Məhkəmə qərarları › İş №e-2-2(113)-5152/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5152/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5152/2022 02.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən ƏDV daxil 18.861,12 manat əsas, 2.829 manat faiz, ödənilmiş 200 manat dövlət rüsumunun, ümumilikdə cəmi 21.890,12 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumulyatorlar və digər malların alqı-satqısına dair H112020-02 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında cəmi ƏDV daxil 18.861,12 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə-faktura təqdim edilmişdir ki, cavabdeh tərəf bu günə qədər həmin fakturalar üzrə yaranmış borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi üzrə yaranmış cəmi ƏDV daxil 18.861,12 manat əsas borca hesablanmalı olan illik 5% məbləğində borc 2021-2022-ci illəri əhatə etdiyi üçün iddia tələbinin həcmi azaldılmalıdır. Odur ki, iddia tələbinin həcminin azaldılaraq, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən ƏDV daxil 18.861,12 manat əsas, 1.886,11 manat faiz, ödənilmiş 200 manat dövlət rüsumunun, ümumilikdə cəmi 20.947,12 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını onların iştirakları olmadan keçirilməsini və iddia tələbini müdafiə etməklə işdə olan sübutlar əsasında baxılıb iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin (o cümlədən iddiaçının) iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 27 noyabr 2020-ci il tarixdə H112020-02 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq və müqavilənin tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında (bundan sonra - Əlavə) göstərilən məhsulları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. 3.1-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesabfakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının hesabına ödəyir. 3.3-cü bəndinə görə alınmış mal-materialların dəyəri həm nağd, həm də köçürmə yolu ilə ödənilə bilər. 7.1-ci bəndinə əsasən hazırkı müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzlandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam olaraq yerinə yetirənə qədər etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ƏDV daxil 18.861,12 manat məbləğində olan malların təqdim edilməsinə dair 243648 nömrəli, xx.xx.2020-cı il tarixli elektron qaimə tərtib edilərək Dövlət Vergi Xidmətinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi Dövlət Vergi Xidmətinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə göndərdiyi və cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaiməsi ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 18.861,12 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 18.861,12 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 18.861,12 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 18.861,12 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 1886,11 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı MMC ödənilməsi gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən iki illik müddət üçün hesablanmış 1886,11 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 146,60 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 18.861,12 (on səkkiz min səkkiz yüz altmış bir manat on iki qəpik) manat məbləğində əsas borc, 1886,11 manat (bir min səkkiz yüz səksən altı manat on bir qəpik) məbləğində faiz, cəmi 20.747,23 (iyirmi min yeddi yüz qırx yeddi manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar