Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5118/2023 30.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X4 Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı və icarə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, icarə müqaviləsi, sübutetmə vəzifəsi, tərəfin izahatı sübut növü kimi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X4 Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı və icarə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" X4 Cəmiyyəti ("xxxx" ATSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 14 avqust 2020-ci il tarixli alqısatqı müqaviləsi, 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsi və 02 dekabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə ümumilikdə 50818,33 manat borc və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən "xxxx" ATSC, alıcı kimi çıxış edən Cavabdeh sözügedən müqavilədə göstərilən malı satmağı, alıcı isə aldığı həmin malları qəbul etməyi, bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehə cəmi 60078,33 manat məbləğində içkilər satılmışdır. Qeyd edilən müqaviləyə görə mal alındıqdan sonra alıcı tərəfindən malın dəyəri 5 iş günü müddətində satıcının hesabına ödənilməlidir. 2.2. Hazırkı vaxtadək cavabdeh tərəfindən adıçəkilən müqavilə üzrə satılan məhsulların dəyərinin 9260 manatı məbləğində olan hissəsi ödənilsə də, satılmış malların dəyərinin qalan hissəsi ödənilməmiş qalmışdır. 2.3. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən, ümumi sahəsi 35,0 kv.m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 110 manat məbləğində müəyyənləşdirilməklə cavabdehin müddətli icarəsinə verilmişdir. Eyni zamanda cavabdehlə bağlanmış 02 dekabr 2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən iddiaçıya məxsus “Hyundai” markalı 90JX436 dövlət qeydiyyat nişanlı avtomobil də aylıq icarə haqqı 150 manat məbləğində müəyyənləşdirilməklə cavabdehə icarəyə verilmişdir. 2.4. Hazırkı vaxtadək cavabdeh tərəfindən sözügedən icarə müqavilələri üzrə yaranmış 1560 manat borcun 260 manatı ödənilsə də, qalan 1300 manat hissəsi ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 399, 430, 445, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehə 14 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 97500 manat dəyərində məhsul verilməsi nəzərdə tutulsa da, 58518,4 manat dəyərində mal təqdim edilmişdir. Həmin malların dəyərindən 9000 manat ödənilmişdir. Bununla yanaşı 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsi və 02 dekabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə nəqliyyat vasitəsi icarəyə verilmiş, 2021-ci ilin may ayınadək icarə obyektlərindən istifadə edilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh tərəfindən hər hansı məhsul iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda iddia ərizəsində texniki yanlışlıq nəticəsində alqı-satqı müqaviləsi üzrə təhvil verilən məhsulların ümumi dəyərinin 60078,33 manat olduğu göstərilmiş, bu zaman icarə müqaviləsi üzrə ödənilməli məbləğlər də əlavə edilmişdir. Ümumilikdə 58518,4 manat dəyərində mal təqdim edilmiş, 1560 manat icarə haqqı hesablanmış, cavabdeh 9000 manat malın dəyərindən, 260 manat icarə haqqlarından ödəniş etmişdir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz etdi və qeyd etdi ki, tanışı vasitəsilə iddiaçı ilə münasibət qurmuş, müxtəlif adda məhsullar almış, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi icarəyə götürmüşdür. O, məhsullar üzərinə hər hansı haqq qoymadan müxtəlif mağazalara təhvil vermişdir. Belə ki, iddiaçı ona gələcəkdə rəhbərlikdə təmsil olunacağını vəd etmiş, cavabdeh də iddiaçının mallarını ölkə üzrə tanıtmaq üçün hər hansı əlavə haqq almadan paylamışdır. Lakin sonradan məhsulların bir qismini qaytarmış, bir qisminin dəyərini ödəmişdir (9260 manat). Həmçinin malların satışından əldə olunan gəlirlərin bir hissəsi də nəqliyyat vasitəsinin və qeyriyaşayış sahəsinin təmir xərclərinə, sürücülərin əmək haqqına və s. sərf olunmuşdur.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh tərəflər arasında 14 avqust 2020ci il tarixli alqı-satqı müqaviləsi, 01 dekabr və 02 dekabr 2020-ci il tarixli icarə müqavilələrinin bağlandığını qəbul etmiş, iddia edilən məhsulları aldığını etiraf etmiş, lakin iddiaçıya məhsulların bir hissəsini qaytardığını göstərmiş, bu zaman hər hansı sənəd tərtib edilmədiyini bildirmişdir.
9. Cavabdeh sonuncu məhkəmə iclasında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
14. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
15. Məhkəmə sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi zamanı həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
16. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ayrı-ayrı müqavilələrdən (alqı-satqı və icarə müqavilələri) irəli gəldiyindən hər bir müqavilə üzrə tələblər ayrı-ayrılıqda qiymətləndirilməklə məhkəmənin qəti mövqeyi şərh olunmalıdır.
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
17. İddia ərizəsinə əlavə olunmuş 14 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin (iddiaçı satıcı qismində, cavabdeh alıcı qismində) şərtlərindən görünür ki, hazırkı müqaviləyə əsasən satıcı adı, markası, miqdarı və qiyməti bu müqavilənin müvafiq bəndlərində göstərilən malı alıcıya satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin şərtlərinə uyğun ödənişi həyata keçirir (1.1). Malın adı, miqdarı, qiyməti və məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi olan, müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunur (2.1). Bu müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolunda göstərilmiş malın dəyəri alıcı tərəfindən mal alındıqdan sonra 5 iş günü müddətində satıcının hesabına ödənilir (3.1).
18. Adıçəkilən müqaviləyə xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, ümumilikdə 97500 manat dəyərində məhsulun adı, ölçü vahidi və qiyməti ilə bağlı razılıq əldə olunmuşdur.
19. Məhkəməyə təqdim edilən elektron-qaimə fakturalardan görünür ki, xx.xx.2020ci il tarixli EBAN 910789 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 4311 manat, xx.xx.2020-ci il tarixli EBAP 592144 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 3024 manat, xx.xx.2020-ci il tarixli EBAP 780657 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 3510 manat, xx.xx.2020-ci il tarixli EBAR 804164 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 2072 manat, xx.xx.2020-ci il tarixli EBAS 533337 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1512 manat, xx.xx.2020-ci il tarixli EBAS 538021 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 2576,58 manat, xx.xx.2020-ci il tarixli EBAS 887382 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 2693,04 manat, xx.xx.2020-ci il tarixli EBAT 150638 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 3070,4 manat, xx.xx.2020-ci il tarixli EBAT 152002 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1693,56 manat, xx.xx.2020-ci il tarixli EBAT 342855 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1416,64 manat, xx.xx.2020-ci il tarixli EBAT 717575 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 5085,88 manat, xx.xx.2020-ci il tarixli EBAV 498215 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 2175,8 manat, xx.xx.2021-ci il tarixli EBAV 952852 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1108,96 manat, xx.xx.2021-ci il tarixli EBAW 253848 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1849,54 manat, xx.xx.2021-ci il tarixli EBAW 382931 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1421,36 manat, xx.xx.2021-ci il tarixli EBAW 590266 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1811,7 manat, xx.xx.2021-ci il tarixli EBAW 649445 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1228,08 manat, xx.xx.2021-ci il tarixli EBAW 839622 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1857,8 manat, xx.xx.2021-ci il tarixli EBAX 000015 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1710,42 manat, xx.xx.2021-ci il tarixli EBAX 127868 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1743,9 manat, xx.xx.2021-ci il tarixli EBAX 261183 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 975,58 manat, xx.xx.2021-ci il tarixli EBAX 456892 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1770,9 manat, xx.xx.2021-ci il tarixli EBAX 774693 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1765,54 manat, xx.xx.2021-ci il tarixli EBAY 461480 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 4904,62 manat, xx.xx.2021-ci il tarixli EBAZ 020323 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 3229,1 manat olmaqla ümumilikdə 58519,4 manat məbləğində məhsulun təhvil verilməsi rəsmiləşdirilmişdir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 14 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış miqdarda, çeşiddə və qiymətdə malları cavabdehə satmağı, cavabdeh isə bu malların dəyərini təhvil aldıqdan sonra 5 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2020 – xx.xx.2021-ci il tarixlərində cavabdehə ümumilikdə 58519,4 manat dəyərində müxtəlif içki məhsullarını təhvil vermişdir.
21. İddiaçı alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən 9000 manat ödəniş edildiyini bildirir və verilmiş malların qalıq dəyəri olan 49518,33 manat pulun ödənilməsini tələb edir.
22. Cavabdeh 14 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 58519,4 manat dəyərində mal təhvil aldığını etiraf edir, 9000 manat ödəniş etdiyini qəbul edir, lakin məhsulların bir hissəsini qaytardığını qeyd edərək iddiaya etiraz edir.
23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.1-ci bəndi ilə malın dəyərinin alıcı tərəfindən mal alındıqdan sonra 5 iş günü müddətində satıcının hesabına ödənilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edir və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. Hazırkı iş üzrə cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
33. Eyni zamandan mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
34. Lakin məhkəmə nəzərə alır ki, cavabdehə etirazının əsasını (malların bir hissəsinin cavabdehə qaytarılması ilə bağlı) təşkil edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş, məhkəmənin hazırlıq iclası təxirə salınmışdır. Cavabdeh ikinci hazırlıq iclasında məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmənin baxış iclasında isə iştirak etməmişdir.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
39. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 49518,33 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ATSC-yə ödənilməlidir.
b) İcarə müqavilələri üzrə borcun tutulması tələbi ilə bağlı
41. İddia ərizəsinə əlavə edilmiş 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin (iddiaçı icarədar, cavabdeh icarəçi qismində) şərtlərindən görünür ki, icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m təşkil edən “Baklı Şərab-1” ATSC-nin balansında olan qeyriyaşayış sahəsini icarəçiyə müvəqqəti istifadə üçün icarəyə verir (1-ci bənd). İcarəyə verilmiş sahə tamamilə icarədarın mülkiyyətidir (2-ci bənd). İcarəçi icarəyə verilən sahəni qəbul edir və müqavilə bağlanan andan icarədara icarə haqqı ödəməlidir (3-cü bənd). İcarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 110 manat müəyyən edilir (4-cü bənd). İcarəçi aylıq icarə haqqını hər cari ayın 10-dək ödəməlidir. Aylıq icarə haqqı vaxtında ödənilmədikdə hər gecikdirilən gün üçün 0,5% penya ödənilməlidir (5-ci bənd). İcarə haqqı köçürmə və ya nağd yolla ödənilir (6-cı bənd).
42. 02 dekabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin (iddiaçı icarədar, cavabdeh icarəçi qismində) şərtlərindən görünür ki, icarədar ona məxsus olan aşağıda göstəriciləri qeyd olunan avtomobili icarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi avtomobilin istifadəsinə görə icarə haqqını ödəyir: avtomobilin markası “Hyundai”; dövlət qeydiyyat nişanı **-JX-*** (1.1). Avtomobilin icarə qiyməti tərəflərin razılığı ilə hər ay 150 manat təşkil edir (2.1). İcarəçi 2.1-ci bəndə göstərilən məbləği nağd və ya köçürmə şəklində icarədara ödəyir (2.2).
43. Məhkəməyə təqdim edilən elektron-qaimə fakturalardan (dəyərinin ödənilməsi tələb olunan) görünür ki, 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2020ci il tarixli EBAV 192471 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBAW 288534 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBAX 779838 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 829436 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 112075 seriya və nömrəli elektron qaimələr üzrə ƏDV daxil olmaqla 110 manat cəmi 550 manat icarə haqqı üçün, 02 dekabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli EBAW 288533 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBAX 779837 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 829435 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 112070 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBB 440836 seriya və nömrəli elektron qaimələr üzrə ƏDV daxil olmaqla 150 manat ümumilikdə 750 manat icarə haqqı üçün rəsmiləşdirilmişdir.
44. İş materiallarına əlavə edilən xx.xx.2020 – xx.xx.2022-ci il tarixlərini əhatə edən 62.2 nömrəli hesabın kartından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər iki müqavilə üzrə ümumilikdə 1560 manat məbləğində icarə haqqı hesablanmış, cəmi 260 manat ödəniş edilmişdir.
45. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 və 02 dekabr 2020-ci il tarixli icarə müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus müvafiq olaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m təşkil edən qeyri-yaşayış sahəsini və “Hyundai” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə üçün cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin qeyriyaşayış sahəsini və nəqliyyat vasitəsini icarəyə qəbul etməyi və şərtləşdirilmiş icarə haqqını (əmlak üçün aylıq 110 manat, avtomobil üçün aylıq 150 manat) iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcarə münasibətləri üzrə xx.xx.2020 – xx.xx.2021-ci il tarixlərini əhatə etməklə 6 ay üçün icarə haqqı hesablanmış, cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 260 manat haqq ödəmişdir.
46. İddiaçı icarə müqavilələrinə əsasən cavabdeh tərəfindən ümumilikdə 260 manat ödəniş edildiyini bildirir və qalıq icarə haqqı kimi 1300 manat pulun cavabdehdən tutulmasını tələb edir.
47. Cavabdeh icarə obyektlərindən istifadə etdiyini etiraf edir, 260 manat ödəniş etdiyini qəbul edir, nəqliyyat vasitəsinin təmirinə və icarə obyektinə xərc çəkdiyini bildirir.
48. Məhkəmə əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
49. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
50. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
51. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
52. Hazırkı iş üzrə iddiaçının cavabdehdən icarə haqqının ödənilməsi tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
53. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirmiş, cavabdeh icarə müqavilələri üzrə borcunun olmamasını və ya icarə haqqının tam ödənildiyini tutarlı dəlillərlə inkar edə bilməmişdir.
54. Məhkəmə cavabdehin icarə obyektinə çəkdiyi xərclərlə bağlı etirazının əsası kimi bildirdiyi hallarla bağlı qeyd edir ki, qeyd olunan xərclərin icarəçinin çəkdiyi zəruri məsrəflər olduğu, həmin xərclərin çəkildiyi cavabdeh tərəfindən sübuta yetirildiyi və öhdəliklərin əvəzləşdirilməsinin qanunvericilikdə qeyd olunan əsasları mövcud olduğu halda, belə bir əsasdan çıxış edərək cavabdeh bu hissədə tələbə cavab verməkdən azad ola bilərdi, lakin hazırkı işdə qeyd olunan əsaslar müəyyən olunmur.
55. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarını (bax §12-14, 32-33) və yuxarıda qeyd edilən maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə 550 manat, 02 dekabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 750 manat olmaqla ümumilikdə 1300 manat məbləğində icarə haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ATSC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
56. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
57. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01785 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mediasiya sessiyalarında iştirak etmiş, mediasiya prosesinin davam etdirilməsinə razılıq verilməmiş, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
58. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
59. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
60. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
61. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ATSC-yə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 49518 (qırx doqquz min beş yüz on səkkiz) manat 33 (otuz üç) qəpik, 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsi və 02 dekabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 1300 (bir min üç yüz) manat olmaqla ümumilikdə 50818 (əlli min səkkiz yüz on səkkiz) manat 33 (otuz üç) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" X4 Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" X4 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova