Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-517/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.05.2018-ci il tarixli 673-GL/18 nömrəli müqavilə üzrə 6888 manat gecikdirilmiş borc və hesablanmış 2383,25 manat cərimə borcu, 19.07.2018-ci il tarixli 883-GL/18 nömrəli müqavilə üzrə 804 manat gecikdirilmiş borc və hesablanmış 314,36 manat cərimə borcu, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat olmaqla, cəmi 10739,61 manat (on min yeddi yüz otuz doqquz manat altmış bir qəpik) pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 23.05.2018-ci il tarixli 673-GL/18 nömrəli və 19.07.2018-ci il tarixli 883-GL/18 saylı müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 14.09.2021-ci il tarixə 23.05.2018-ci il tarixli 673-GL/18 nömrəli müqavilə üzrə 6888 manat gecikdirilmiş borcu və hesablanmış 2383,25 manat cərimə borcu, 19.07.2018-ci il tarixli 883-GL/18 nömrəli müqavilə üzrə isə 804 manat gecikdirilmiş borcu və hesablanmış 314,36 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi hər iki müqavilə üzrə əsas borc ödənildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, 23.05.2018-ci il tarixli 673-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 2383,25 manat cərimə borcu, 19.07.2018-ci il tarixli 883-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 314,36 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat vəkil haqqı və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3247,61 manat (üç min iki yüz qırx yeddi manat altmış bir qəpik) pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı guya cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə, nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 14.09.2021-ci il tarixə 23.05.2018-ci il tarixli 673-GL/18 nömrəli müqavilə üzrə 6888 manat gecikdirilmiş borcu və hesablanmış 2383,25 manat cərimə borcu, 19.07.2018-ci il tarixli 883-GL/18 nömrəli müqavilə üzrə isə 804 manat gecikdirilmiş borcu və hesablanmış 314,36 manat cərimə borcu yaranmasına, cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlərin yerinə yetirilməməsinə, cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmasına istinad etmişdir. Mən iddianı etiraf etmirəm. İddiaçı qeyd etdiklərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəf "xxxx" ASC ("xxxx" ASC) ləğv edilənə qədər həmin hüquqi şəxs ilə bağlanmış müqavilə üzrə bütün öhdəliklərini vaxtında və tam icra etmişdir. "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırıldıqdan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdikdən, ötürüldükdən sonra hal-hazırkı iddiaçı cavabdehlə əlaqə saxlayaraq və cavabdehi dəvət edərək əvvəlki müqavilənin davamı olaraq həmin müqavilənin qüvvədə olduğu müddətə eyni məzmunlu, eyni şərtlərlə yeni müqavilə bağlamalı, ya da müqavilə münasibətlərinin eyni şərtlərə davam etdiyi barədə rəsmi qaydada bildiriş təqdim edərək, özünün bütün rekvizitlərini təqdim etməli və müqavilənin tələblərinə əsasən həm ümumilikdə, həm də hər rüb üzrə ödəməli olduğu pulun hansı bank hesabına və ya hesablaşma pulu ödəməli olduğunu bildirməli idi. Buna görə də cavabdeh müqavilə üzrə ödəməli olduğu pulun hansı hüquqi şəxsə, hansı hesaba köçürülməsini bilməmiş və cavabdeh tərəf ləğv edilmiş hüquqi şəxsin hesabına pul köçürməklə onun (yəni cavabdeh tərəf) üçün əhəmiyyətli məbləğ hesab edilən pulunu risk altına ata bilməzdi. İddiaçı bu barədə öz üzərinə düşən öhdəliklərini ümumiyyətlə icra etməmiş və yalnız iddiaçının təqsiri nəticəsində onun istinad etdiyi borc və cərimə yaranmışdır. Cavabdehə 2021-ci ilin noyabr ayında borcun yaranması barədə şifahi məlumat verilən kimi cavabdeh tərəf dərhal 5000 (beş min) manat pul ödəmiş və növbəti ödənişin məbləği və vaxtı barədə ona yenidən şifahi məlumat verilmiş və o da 12 yanvar 2022-ci il tarixdə 883-GL/18 nömrəli müqavilə üzrə 804 (səkkiz yüz dörd) manat məbləğində, 12 yanvar 2022-ci il tarixdə 6733- GL/18 nömrəli müqavilə üzrə 3856 (üç min səkkiz yüz əlli altı) manat məbləğində pul ödəmişdir. Cavabdeh 2021-ci ilin noyabr ayında 5000 (beş min) manat məbləğində pulu iddiaçının hesabına ödədiyi halda, əvvəlcə pretenziya məktubunda, sonra 09 dekabr 2021-ci il tarixdə iddia ərizəsində həmin məbləği nəzərə almamış, hətta 13.01.2022-ci ildə iddia tələbinin həcminin artırılması haqqında ərizə vermişdir. Yalnız 21 yanvar 2022-ci il tarixdə iddiaçının pul ödənilməsindən məlumatı olmuşdur və yalnız bundan sonra 26 yanvar 2021-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə vermişdir. Göründüyü kimi, cavabdehə borcunun hansı hüquqi şəxsə, hansı tarixdə və hansı məbləğdə pul ödənilməsi haqqında məlumat verilən kimi cavabdeh öz öhdəliyimi dərhal və tam icra etmişdir. İddiaçı cavabdehə öhdəliklərini icra etməli olduğu barədə iddia ərizəsində qeyd etdiyi xəbərdarlıqları ona nə vaxt, hansı formada etdiyini sübuta yetirməlidir. İddiaçının məhkəməyə müraciət edilməsi ilə bağlı çəkdiyi digər xərcləri (mediasiya və vəkil xərcləri) də onun öz təqsiri üzündən, yəni yuxarıda qeyd etdiyi hallar barədə cavabdehə heç bir məlumat verməməsi səbəbindən yaranmışdır və buna görə də həmn pul məbləği cavabdehdən tutula bilməz İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasınının lizinqə verilməsi barədə 23.05.2018ci il tarixli, 673-GL/18 nömrəli müqavilə (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən qiyməti 38385 manat olan və Spesifikasiyada (Əlav N1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - 14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan Cavabdeh 23.05.2018-ci il tarixli, 673-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 6888 manat, hesablanmış cəriməyə görə 2383,25 manat məbləğində borcu vardır. Eləcə də maliyyə arayışında qeyd edilmişdir ki, 5913 manat ödəniş edilmişdir. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh arasında dövlət vəsaiti hesabına idxal olunmuş"xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 19.07.2018-ci il tarixli, 883-GL/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən ümumi məbləği 1477 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə N 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - 14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan Cavabdeh 19.07.2018-ci il tarixli, 883-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 804 manat, hesablanmış cəriməyə görə 314,36 manat məbləğində borcu vardır. Eləcə də maliyyə arayışında qeyd edilmişdir ki, 673 manat ödənilmişdir. - "xxxx" ASC-nin 12.01.2022-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə 883-GL/18 nömrəli müqavilə üzrə 804 manat məbləğində pul vəsaiti köçürmüşdür. - "xxxx" ASC-nin 12.01.2022-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə 673-GL/18 nömrəli müqavilə üzrə 3856 manat məbləğində pul vəsaiti köçürmüşdür. - Cavabdeh barəsində olan kassa/bank çıxarışından görünür ki, 05.10.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 5000 manat ödəniş edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçir. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX121340287C nömrəli, 06.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun AZ31AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək müqavilələr üzrə əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 23.05.2018-ci il tarixli, 673-GL/18 nömrəli və 19.07.2018ci il tarixli, 883-GL/18 nömrəli lizinq müqavilələri bağlanmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən iddiaçının xeyrinə 23.05.2018-ci il tarixli, 673-GL/18 nömrəli müqavilə üzrə 2383,25 manat və 19.07.2018-ci il tarixli, 883-GL/18 nömrəli müqavilə üzrə 314,36 manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə öhdəliklərin vaxtında icra olunmamasının cavabdehin təqsiri ucbatından baş verməməsi ilə bağlı etiraz ərizəsində göstərilənlərlə razılaşmır və hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq, 23.05.2018-ci il tarixli, 673- GL/18 nömrəli müqavilə üzrə 300 manat və 19.07.2018-ci il tarixli, 883-GL/18 nömrəli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 150 (yüz əlli) manat və mediasiyaya görə 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23.05.2018-ci il tarixli 673-GL/18 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat cərimə, 19.07.2018-ci il tarixli 883-GL/18 nömrəli müqavilə üzrə 50 (əlli) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-517/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-517/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver