Məhkəmə qərarları › İş №e-2-2(113)-5124/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5124/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5124/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53896,50 manat (əlli üç min səkkiz yüz doxsan altı manat əlli qəpik) əsas borc və borcun gecikdirilməsi ilə bağlı hesablanmış 5390 manat (beş min üç yüz doxsan) gecikmə faizi məbləğinin, həmçinin iddiaçının vəkil xərcləri və məhkəməyə müraciət üçün ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 aprel 2021-ci il tarixli “alqı-satqı” müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavələrdə razılaşdırılacaq miqdarda, çeşiddə, adda və keyfiyyətdə malları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində satılan malları almağı və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli müqaviləyə əsasən iddiaçı xx.xx.2021-ci il tarixində 624685 nömrəli hesab-fakturaya əsasən 22491,50 (iyirmi iki min dörd yüz doxsan bir manat əlli qəpik) manat dəyərində 16 adda 789 qutu, xx.xx.2021-ci il tarixində 043233 nömrəli hesab-fakturaya əsasən 11668 manat (on bir min altı yüz altmış səkkiz) dəyərində 15 adda 410 qutu, xx.xx.2021-ci il tarixində 19736,97 (on doqquz min yeddi yüz otuz altı manat doxsan yeddi qəpik) manat dəyərində 16 adda malı cavabdehə təhvil vermiş və mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Beləliklə, çatdırılmış mallara görə cavabdehin ümumilikdə 53896,50 manat (əlli üç min səkkiz yüz doxsan altı manat əlli qəpik) (müvafiq olaraq, 45674,94 manat əsas və 8221,48 manat ƏDV borcu) borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən mallar üçün ödəniş elektron-qaimə təqdim ediləndən 15 iş günü ərzində həyata keçirilməli olsa da, cavabdeh çatdırılmış mallara görə heç bir ödəniş etməmişdir. Bu səbəblə iddiaçı xx.xx.2021-ci il tarixində borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərsə də, qarşı tərəfdən heç bir cavab ala bilməmişdir. Bundan başqa, qoşmalarda təqdim olunmuş hesab-fakturalara əsasən ödənilməli olan 22491,50 manat (1 il 14 gün gecikdirilmiş), 11667,98 manat (1 il 8 gün gecikdirilmiş), 19736,97 manat (1 il 7 gün gecikdirilmiş) vəsaitlərə görə hər iki il üzrə illik 5% (2695 manat + 2695 manat) gecikdirmə faizi tətbiq olunmaqla, ümumilikdə 5390 manat gecikmə faiz məbləğini də tələb etməkdə iddiaçı haqlıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, rüsum məbləğinin 268 manat olaraq dəqiqləşdirilməsini və vəkil xərclərinin nəzərə alınmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi, mediasiya xərcinin rüsumu əhatə etdiyi hissəsinin cavabdehdən tutulması da daxil olmaqla, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 08/C/AA saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin mövzusunu razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malın satışı təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin üımımi dəyəri təqdim olunan qaimə-faktura (e-qaimə) əsasında müəyyən edilir. Müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş elektron-qaimə təqdim edilən tarixdən 15 (on beş) iş gün ərzində həyata keçirilməlidir. - xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 624685 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22491,47 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 043233 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11667,98 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 219833 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19736,97 manat (ƏDV daxil) təşkil edir. - "xxxx" MMC tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BKN00111228 nömrəli məxaric qaiməsi adlı sənəddən görünür ki, satıcı tərəfindən alıcıya 16 adda 22491,50 manat məlbəğində 789 qutu olmaqla mal verilmiş, alıcının satıcıya ümumi borcu 22491,50 manat təşkil etmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BKN00116592 nömrəli məxaric qaiməsi adlı sənəddən görünür ki, satıcı tərəfindən alıcıya 15 adda 11668 manat məlbəğində 410 qutu olmaqla mal verilmiş, alıcının satıcıya ümumi borcu 34159,50 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BKN00121417 nömrəli məxaric qaiməsi adlı sənəddən görünür ki, satıcı tərəfindən alıcıya 16 adda 19737 manat məlbəğində 690 qutu olmaqla mal verilmiş, alıcının satıcıya ümumi yekun borcu 53896,50 manat təşkil etmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli, AFC-154-2022/01 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edərək, borcun xx.xx.2022-ci il tarixədək ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Eyni zamanda cavabdeh mövcud borcun ödənilməsini gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən 53896,50 manat (əlli üç min səkkiz yüz doxsan altı manat əlli qəpik) məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 5390 (beş min üç yüz doxsan) manat və 268 (iki yüz altmış səkkiz) manat rüsum olmaqla, cəmi 59554,5 manat (əlli doqquz min beş yüz əlli dörd manat əlli qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 53896,50 manat (əlli üç min səkkiz yüz doxsan altı manat əlli qəpik) məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 5390 (beş min üç yüz doxsan) manat və 268 (iki yüz altmış səkkiz) manat rüsum olmaqla, cəmi 59554,5 manat (əlli doqquz min beş yüz əlli dörd manat əlli qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar