Məhkəmə qərarları › İş №e-2-2(113)-5137/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5137/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5137/2023 14.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2023-cü il tarixli “Alqı-satqı” müqaviləsi əsasında yaranmış 11572,85 manat borcun və ödənilmiş 205 manat mediasiya xərcinin alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış “Alqı-satqı xidmətlərinə dair” 07 saylı, 06 may 2023-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-yə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satmağı, alıcı isə malın tam dəyərini 30 gün ərzində ödəməyi öhdəlik götürmüşdür. Tərəfimizdən 133440 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7257 manat və 128668 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4315,85 manat dəyərində müxtəlif çeşidli mallar cavabdehə təhvil verilmiş, lakin qeyd olunan qaimələr üzrə yaranmış ümumilikdə 11572,85 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən alınan malların tam dəyərinin 30 gün ərzində ödənilməsi ilə bağlı öhdəlik götürülmüşdür. Lakin malların alınmasından 3 ay keçməsinə baxmayaraq hal-hazırki vaxtadək cavabdeh tərəfindən ödəniş edilməmiş, müqavilə üzrə müəyyən olunmuş öhdəliklər icra olunmamışdır. Mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə heç bir münasibət göstərilməmişdir. Mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh heç bir münasibət bildirməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli və MŞB/6-0324 saylı arayışına əsasən cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etmədiyindən prosses baş tutmamışdır. Bu barədə müvafiq arayış təqdim edilmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC satır, alıcı Cavabdeh MMC-yə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. xx.xx.2023-cü il tarixli EBDH seriyalı 128668 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4315,85 manat dəyərində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 133440 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 7257 manat dəyərində mal satılmışdır. xx.xx.2023-cü il tarixli MŞB/6-0324 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Konstitusiya Məhkəməsi plenumunun qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış və sözügedən müqaviləyə görə iddiaçının istinad etdiyi kimi alıcıya 11572,85 manat məbləğində mal satılmışdır. İddiaçı tələbində 11572,85 manat məbləğində borcun qaldığına istinad etsə də, sözügedən borcun mövcudluğunu əks etdirən kifayət qədər mötəbər sübut məhkəməyə təqdim etməmiş, belə ki, iddiaçı müqavilə və həmin vəsaiti əks etdirən elektron qaimələri məhkəməyə təqdim etsə də, alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən göstərilmiş “təhvil-təslim akt”ları, həmçinin tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətləri və öhdəliklərin icrasının rəsmiləşdirilməsi əks etdirən digər mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı MMC 11572,85 manat məbləğində borcu tələb etsə də, həmin həcmdə olan məhsulların Cavabdeh MMC-yə təhvil verildiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı kifayət qədər mötəbər sübutların təqdim edilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli “Alqı-satqı” müqaviləsi əsasında yaranmış 11572,85 manat borcun və ödənilmiş 205 manat mediasiya xərcinin Cavabdeh MMC-dən alınması tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli “Alqı-satqı” müqaviləsi əsasında yaranmış 11572,85 manat borcun və ödənilmiş 205 manat mediasiya xərcinin Cavabdeh MMC-dən alınması tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar