Məhkəmə qərarları › İş №e-2-2(113)-5128/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5128/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5128/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə, 3068,16 manat əsas borcun, 1939 manat gecikdirilmiş faiz borcun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında 01 fevral 2024-cü il tarixində alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinin 4.1 və 4.2 maddələrinə əsasən, çörəkbulka məmulatlarının dəyəri ‘‘Alıcı‘‘ tərəfindən nəğd yolla ‘‘Mal göndərən‘‘in mərkəzi kassasına və yaxud bank hesabına köçürülür. Ödəmə müddəti mal qəbul olunduqdan sonra 3 (üç) gün müddətində olmalıdır. Eyni zamanda müqavilənin 5.1-ci maddəsində müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə göndərilmiş məlumatların dəyəri ödənilmədikdə ‘‘Alıcı‘‘ ‘‘Mal göndərən‘‘ə ödənişin gecikdirilmiş hər günü üçün ödənilməli olan məbləğin 0,2%-i həcmində cərimə ödəyir. Müqavilənin 8.1-ci maddəsinə əsasən, müqavilənin müddəti 01 fevral 2024-cü il tarixindən 01 fevral 2025-ci il tarixinədək müəyyənləşdirilmişdir. Müqavilənin 8.2 – maddəsində isə müqavilə müddətinin qurtarmasına ən azı 3 gün qalmış ‘‘Tərəflər‘‘ müqavilənin yenidən qüvvəyə minməsi barədə heç bir iddia irəli sürməzlərsə, müqavilə eyni müddətə və eyni şərtlərlə yenidən qüvvədə sayılır. Lakin həmin tarixdən bu günədək Cavabdeh müqavilənin şərtini icra etməmişdir. Belə ki, 06 mart 2024-cü il tarixli, EBDZ № 998272 nömrəli elektron qaimə üzrə 790,4 manat borc, 05 aprel 2024-cü il tarixli, EBEB № 512326 nömrəli elektron qaimə üzrə 648,96 manat borc, 03 may 2024-cü il tarixli, EBEC № 819226 nömrəli elektron qaimə üzrə 804,8 manat borc, 06 iyun 2024-cü il tarixli, MT2406 №10265719 nömrəli eqf üzrə 824 manat olmaqla , cəmi 3068,16 manat borcu yaranmışdır. Bununla yanaşı hər gecikdirilmiş gün üzrə ödəməli olan məbləğin 0,2% olmaqla, gecikdirilmiş 316 gün üçün 1939,0 manat cərimə borcu yaranmışdır. Hazırda Cavabdeh ümumilikdə isə 5007,16 manat borcu mövcuddur. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə müraciət olunmuş, xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanmış, lakin heç bir nəticəsi olmamışdır. Hesab edirik ki, 3068,16 (üç min atlmış səkkiz manat,alti qəpik ) manat əsas borcun, 1939,0 (min doqquz yüz otuz doqquz doxsan ) manat gecikdirilmiş borcun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 445.2.1, 576.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Alıcı” Cavabdeh və “Mal göndərən” İddiaçı ASC arasında imzalanmış 01 fevral 2024-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən, “Mal göndərən” bu Müqavilə qüvvədə olan bütün müddət ərzində “Alıcı”ya onun şifahi və ya yazılı sifarişi əsasında çörək-bulka məmulatlarını vaxtlı-vaxtında göndərməyi, “Alıcı” isə öz növbəsində həmin məmulatları müəyyən edilmiş vaxtda qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Mal göndərən” tərəfindən “Alıcı”nın məntəqəsinə çörək-bulka məmulatlarının buraxılışı vaxtı və miqdarı “Alıcı”nın gündəlik sifarişi əsasında həyata keçirilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, Çörək-bulka məmulatları yüklənərkən müvafiq Qaimə (yekun olaraq elektron qaimə) ilə rəsmiləşdirilir. Elektron qaydada göndərilən qaimə sistem tərəfindən təsdiqlənərsə, mal qəbul olunmuş hesab olunur. Çörək-bulka məmulatlarının qəbul olunmasından imtina edildikdə, onun əsaslı səbəbi göstərilməlidir. Müqavilənin 3.1ci bəndinə əsasən, çörək-bulka məmulatlarının qiyməti hər dəfə qaimələrdə göstərilir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Çörək-bulka məmulatlarının dəyəri “Alıcı” tərəfindən nəğd yolla “Mal göndərən”in mərkəzi kassasına və yaxud bank hesabına köçürülür. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddətdə göndərilmiş məmulatların dəyəri ödənilmədikdə “Alıcı” “Mal göndərən”ə ödənişin gecikdirilmiş hər günü üçün ödənilməli olan məbləğin 0,2%-i həcmində cərimə ödəyir. EBDZ seriyalı, 998272 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 790,4 manat məbləğində, EBEB seriyalı, 512326 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 648,96 manat məbləğində, EBEC seriyalı, 819226 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 804,80 manat məbləğində, MT2406 seriyalı, 10265719 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 824 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq, 5 gün ərzində 3068,16 manat əsas borc və 1939 manat məbləğində gecikməyə görə cərimə borcu olmaqla, ümumilikdə 5007,16 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə, müqavilə öhdəliyin icra edilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 71 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimə ilə öz təsdiqini tapmışdır ki, müqavilənin şərtinə əsasən elektron qaimənin təsdiq olunması malların cavabdeh tərəfindən qəbul olunduğunu təsdiqləyir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 3068,16 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 3068,16 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1939 manat manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və cavabdehin ödənişi gecikdirməsi iş materialları ilə təsdiq olunur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 150 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 manat dövlət rüsumunun 52,19 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3068,16 manat əsas borc, 150 manat dəbbə pulu olmaqla, ümumilikdə 3218 (üç min iki yüz on səkkiz) manat, 16 (on altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manat 19 (on doqquz) qəpiyinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar