Məhkəmə qərarları › İş №e-2-2(113)-5176/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5176/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5176/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, akt, qaimə, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün ərizə ilə məhkəməyə müraciət edərək 577,57 manat əsas borc, 287,87 manat cərimə məbləği olmaqla, ümumilikdə 865,44 manat pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə icraata qəbul edilmiş, daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2019-cu il tarixli, 893/**********-R/19 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC (satıcı) istehsal etdiyi süd və süd məhsullarını fərdi sahibkar Cavabdeh (alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul etməyi və müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı MMC (iddiaçı) tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh (cavabdeh) öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisədən aldığı süd və süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 577,57 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 gün ərzində həyata keçirilməli idi. Malın alıcıya (cavabdehə) təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq onlar tərəfindən borcun ödənilməsi ilə əlaqədar edilən danışıqlar və səylər nəticə verməmişdir. Müqavilənin 5.2. bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% məbləğində cərimə nəzərdə tutulmuşdur ki, 17 avqust 2022-ci il tarixinə həmin cərimə məbləği 287,87 manat təşkil edir.

4. Ərizədə iddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 462, 567, 600-cü maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında uzun müddət süd və süd məhsullarının alqı-satqısı olmuş, cavabdehə təhvil verilmiş məhsulların bir hissəsi qaytarılmış, bir hissəsinin dəyəri ödənilmiş, lakin ərizəyə əlavə olunmuş, maliyyə arayışında qeyd olunan 3 elektron qaimə üzrə məhsulların dəyəri tam ödənilməmişdir.

6. Cavabdehin qeydiyyat ünvanına (müqavilədə də eyni ünvan qeyd olunmuşdur) məhkəmə iclaslarının vaxtı və yeri barəsində məhkəmə bildirişləri göndərilmiş, eyni zamanda cavabdehə məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, lakin cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycab Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a. Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında 09 sentyabr 2019-cu il tarixdə bağlanmış 893/**********-R/19 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı özünün istehsal etdiyi məhsulları alıcıya satır, alıcı isə həmin malları qəbul edir və tam dəyərini ödəməyi öhdəsinə götürür. Adıçəkilən müqaviləyə əsasən mallar alıcının sifarişlərinə əsasən ayrı-ayrı partiyalarla təchiz edilir (2.1.); malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi qaimə-fakturalarda ğz əksini tapır (1.2., 2.2.); mallar satıcının nəqliyyat vasitələri ilə və öz hesabına alıcının anbarında təhvil verilir (2.3); mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını və ya müvafiq qaiməni imzalayırlar (2.4.); malların təhvil tarixi alıcının anbarında malların alıcıya təqdim edildiyi gün hesab edilir (2.5.).

11. Qeyd edilən müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri elektron qaimələrin cəmi təşkil edir. Eyni zamanda müqavilənin 3.3-ci bəndində göstərilmişdir ki, malların ödənişi alıcı tərəfindən təhvil alındığı gündən 14 təqvim günü ərzində həyata keçirilməlidir.

12. İddiaçı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 389.89 manat ( ödənilməyən hissə), xx.xx.2021 tarixli elektron qaimə üzrə 104.52 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 83.16 manat olmaqla, cavabdehin cəmi 577.57 manat borcunun olduğunu qeyd edir.

13. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli YP seriyalı 002191, 002192, 002193, 002194 nömrəli aktlar əsasında 517,15 (ƏDV daxil) manat dəyərində, xx.xx.2021-ci il tarixli YP seriyalı 016950, 016951, 016952 nömrəli aktlar əsasında 104,52 (ƏDV daxil) manat dəyərində, xx.xx.2021-ci il tarixli YP seriyalı 039138, 039137 nömrəli aktlar əsasında 83,16 (ƏDV daxil) manat dəyərində müxtəlif adda məhsullar qaimə-fakturalar əsasında İddiaçı MMC-nin adından çıxış edən şəxs tərəfindən Cavabdeh adından çıxış edən şəxsə 215367C3 Ruzi M/T-də (Cavabdeh) təhvil verilmişdir.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh təqdim olunan EBAY seriyalı 968458 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən 517,15 manat (ƏDV daxil) dəyərində, EBAZ seriyalı 251807 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən 104,52 manat (ƏDV daxil) dəyərində, EBAZ seriyalı 643673 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən 83,16 manat (ƏDV daxil) dəyərində təhvil-qəbul aktında qeyd olunan malların təhvil verildiyi görünür.

15. İddiaçı tərəfindən təqdim olunan cədvəldən görünür ki, 2019-2021-ci illərdə Cavabdeh 8791,10 manat dəyərində malların təhvil verilməsinə dair elektron qaimələr təqdim edilmiş və həmin elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.

16. İddiaçı tərəfindən təqdim olunan çıxarışdan görünür ki, malların dəyərindən 8213.53 manat (qaytarma və ödəniş edilməklə) ödənilmişdir.

17. İddiaçı tərəfindən təqdim olunan bank hesabından və ƏDV ödənişinə dair çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən elektron qaimələr əsasında 7457.33 manat (ƏDV daxil) ödəniş edilmişdir.

18. İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 8034.90 (ƏDV daxil) manat (qaytarma qaimələri çıxılmaqla) dəyərində süd məhsulları verilmiş, məhsulların dəyərindən 7457.33 (ƏDV daxil) manat ödəniş edilmiş, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 389.89 manat ( ödənilməyən hissə), xx.xx.2021 tarixli elektron qaimə üzrə 104.52 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 83.16 manat olmaqla, cəmi 577.57 manat əsas borc qalmışdır.

19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

20. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, İddiaçı MMC ilə Cavabdeh iddiaçı ilə cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, tərəflər malların hissə-hissə verilməsi və nisyə ödənilməsinə dair razılığa gəlmiş, müqavilənin ümumi dəyərinin elektron qaimələrin cəmi təşkil etməsi razılaşdırılmış, satıcı (iddiaçı) tərəfindən 8791,10 manat dəyərində malların təhvil verilməsinə dair alıcıya (cavabdehə) elektron qaimə təqdim olunmuş, cavabdeh malların dəyərindən 7457,33 manat ödəmişdir.

21. İddiaçı qaytarma qaimələri çıxılmaqla 8034,90 manat dəyərində süd məhsulları verildiyini, 7457,33 manatı ödəniş edildiyini və 3 elektron qaimə üzrə 577,57 manat ödənilməmiş borcun qaldığını bildirir.

22. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf 3 elektron qaimə üzrə ödənişləri tələb edir və öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etmişdir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda (570.1.1.).

25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alıcı əşyanı müəyyənləşdirilmiş müddətdə ödəmək vəzifəsini icra etmirsə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.

29. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 577,57 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 577,57 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

35. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir.

36. İddiaçı cavabdehdən 287,87 manat məbləğində dəbbə pulu tutulmasını tələb edir.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

40. Məhkəmə işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 30 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

41. Ona görə də məhkəmə hesab ki, dəbbə pulu olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

42. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 40 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

43. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-4059 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 10 avqust 2022-ci il tarixində saat 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh 5 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərcini ödəmişdir.

44. Məhkəməyə təqdim edilən 10 avqust 2022-ci il tarixli, 20373881 nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 40 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı MMC tərəfindən banka tapşırıq verilmişdir.

45. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

46. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

47. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

48. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 577 (beş yüz yetmiş yeddi) manat 57 (əlli yeddi) qəpik əsas borc, 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 607 (altı yüz yeddi) manat 57 (əlli yeddi) qəpik pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar