Məhkəmə qərarları › İş №e-2-2(113)-5123/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5123/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5123/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1575 manat borcun və mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifirizlər, filtirlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair şifahi müqavilə bağlanmış və cavabdehə nisyə olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək satış məqsədilə 1575 manat dəyərində mal (təkər, akkumluyator, yağ və s.) təhvil verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə imzalamışlar. Müqavilənin 5-ci bəndinə əsasən cavabdeh borclu olduğu 1575 manatı bir ay müddətinə ödəməyi öhdəsinə götürür. Lakin bugünədək cavabdeh tərəfindən borclu olduğu 1575 manat pulu ödəməmiş və ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Eyni zamanda da tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin 11-ci bəndinə əsasən mübahisəyə baxan məhkəmə kimi Bakı Kommersiya Məhkəməsini seçərək razılığa gəlmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrnin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2020-ci il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən Cavabdeh 1575 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı tərəfindən ümumilikdə (ƏDV daxil) 1575 manat dəyərində malların verilməsinə dair EBAY seriyalı 832463 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin:

1. Bu müqavilənin predmetini "Borclu”nın xx.xx.2020-xx.xx.2021-ci il tarixləri müddətində “Tələbkar"dan həmin dövrün satış qiymətinə uyğun olaraq satın aldığı mallara (avtomobil yağlar,akumlyarorlar, filterlər və s.) görə yaranmış 1575 manat (ƏDV daxil) borc pul vəsaitidir.

2. “Borclu” bu müqavilənin 1 -ci bəndində göstərilən min beş yüz yetmiş beş manat borcun həqiqiliyini və yaranma əsasını qəbul edir. Etiraz etmir və mübahisələndirmir.

3. “Tələbkar” bu müqavilənin 1-ci bəndində göstərilən 1575 manat borcun həqiqiliyini və yaranma əsasını qəbul edir. Etiraz etmir və mübahisələndirmir.

4. “Tələbkar”ın bu müqaviləyə əsaslanan iddiasına qarşı “Borclu” başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürə bilməz.

5. “Borclu” 1575 manat borcu ödəməyi öhdəsinə götürür.

6. ödəniş hissə-hissə və tam olaraq, olaraq 1 (bir) ay müddətində həyata keçirilir. Borc “05” iyun 2021-ci ilədək tam ödənilməlidir.

7. Ödəniş tərəflərin qarşılıqlı razılığına əsasən köçürmə yolu ilə həyata keçirilir.

8. Ödənişi təsdiq edən sənəd kimi ödəniş qəbzi əsas götürülür.

9. "Borclu” bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə borcun gecikdirildiyi hər gün üçün gecikdirilmiş ümumi borc məbləğinin 0,1% miqdarında cərimə ödəməlidir.

10. Bu müqavilə üzrə “Borclu" tərəfindən öhdəliklər pozulduğu təqdirdə yaranan mübahisə ilə baälı “Tələbkarın bilavasitə məhkəməyə müraciət etmək hüququ vardır.

11. Tərəflərin (tələbkar və borclu birlikdə) qarşılıqlı razılığına əsasən bu müqavilə ilə yaranan və yarana biləcək mübahisəyə baxan məhkəmə kimi Bakı Kommersiya Məhkəməsi və ya ərazi üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsi razılaşdırılır. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq ünvanlanaraq 1575 manat məbləğində borcun 3 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək çeşidli məhsulları cavabdehə satmışdır. Cavabdeh isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 1575 manat məbləğində borcu yaranmışdır. xx.xx.2021-ci il tarixdə tərəflər mövcud borcun etiraf edilməsi haqqında müqaviləni imzalamış və həmin müqaviləyə əsasən Cavabdeh müxtəlif çeşidli malların təqdim edilməsinə görə İddiaçı MMC-yə 1575 manat məbləğində borcunu olmasını etiraf etmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Belə olan halda məhkəmə cavabdehin mövcud borcun etirafı barədə (mücərrəd) müqaviləyə əsasən iddiaçıya 1575 manat məbləğində borcunun olmasını etiraf etsə də, sözügedən borcu ödəmək öhdəliyini həmin müqavilədə göstərilən müddətdə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1575 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 35,75 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1575 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar