləri olduğu qeyd edilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəyə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1 və 398.2-ci maddələrinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 404.1-ci madddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 853.1 və 853.1.6-cı maddələrinə əsasən xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri barədə məlumatlar yük göndərən tərəfindən daşıyıcıya dəqiq göstərilməlidir. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2-ci maddəsinə əsasən qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. 856.1-ci maddəsinə əsasən nə qədər ki yük hələ daşıyıcıdadır, yük göndərənin daşıyıcıya onun xərcləri və zərərləri üçün kompensasiya ödəyərək, yükü geri qəbul etmək və ya çatdırma yerini və yük alanı dəyişdirmək hüququ vardır. Bu müddəalar aşağıdakı hallarda tətbiq edilmir: 856.1.1. yük daşınması müqaviləsində və ya qaimədə yükə dair sərəncam verməyə yalnız yük alanın ixtiyarının çatdığı müəyyənləşdirildikdə; 856.1.2. qaimənin birinci nüsxəsi yük alana verildikdə; 856.1.3. yük təyinat yerinə gəldikdən sonra yük alan yükün çatdırılmasını tələb etdikdə və ya daşıyıcı qaimənin ikinci nüsxəsini yük alana verdikdə; 856.1.4. yük göndərən yükün alınması barədə daşıyıcıdan qəbz aldıqda və onu qaytara bilmədikdə. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında ekspeditor xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. İlkin iddia üzrə iddiaçı daşıyıcı vasitəsilə ilkin iddia üzrə cavabdehin sifarişləri əsasında iki yük maşınında olan malları daşımış, həmin yük maşınlarını yük alana təhvil verilmişdir. İşin mübahisəsiz halları bunlardan ibarətdir ki, **-LE-***/**-YD-*** və **-JF-***/**- ZG-*** dövlət nömrə nişanlı qoşqulu yük maşınları ilə mallar razılaşdırılmış ünvana çatdırılmış və təhvil verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə ilkin iddia tələbində qeyd edilən xx.xx.2023 tarixli AR 0xx/xx.2023 nömrəli “Ekspeditor xidmətlərinə dair” müqaviləyə əsasən yaranmış 12087 manat borcun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi əsas borc hissəsində öz təsdiqini tapır. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12087 manat borcun ödənilməsi ilə bağlı elektron qaimə göndərilmiş, lalkin həmin elektron qaimə ödənilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf müqavilə üzrə ödənişin aparılmamasını həyata keçirilmiş iki daşınmadan 77FJ301 99ZG307 nömrəli nəqliyyat vasitəsində aparılan yükün yolda donması ilə əlaqəndirsə də məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından aydındır ki, müqavilə üzrə iki- 323/24 saylı 77JF301/99ZG307 nörməli və 06 aprel 2024-cü il tarixli 324/24 saylı 77/LE306/99YD306 nömrəli sifarişlər yerinə yetirilmişdir. Cavabdeh tərəf isə sadəcə olaraq 77JF301/99ZG307 nömrəli yük vasitəsilə aparılan malların keyfiyyətini mübahisələndirmişdir. Bu baxımdan cavabdeh mübahisələndirmədiyi üçün, 323 saylı, xx.xx.2024-cü il tarixli sifariş üzrə 6205 manat ödənişi hər bir halda ödənməlidir. Məhkəmə malların keyfiyyətinin mübahisələndirildiyi daşınma bağlı isə qeyd edir ki, məhkəmə araşdırması zamanı yola salınan malların vaxtında ünvana çatdırılması, təhvil verilməsi öz təsdiqini tapmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatından məlum olur ki, hazırda daşınma sahəsində təşəkkül tapmış işgüar adətə və praktikaya əsasən daşınan mallar təhvil verilərkən hər hansı qüsur aşkar olunduqda yük alan həmin malın qəbulundan tam və ya qismən imtina edərək geri qaytarır. Bundan başqa cavabdehin özü tərəfindən təqdim olunmuş, yük alan "xxxx" şirkəti tərəfindən tərtib edilmiş “Keyfiyyət yoxlama hesabatı”ndan məlum olur ki, tövsiyyə olunan temperatur 0 +2 dərəcə olduğu halda, daşınan mallar -0,1-dən +1,2 dərəcə aralığında daşınmış, bu barədə fotoşəkillər hesabata əlavə edilmişdir. Həmçinin həmin fotoşəkillərdə daşınmış malların yük alan tərəfindən anbara yığıldığı öz əksini tapmışdır. Bu isə malların yük alan tərəfindən təhvil alınaraq anbara yığıldığını təsdiq edir. Eyni zamanda Beynəlxalq qaimələr yük göndərən "xxxx" MMC və daşıyıcı "xxxx" ilə yanaşı, yük alan “X2 İnvestment” Şirkəti tərəfindən imzalanmış, malda qüsurların olması barədə heç bir qeyd aparılmamışdır. Bütün bunlar daşınmanın qüsursuz həyata keçirildiyini, malların yük alan tərəfindən qəbul edildiyini göstərir. Məhkəmə çatdırılmış malların utilizasiyası ilə bağlı qeyd edir ki, utilizasiya prosesi daşıyıcı şirkətin iştirakı olmadan, mallar təhvil verildikdən sonra həyata keçirilmiş, hətta yük göndərən özü də iştirak etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılan yüklərin daşınmasının həyata keçirildiyi soyuducunun məlumatlarından malların nəzərdə tutulmuş tempraturda daşınması öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh tərəf malların xüsusi şərtlərlə daşınması, bununla bağlı qarşı tərəfi məlumatlandırması barədə məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa yük alanın tərtib etdiyi hesabatda malların tullantı hissəsinin kiflənmə və çürümə olduğu qeyd edilmişdir ki, bu da iddiaçının daşıdığı -0,1 ilə +1,2 dərəcə aralığından əməl gələ bilməzdi. Çünki ilk növbədə kif göbələyinin əmələ gəlməsi üçün rütübətli şərait lazımdır, ikincisi isə çox isti və ya çox soyuq şərait olmalıdır ki, kif əmələ gəlsin və meyvə çürüsün. Lakin göründüyü kimi iddiaçının malları daşıdığı temperatur nə çox isti, nə də çox soyuq temperatur olmamış, qida məhsullarının, o cümlədən xurmanın təzə saxlamaq üçün uyğun olmuşdur. Həmçinin, əgər mallar rütübətli şəraitdə daşınmış olsa idi, o zaman, cəmi 1,7% deyil, daha çox mallar kiflənmiş və çürümüş olardı. Bu isə malların kiflənməsi və çürüməsinin daşınmadan öncəki saxlanma şəraiti ilə əlaqəli olduğunu, təbii proses nəticəsində mümkün xarab olmasını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının əsas borcun ödənilməsi barədə tələbi tam olaraq sübuta yetirilmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı 1200 manat dəbbə pulu ödənilməsini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə ödənişin gecikdirilməsi ilə bağlı cərimə məbləğinin tutulması tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda, cavabdeh tərəfindən borcun vaxtında ödənilməməsi də işin halları ilə tam sübuta yetirilmişdir. Lakin məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 600 manat məblığində müəyyən olunmalıdır. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 400 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa cavabdeh qarşılıqlı iddia ərziəsi ilə məhkəməyə müraciət edərək 33297 ABŞ Dolları (56604,90 manat) pul vəsaitinin İddiaçı MMC-dən tutularaq ona ödənilməsini də tələb etmişdir. Cavabdeh qarşılıqlı iddianı və ilkin iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, malların təhvil verildiyi şirkət ödəniş etməkdən imtina etmiş, eyni zamanda utilizasiya edilmiş mallarla bağlı ona xəbərdarlığın göndərilməsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin malların çatdırıldığı şirkətlə bağlı müqavilə münasibətlərinin onun hazırki iş üzrə iddiaçı ilə müqavilə münasibətlərinə aid edilə bilməz. Belə ki, tərəflər arasında müqavilə münasibətlərinə görə ödənişin edilməsindən imtina yalnız o halda əsaslı hesab oluna bilərdi ki, malların daşınması ilə bağlı müqavilə tələbləri pozulmuş olsun, mallar çatdırılmasın və ya daşıyıcı tərəfindən mallar zədələnsin və ya yararsız hala salınsın. Həmin hallar isə öz təsdiqini tapmadığından qarşılıqlı iddia tələbi əsassız hesab edilməlidir. Bundan başqa 2 yük avtomobili ilə daşınmış 42200 kq. mallardan bir yük avtomobilində olan 21100 kq. malın cəmi 1,7%-nin tulantı olmasına görə yük alan “X3 İnvestment” şirkətinin həmin malların hamısından imina etməsi də inandırıcı görsənmir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işdə qarşılıqlı iddiaya tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, qarşılıqlı iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə ilkin iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən ilkin iddia üzrə dövlət rüsumunun 132 manatının əvəzi alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (AR Group Company müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdehndən müqavilə üzrə 12087 (on iki min səksən yeddi) manat borc, 200 (iki yüz) manat hüquqi yardım haqqı, 600 (altı yüz) manat dəbbə pulu, 400 (dörd yüz) manat gecikməyə görə zərər haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh İddiaçınə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar