Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5165/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, maliyyə arayışı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 2300 manat gecikdirilmiş borcun və hesablanmış 1982,60 manat cərimə borcunun, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqavilə üzrə 70048,00 manat gecikdirilmiş borcun və 29761,94 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 104992,54 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aqrolizinq” ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli və xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnoloji avadanlıqlari lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023cü il tarixə xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə 2300,00 manat gecikdirilmiş borcu və hesablanmış 1982,60 manat cərimə borcu, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli mqavilə üzrə isə 70048,00 manat gecikdirilmiş borcu və hesablanmış 29761,94 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.
5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış "xxxx" ASC-yə məxsus yem istehsalı üçün seperatorun və qranul hazırlayan avadanlığın quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə 30 iyul 2013-cü il tarixli 16-LA/13 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 260720 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1-2 nömrəli əlavələrdə göstərilən 74430 manat məbləğində yem istehsalı üçün seperatorun və 186290 manat məbləğində qranul hazırlayan avadanlığın quraşdıırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində (3 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıdlıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 4000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (3 nömrəli əlavə) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır.
9. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
10. Müqaviləyə 3 nömrəli Əlavədə lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki öz əksini tapmışdır.
11. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 12 iyul 2011-ci il tarixli 13-LA/11 nömrəli "xxxx" ASC-yə məxsus yem istehsalı və qurutma avadanlığının lizinqə verilməsi barədə müqaviləyə əsasən lziinq verən qiyməti 119200 manat olan yem istehsalı və qurutma avadanlığının (bundan sonra – trxnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir. Texnoloji avadanlıq Qaradağ rayonunda quraşdırılacaqdır.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 11920 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir,qalan məbləği isə ödəniş qrafikində höstərilən müddətdən gec olmayaraq ödəməyi ödəməyi öhdəsinə götürür. Əvvəcədən ödənilmişməbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
14. Müqaviləyə 2 nömrəli Əlavədə lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki öz əksini tapmışdır.
15. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 2300 manat, cərimə borcu 1982,60 manat, ümumilikdə 4282,60 manat təşkil edir.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 70048 manat, cərimə borcu 29761,94 manat, ümumilikdə 99809,94 manat təşkil edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli və xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
21. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli və xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 30 iyul 2013-cü il tarixli 16-LA/13 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 29761,94 manat, xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1982,60 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 30 iyul 2013-cü il tarixli 16- LA/13 nömrəli lizinq müqaviləsinə əsasən 3000 manat, xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən isə 100 manat məbləğində müəyyən edilməlidir.
31. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
32. Belə ki, ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 500 manat pul ödənilmişdir.
33. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə 2300 manat əsas borc, 100 manat cərimə, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqavilə üzrə 70048 manat əsas borc, 3000 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 500 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X2” MMC-dən xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə 2300 manat əsas borc, 100 manat cərimə, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqavilə üzrə 70048 manat əsas borc, 3000 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 500 manat, ödənilmiş 400 manat məbləğində dövlət rüsumu, ümumilikdə 76348 (yetmiş altı min üç yüz qırx səkkiz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova