Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-516/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2676 manat borcun, 2114,04 manat cərimənin, 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4980,04 manat pulun birdəfəlik tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 2017/ASM/052 nömrəli müqavilənin 1-ci bəndinə əsasən iddiaçı, markasından asılı olaraq hər bir tonun qiyməti 131,57-156,35 manat (ƏDV daxil) çərçivəsində olmaqla müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Tələb edilmiş məhsul iddiaçı tərəfindən cavabdehə çatdırılmış və acavabdeh tərəfindən qəbul edilmiş, cavabdehə 2676 manatlıq sement satılsa da, malın dəyəri indiyə qədər ödənilməmişdir. Cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün bildiriş və pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Müqavilənin şərtlərinə əsasən ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında iddianı müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 2017/ASM/052 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – İddiaçı MMC qablaşdırma növü kisə, təhvil vermə ünvanı ölkə ərazisi, tonun qiyməti ƏDV-daxil olmaqla 151,63 manat (ƏDV-xaric 128,50) məbləğində CEM İİ/A-P 32.5 R markasına uyğun “İddiaçı Klass A” (daşınma daxil), tonun qiyməti ƏDV-daxil olmaqla 131,57 manat (ƏDV-xaric 111,50) məbləğində CEM İİ/B-L 32.5 R markasına uyğun “İddiaçı Klass B” və tonun qiyməti ƏDV-daxil olmaqla 156,35 manat (ƏDV-xaric 132,50) məbləğində CEM İİ/A-P 42.5 R markasına uyğun “İddiaçı Klass C500” sementləri qəbul edib müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə qaiməfaktura, əmtəə-nəqliyyat qaiməsi, keyfiyyət setifikatı (tələb olunan halda) və vergi hesabfaktura əsasında Cavabdeh MMC-yə satmağı, Alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə, hər bir halda alıcının satıcıya olan bütün borclar hər ilin 25 dekabr tarixinə qədər ödəməli, əgər gecikdirilərsə hər gecikdirilən hər bir gün üçün əsas borcun 0,1 faizi həcmində cərimənin və burdan yarana biləcək inzibati xərclərin ödənilməsi şərti ilə təhvil alaraq dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilən 80152584 nömrəli, xx.xx.2017-ci il tarixli əmtəənəqliyyat qaiməsindən və “xxxxxxxxxxxxx” MMC-nin məktubundan görünür ki, ümumi çəkisi 24 ton olan, 15 ədəd paletdə qablaşdırılmış Klass B PLT CEM İİ/B-L 32,5 R markalı sementi İddiaçı MMC-nin tapşırığına əsasən “xxxxxxxxxxxxx” MMC tərəfindən daşınaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin əməkdaşları qaiməni imza etməklə təhvil almışlar. İddiaçı MMC tərəfindən verilən EAAС seriyalı 111662 nömrəli, xx.xx.2017-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumi çəkisi 24 ton, ümumi dəyəri 2676 manat (vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV daxil olmaqla yekun məbləğ 3157,68 manat) məbləğində olan Klass B PLT CEM İİ/B-L 32,5 R markalı sement alıcı Cavabdeh MMC-yə tərəflərindən təhvil alınaraq satılmışdır. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından (cədvəldən) görünür ki, xx.xx.2016-cı il tarixli, 2017/ASM/052 nömrəli müqavilə əsasında məhsulun çatdırılmasını təsdiq edən 111662 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə ödənilməli əsas məbləğ 2676 manat, ödənilən ƏDV məbləği 481,68 manat, gecikdirilən günlərin sayı 790 gün hesablanmaqla cərimə məbləği 2114, 04 manat (2676*0,1%*790) olmaqla cəmi borc 4790,04 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, Ref 103OPEK193330008 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı kimi 160 manat vəsait İddiaçı MMC tərəfindən İsmayılbəyli və partnyorları Vəkil Bürosunun hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, qeyd olunan qaimə üzrə təhvil verilən malların dəyəri olan 2676 manat məbləğində pul ödənilməmişdir. Odur ki, məhkəmə iddiaçının əsas borc kimi 2676 manat məbləğində pul tələbini əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 2114,04 manat məbləğində cərimə hesablanmışdır. Yuxarıda göstərilən İddiaçıalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 324 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığını nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 160 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin İddiaçıalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən müqaviləyə əsasən qaimə üzrə 2676 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 324 manat cərimə borcu, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 160 manat, ümumilikdə 3160 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 63,84%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 63,84%-i, yəni 19,15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. EAAС seriyalı 111662 nömrəli, xx.xx.2017-ci il tarixli elektron qaimə üzrə 2676 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 324 manat cərimə borcu, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 160 manat, cəmi 3160 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,15 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-516/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-516/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver