Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-512/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı və əvəzsiz istifadə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, əvəzsiz istifadə müqaviləsi, əşyanın üçüncü şəxsə verilməsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı və əvəzsiz istifadə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 1918,87 manat, xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun soyuducu dəyərinin iki misli – 3000 ABŞ dolları məbləğində pulun və 100 manat mediasiya xərcinin, 120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici – spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərində **********, ********** və ********** nömrəli malların təhvil-qəbul aktları əsasında ümumilikdə 2431,96 manat məbləğində spirtsiz içkilər təhvil verilmiş, hazırkı vəziyyətdə iddiaçının 1918,87 manat ödənilməmiş borcu qalmışdır. 2.2. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun olaraq isə dəyəri 1500 ABŞ dolları olan 1 ədəd “DDVC” tipli soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə sonuncuya əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Adıçəkilən müqaviləyə əsasən, müqavilənin xitamı haqqında iddiaçı (istifadəyə verən) tələb irəli sürdükdə, cavabdeh (istifadəçi) əmlakın köhnəlmə dərəcəsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, cavabdeh əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. 2.3. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi də cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 732, 736-cı və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndə və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən hesab-faktura əsasında təhvil verilmiş 2431,96 manat dəyərində məhsuldan yalnız 513,09 manat ödəniş edilmiş, 1918,87 manat borc isə ödənilməmişdir. xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinə əsasən təhvil verilmiş soyuducu isə, müqavilə ləğv edilsə də, qaytarılmamışdır. Belə olan halda, həmin müqavilənin 2.2.7-ci bəndinə uyğun olaraq soyuducunun dəyərinin 2 misli, yəni 3000 ABŞ dolları tələb edilir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etdi ki, müqavilə tərəfi hazırkı cavabdeh olduğundan soyuducunun qaytarılması da məhz ondan tələb edilmişdir.
7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, hər iki müqavilə onun tərəfindən imzalansa da, sahibkarlıq fəaliyyətini onun adından faktiki olaraq həyat yoldaşı həyata keçirmiş, hazırda isə o, vəfat etmişdir. 2022-ci ilin noyabr ayında həyat yoldaşı şəriki ilə birlikdə mağazanı və içindəki məhsulları Zülfüqar adlı şəxsə satmış, bu zaman sonuncuya xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi üzrə iddiaçıdan təhvil alınmış soyuducu da verilmişdir, amma soyuducunun iddiaçının mülkiyyətində olduğu barədə alıcı məlumatlı olmuşdur. Lakin hazırda soyuducu mövcud deyildir, Zülfüqar adlı şəxs soyuducunu satdığını göstərir və geri qaytarmaqdan imtina edir.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etdi ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1918,87 manat borcu qəbul edir, hissə-hissə ödəniş ediləcəkdir. Lakin soyuducunun dəyərinin iki mislinin tələb edilməsi düzgün deyildir. Belə ki, əvvəla, soyuducu hazırda onda deyildir, üçüncü şəxs tərəfindən satılmışdır. Digər tərəfdən, soyuducu istifadə nəticəsində təbii aşınmaya məruz qalmışdır, ilkin dəyəri amortizasiya nəticəsində azalmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Hazırkı tələb üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 19 aprel 2018-ci il tarixli məhsulların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları əsasında cavabdehə ümumilikdə 2431,96 manat məbləğində müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkilər təhvil vermişdir və cavabdeh tərəfindən həmin mallar üzrə ümumilikdə 513,09 manat ödəniş edilmişdir.
13. İddiaçı adıçəkilən alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 1918,87 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
14. Cavabdeh borc məbləğini qəbul edir, lakin maddi çətinliklə bağlı ödənişləri həyata keçirə bilmədiyini bildirir.
15. Məhkəmə, əvvəla, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi ilə alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışının mümkünlüyünün şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
23. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
24. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində təmin olunmalı, 1918,87 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Əvəzsiz istifadə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
25. İddia ərizəsində iddiaçı həmçinin xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun soyuducu dəyərinin iki misli – 3000 ABŞ dollarının cavabdehdən tutulmasını xahiş edir.
26. Hazırkı tələb üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (istifadəyə verən qismində) ilə cavabdeh (istifadəçi qismində) arasında xx.xx.2018-ci il tarixli 15356 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqavilə üzrə iddiaçı “DDVC 1200” markalı, dəyəri 1500 ABŞ dolları olan 1 ədəd soyuducunu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilən məhsulların sərinləşdirilib satılması üçün cavabdehə əvəzsiz istifadəyə verməyi, cavabdeh isə həmin əmlakı qaytarmağı öz öhdəsinə götürmüşdür. Adıçəkilən soyuducu cavabdeh tərəfindən təhvil alınmış, iddiaçı həmin müqaviləyə birtərəfli qaydada xitam vermiş və soyuducunun üç gün müddətində qaytarılmasını tələb etmiş, adıçəkilən tələbi əks etdirən məktub xx.xx.2023cü il tarixdə poçt rabitəsi, xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə cavabdeh tərəfindən qəbul edilmiş, lakin soyuducu qaytarılmamışdır.
27. Cavabdeh müvafiq hissədə iddiaya etiraz edir və bildirir ki, soyuducu 2022-ci ilin noyabr ayında mağaza, içindəki məhsullarla birlikdə satılarkən Zülfüqar adlı şəxsə verilmiş, lakin sonuncuya soyuducunun iddiaçıya məxsus olduğu bildirilmişdir. Hazırda həmin şəxs soyuducunu satmışdır və bu səbəbdən də soyuducu iddiaçıya qaytarıla bilmir.
28. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. Cavabdehin təqdim etdiyi Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin təhqiqatçısı X3 07 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək icarəyə verdiyi mağazadan Baba adlı şəxsin 2 ədəd soyuducunu oğurlaması barədə məlumat vermiş, araşdırma zamanı Cavabdeh ərizə və izahat verərək, təxminən 3-4 il müddətinə ünvan 1 ünvanında yerləşən “Darı Kubani” mağazasını icarəyə götürdüyünü, 2022-ci ilin dekabr ayında isə mağazaya aid biznesi içərisindəki əşyalarla birlikdə Baba ləqəbli Zülfüqar adlı şəxsə 30000 manat məbləğində pul müqabilində satdığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Zülfüqar mağazanı təhvil verib və mağazada olan “Coca-Cola” şirkətinə məxsus iki ədəd soyuducunu satıb. Eyni zamanda qeyd etmişdir ki, mağazaya aid biznesi Zülfüqara içərisindəki əşyalarla birlikdə satanda sonuncuya iki ədəd soyuducunun “Coca-Cola” şirkətinə məxsus olduğunu qeyd etmişdir. Təhqiqat araşdırması dövründə X4 izahat verərək, 2022-ci ilin dekabr ayında Cavabdeh ünvan 1 ünvanında yerləşən “Darı Kubani” mağazasına aid biznesi içərisindəki əşyalarla birlikdə satın aldığını bildirmiş, sonradan qazanc olmadığına görə içərisindəki əşyaları satdığını, mağazanı isə sahibinə geri qaytardığını göstərmişdir. H.Zülfüqar izahatında biznesi satın aldığı zaman içindəki bütün əşyalarla birlikdə, həmçinin “Coca-Cola” şirkətinə məxsus soyuducularla birlikdə aldığını bildirmişdir.
30. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə verilmiş “DDVC 1200” markalı soyuducu hazırda cavabdehin istifadəsində deyil, sonuncu tərəfindən X2 verilmişdir.
31. Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
32. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
33. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
34. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.
35. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə istifadəyə verən tərəfindən əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.
36. Mülki qanunvericiliyin əvəzsiz istifadə barədə müddəalarından da aydın olur ki, kirayə müddəti müəyyənləşdirilməyibsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə də müqavilənin müddətinin əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədə olması razılaşdırılmışdır. Qanunvericiliyin tələbinə əsasən əvəzsiz istifadə müqaviləsi ləğv edilərkən əşya qaytarılmalıdır. Digər tərəfdən, kirayəyə verənin icazəsi olmadan kirayəçinin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
37. Eyni yanaşma tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə də təsbit edilmiş, müqavilənin 2.1.6-cı və 2.2.4-cü bəndlərinə əsasən, istifadəyə verilən əmlakın, əmlak sahibinin razılığı olmadan icarəyə verilməsinə və ya hər hansı formada əqdlərin predmeti kimi istifadə edilməsinə, təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrin yaradılmasında pay və başqa formada istifadə edilməsinə yol verilmir. İstifadəyə verilən əmlakın istifadəyə verənin rəsmi razılığı olmadan üçüncü şəxsə verilməsinə, dəyişdirilməsinə, sökülməsinə, rəng dəyişikliyinə və başqa formalarda dəyişiklik edilməsinə, əmtəə görünüşünə xələl gətirəcək hərəkətlərin edilməsinə yol verilmir.
38. Bu mənada cavabdehin soyuducu onda olmadığından hər hansı məsuliyyət daşımaması barədə arqumentləri əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərindən və mülki qanunvericiliyin əvəzsiz istifadə barədə müddəalarından da göründüyü kimi, cavabdehin qeyd edilən soyuducunu nəinki hər hansı üçüncü şəxsə vermək hüququ olmamış, hətta belə bir imkan (hərəkət) qadağan edilmişdir. Lakin cavabdeh həmin öhdəliyi icra etməmiş, soyuducunu üçüncü şəxsin istifadəsinə vermişdir.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə verilmiş “DDVC 1200” markalı soyuducunun qaytarılmaması üçün məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 443.10cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
40. Məhkəmə cavabdehin məsuliyyətinin həcmi barədə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
41. xx.xx.2018-ci il tarixli müqavilənin 2.1.7-ci bəndinə əsasən, istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi aşkar edildikdə, həmçinin bu Müqavilənin 2.1.2ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyə verənə ödəyir.
42. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən, istifadəyə verən istifadəyə verilən əmlakın istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində istifadəçi tərəfindən əmlak geri qaytarılmadıqda və ya 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyə verənin əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır.
43. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir.
44. Göründüyü kimi, tərəflər müqavilədə soyuducunun qaytarılmaması halında iddiaçının əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququnu şərtləşdirmişdir.
45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir.
47. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
48. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
49. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, müqavilə rejimindən asılı olaraq öhdəliyin icra edilməməsi halında tərəflər yalnız zərərin, yalnız dəbbə pulunun və ya hər ikisinin tutulması imkanını razılaşdıra bilərlər. Belə olan halda, zərər və dəbbə pulunun nisbəti də məhz tərəflərin razılığından asılı olacaqdır.
50. Qeyd edilən normaların hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, tərəflər öhdəliyin icra edilməməsi, başqa sözlə əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılmaması halında dəbbə pulunun ödənilməsini nəzərdə tutmuş, cərimənin dəymiş zərərdən artıq olma imkanını razılaşdırmışlar.
51. Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
52. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
53. Məhkəmə qeyd edir ki, cavabdeh həm əmlakı müqavilə üzrə öhdəliklərini pozaraq üçüncü şəxsə vermiş, həm də müqavilə şərtlərini pozaraq iddiaçıya qaytara bilməmişdir. Nəticə iddiaçı faktiki olaraq əmlakından məhrum olmuşdur. Bu mənada cavabdeh həmin əmlakın köhnəlmə dərəcəsi nəzərə alınmaqla dəyəri həddində məsuliyyət daşımaqla bərabər öhdəliyin icra edilməməsi üçün müqavilədə nəzərdə tutulmuş cərimə formasında digər maddi məsuliyyət də daşıyır.
54. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, “DDVC 1200” markalı soyuducunun dəyərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1800 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
56. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1800 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cərimə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
57. İddiaçı həmçinin 120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı olmaqla 300 manat hüquqi yardım xərcinin, 100 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
58. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18-2023-00899 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
59. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1385 nömrəli müqavilə üzrə 120 manat məbləğində pul vəkil bürosuna ödənilmişdir (1385 nömrəli orderdə əks olunmuş müqavilə).
60. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında 31 mart 2023-cü il tarixli müqavilənin 3.1.4-cü bəndinin a yarımbəndindən görünür ki, mediasiya proseslərində iddiaçının hüquqlarının müdafiəsinin təşkili və mediasiya təşkilatlarında təmsilçilik ilə bağlı hər bir mediasiya prosesi üzrə mediasiya xərci xaric olmaqla 180 manat haqq razılaşdırılmışdır.
61. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
62. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
63. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
64. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
65. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
67. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
68. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 71 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1918 (bir min doqquz yüz on səkkiz) manat 87 (səksən yeddi) qəpik, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 1800 (bir min səkkiz yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 71 (yetmiş bir) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova