Məhkəmə qərarları › İş №e-2-2(113)-516/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-516/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-516/2022 04.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqavilə üzrə 1,570.00 manat əsas borc və 390.93 manat cərimə borcunun, 17.01.2018-cı il tarixli, 104-GL/18 nömrəli müqavilə üzrə 802.00 manat əsas borc və 308.06 manat cərimə borcunun və 05.07.2018-ci il tarixli, 830- GL/18 nömrəli müqavilə üzrə 6,665.00 manat əsas borc və 1,194.98 cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 11,280.97 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli, 17.01.2018-cı il tarixli, 104-GL/18 nömrəli və 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqavilə üzrə 1,570.00 manat əsas borc və 390.93 manat cərimə borcu, 17.01.2018-cı il tarixli, 104-GL/18 nömrəli müqavilə üzrə 802.00 manat əsas borc və 308.06 manat cərimə borcu və 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqavilə üzrə 6,665.00 manat əsas borc və 1,194.98 cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq Covid-19 virusuna yoluxması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 17.01.2018-ci il tarixli, 104-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 4420 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 12390 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11600 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilələrin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilələrin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilələrin 4.3-cü bəndinə əsasən hər bir təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 17.01.2018-ci il tarixli, 104-GL/18 nömrəli, 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli və 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli lizinq müqavilələrinin 1 nömrəli əlavələrində lizinq müqavilələrinin spesifikasiyaları göstərilmişdir. 17.01.2018-ci il tarixli, 104-GL/18 nömrəli, 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli və 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli lizinq müqavilələrinin 2 nömrəli əlavələrində tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı aralarında bağlanmış 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqavilə üzrə 1,570.00 manat əsas borc və 390.93 manat cərimə borcu, 17.01.2018-cı il tarixli, 104-GL/18 nömrəli müqavilə üzrə 802.00 manat əsas borc və 308.06 manat cərimə borcu və 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqavilə üzrə 6,665.00 manat əsas borc və 1,194.98 cərimə borcunu qısa zaman ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən verilmiş 08.09.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin həmin tarixə 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqavilə üzrə 1,570.00 manat əsas borc və 390.93 manat cərimə borcu, 17.01.2018-cı il tarixli, 104- GL/18 nömrəli müqavilə üzrə 802.00 manat əsas borc və 308.06 manat cərimə borcu və 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqavilə üzrə 6,665.00 manat əsas borc və 1,194.98 cərimə borcu vardır. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 17.01.2018-ci il tarixli, 104-GL/18 nömrəli, 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli və 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələr ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqavilə üzrə 1,570.00 manat əsas borc, 17.01.2018-cı il tarixli, 104-GL/18 nömrəli müqavilə üzrə 802.00 manat əsas borc və 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqavilə üzrə 6,665.00 manat əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 17.01.2018-ci il tarixli, 104-GL/18 nömrəli, 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli və 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq cavabdehdən tutulacaq cərimələr 17.01.2018-ci il tarixli, 104- GL/18 nömrəli lizinq müqaviləsi üzrə 50 manat, 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 500 manat və 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu ilə "xxxx" MMC arasında bağlanmış 3266 nömrəli 06.12.2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsinin hazırlanması və məhkəmədə müdafiəsi üçün bu müqavilə bağlanılır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 340 manat, əlavə olaraq 10 manat marka ödənişi olmaqla cəmi 350 manat müəyyən olunur. 08.12.2021-ci il tarixli 866593/00725 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Börüsunun hesabına hüquqi xidmət haqqına görə 3266 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya 01.08.2015-ci il tarixli, 1829-GL/15 nömrəli müqavilə üzrə 1,570.00 manat əsas borc, 17.01.2018-cı il tarixli, 104-GL/18 nömrəli müqavilə üzrə 802.00 manat əsas borc və 05.07.2018-ci il tarixli, 830-GL/18 nömrəli müqavilə üzrə 6,665.00 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01.08.2015-ci il tarixli, 1829- GL/15 saylı müqavilə üzrə 1570 manat əsas borc, 100 manat cərimə, 17.01.2018-ci il tarixli, 104-GL/18 saylı müqavilə üzrə 802 manat əsas borc, 50 manat cərimə, 05.07.2018ci il tarixli, 830-GL/18 saylı müqavilə üzrə 6665 manat əsas borc, 500 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01.08.2015-ci il tarixli, 1829-GL/15 saylı müqavilə üzrə 1570 (bir min beş yüz yetmiş) manat əsas borc, 100 (bir yüz) manat cərimə, 17.01.2018-ci il tarixli, 104-GL/18 saylı müqavilə üzrə 802 (səkkiz yüz iki) manat əsas borc, 50 (əlli) manat cərimə, 05.07.2018-ci il tarixli, 830-GL/18 saylı müqavilə üzrə 6665 (altı min altı yüz altmış beş) manat əsas borc, 500 (beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 10037 (on min otuz yeddi) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar