Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-514/2022 25.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 1097 manat, cərimə məbləği 669,16 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum 60 manat, ümumilikdə 1826,16 (min səkkiz yüz iyirmi altı manat 16 qəpik) manat məbləğdə pul vəsaitinin Kara İlhandan İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 sentyabr 2019-cu il tarixli 1874/**********- R/19 saylı Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçıMMC (Satıcı) istehsal etdiyi süd və süd məhsulları fərdi sahibkar Kara İlhana (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin Malları qəbuletməyi və bu Müqavilənin şərtlrinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC (iddiaçı) tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Kara İlhan (cavabdeh) öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh Kara İlhan müəssisəmizdən aldığı süd və süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 1097 (bir min doxsan yeddi) AZN məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 gün ərzində həyata keçirilməlidir. Həmin Müqavilənin 5.2. bəndinə əsasən - Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyə nməbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. Malın Alıcıya (cavabdehə) təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəfimizdən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və 29 noyabr 2021-ci il tarixinə olan cərimənin məbləği 669,16 (altı yüz altmış doqquz manat 16 qəpik) AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 17 sentyabr 2019cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC öz ürərinə düşən öhdəlikləri icra edərək tərəflərin razılığa gəldiyi malları Cavabdeh təhvil vermişdir. Qeyd olunan halı iş materiallarına əlavə edilmiş elektron qaimələr təsdiq edir. Belə ki, elektron qaimələr göndərilmiş, ancaq sonuncu tərəfindən də, hər hansı bir etiraz daxil olmamışdır. Belə olan halda elektron qaimədə göstərilmiş malların Cavabdeh tərəfindən təhvil alınmasını təsdiq etmişdir. Elektron qaimədə göstərilmiş məbləğlərin cəmi 1232,73 manat təşkil etsə də, iddiaçı tərəf iddia ərizəsinə əlavə etmiş olduğu maliyyə arayışında EBAG 550871 saylı qaimə üzrə 163,99 manat borcunun qaldığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, işin faktiki halları iddia tələbinin qanuni əsasını təşkil edən yuxarıda qeyd edilmiş maddələrin dispozisiya şərtlərinə uyğun olduğundan iddiaçının əsas borc üzrə 1097 manat pulun tələb edilməsi ilə bağlı hissədə iddia əsaslıdır. Məhkəmə iddianın cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 1097 manat məbləğində əsas borcuna münasibətdə cərimə məbləğinin 100 manat həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməldir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan ilkin mediasiya sesiyasında iştirak edilməmsi barədə arayışdan görünür ki, mediasiya sesiyasına 60 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsəs borc üzrə 1097 manat, 100 manat cərimə borcu olmaqla cəmi 1197 (bir min yüz doxsan yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-514/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-514/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver