Məhkəmə qərarları › İş №e-2-2(113)-5149/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5149/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5149/2022 15.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən 56065,82 manat əsas, 16000 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumunun, ümumilikdə cəmi 72465,82 manat borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair xx.xx.2021 nömrəli, 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilməlidir. Lakin sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh (alıcı qismində) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında cəmi 56065,82 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə-faktura təqdim edilmişdir ki, cavabdeh tərəf bu günə qədər həmin fakturalar üzrə yaranmış borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılımüraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16 iyun 2021-ci il tarixli xx.xx.2021 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər maddi dəyərliləri Cavabdeh MMC-yə satır, Cavabdeh MMC isə malları İddiaçı MMC-dən qəbul edir və müqabilində İddiaçı MMC-yə malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş haqqı ödəyir. Müqavilənin 7.3-cü maddəsinə əsasən Cavabdeh MMC bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 %-i miqdarında İddiaçı MMC-yə cərimə ödəyir. xx.xx.2021-ci il tarixli EBBE seriyalı 276356 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 525969 nömrəli, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 721572 nömrəli, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 236057 nömrəli, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 278477 nömrəli və xx.xx.2021-ci il tarixli EBBF seriyalı 418153 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 56066,52 manat məbləğində mal satmışdır. 05 oktyabr 2021-ci il tarixli öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktından görünür ki, Cavabdeh MMC-nin 05 oktyabr 2021-ci il tarixə İddiaçı MMC-yə 56065,82 manat borcu vardır. xx.xx.2022-ci il tarixli MŞB/5-02241 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC Bakı 5 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, və 567-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək alınan mallara görə yaranmış 56065,82 manat məbləğində borcunu ödəməmişdir. Bununla yanaşı məhkəmə 400 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı qeyd edir ki, iddianın qiyməti olan 72465,82 manatın müqabilində iddiaçı 307,37 manat məbləğində dövlət rüsumu ödəməli idi, həmin dövlət rüsumunun əvəzi olaraq isə 400 manat məbləğində mediasiya xərci ödədiyindən tələb həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulu tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 1434,18 manat müəyyən olunmaldır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 56065,82 manat əsas borc, 1434,18 manat cərimə, cəmi 57500 manat və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 56065,82 manat əsas borc, 1434,18 manat cərimə, cəmi 57500 manat və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar