Məhkəmə qərarları › İş №e-2-2(113)-5179/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5179/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5179/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin saz və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 293-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2400 manat əsas borc, 3438,15 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 344-L/18 nömrəli lizinq müqaviləsi üzrə 130 manat əsas borc, 284,44 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 16 mart 2018-ci il tarixli 344-L/18 və 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 6 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilə üzrə 2 400 manat gecikdirilmiş borc, 3 438,15 manat cərimə borcu olmaqla cəmi 5 838,15 manat və 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli müqavilə üzrə 130 manat gecikdirilmiş borc, 284,44 manat cərimə borcu olmaqla cəmi 414,44 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən, borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 748-1.12.4-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərək, 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilə üzrə texnikanın istifadə edilmiş olduğunu, yolda motorunda problem yarandığını, lakin iddiaçı güzəşt tətbiq etmədiyindən texnikanın təmir edilmədiyini, hazırda istifadəsiz qaldığını bildirdi və tələb olunan pulu hissə-hissə ödəyə biləcəyini qeyd etdi.

7. Cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmiş, məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçiriməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – "xxxx" ASC (lizinq verən qismində) ilə Cavabdeh (lizinq alan qismində) arasında bağlanmış 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ilə lizinq verən ümumi məbləği 7000 manat olan 1 ədəd “FT- 404” markalı kotanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikalarının ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləğinin 7000 manat olması, həmin məbləğin 1400 manatının ilkin ödəniş olaraq, qalan məbləğin 2018-ci ilin İİ rübündən 2022-ci ilin İ rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2018-ci il tarixli akt əsasında saz vəziyyətdə cavabdeh tərəfindən təhvil alınmışdır, cavabdeh tərəfindən ilkin ödəniş daxil ümumilikdə 1800 manat ödəniş edilmiş, qalan borc məbləği üzrə 2800 manat güzəşt tətbiq edilmişdir. – "xxxx" ASC (lizinq verən qismində) ilə Cavabdeh (lizinq alan qismində) arasında bağlanmış 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ilə lizinq verən ümumi məbləği 750 manat olan 1 ədəd “KNP- 14.3” markalı kotanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikalarının ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləğinin 750 manat olması, həmin məbləğin 150 manatının ilkin ödəniş olaraq, qalan məbləğin 2018-ci ilin İİ rübündən 2019cu ilin İ rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2018-ci il tarixli akt əsasında saz vəziyyətdə cavabdeh tərəfindən təhvil alınmışdır, cavabdeh tərəfindən ilkin ödəniş daxil ümumilikdə 320 manat ödəniş edilmiş, qalan borc məbləği üzrə 300 manat güzəşt tətbiq edilmişdir.; – "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

12. İddiaçı 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2400 manat, 16 mart 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 130 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilə üzrə lizinq obyektində texniki nasazlıq olduğunu, əsas borcu hissə-hissə ödəyə biləcəyini bildirir.

14. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

15. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

17. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

18. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

19. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

20. Məhkəmə cavabdehin lizinq obyektinin işlək olmaması ilə bağlı arqumentləri ilə bağlı isə aşağıdakıları qeyd edir.

21. Əvvəla göstərilməlidir ki, cavabdeh xx.xx.2018-ci il tarixli akta imza etməklə lizinq obyektini saz vəziyyətdə təhvil alıdığını təsdiq etmişdir. Bu halda yalnız lizinq obyekti təhvil alındıqdan sonra meydana gələn hər hansı nasazlıqdan bəhz etmək olar.

22. Mülki Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

23. Həmin maddənin tələbinə görə, lizinq alan lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir, lizinq verən lizinq obyekti olan əmlakın əsaslı təmirini isə o zaman həyata keçirir ki, lizinq müqaviləsində bununla bağlı ayrı qayda nəzərdə tutulmasın.

24. Hazırkı halda isə tərəflər arasında bağlanmış 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilənin şərtlərindən görünür ki, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir (2.2.3). Lizinq alan Texnikadan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına müəssisə – istehsalçının təlimatlarına əməl etməklə müvafiq öhdəlik daşıyır (3.8). Lizinq alan Texnikanın texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirir (3.9-cu bənd).

25. Göründüyü kimi, hazırkı işdə tərəflər lizinq müqaviləsində fərqli tənzimləmə həyata keçirmiş, cavabdeh lizinq müqaviləsini bağlayarkən texnika üzrə yarana biləcək bütün mümkün təmir xərclərini bilavasitə öz öhdəsinə götürmüşdür.

26. Digər tərəfdən, cavabdeh lizinq obyektinin təmir edilməli olması, təmirin cari və ya orta təmir olması, qüsurlar barədə müvafiq qaydada məlumat verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda lizinq obyekti təmirdə olduğu müddətdə lizinq alanın lizinq ödənişlərinin həyata keçirilməsini dayandırmaq hüququna malik olduğu nə Mülki Məcəllə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur.

27. Belə olan halda cavabdehin etirazı əsaslı sayıla bilməz.

28. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2400 manat, 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli lizinq müqaviləsi üzrə 130 manat əsas borc Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

34. İddiaçı 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli lizinq müqaviləsi üzrə 3438,15 manat, 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli lizinq müqaviləsi üzrə 284,44 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

35. 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli və 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

36. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafikdən görünür ki, cərimə məbləğləri 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilə üzrə 2020-ci ilin İV rübündən, 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli müqavilə üzrə 2019-cu ilin İ rübündən hesablanmağa başlanmaqla birinci müqavilə üçün 3438,15 manat, ikinci müqavilə üçün 284,44 manat təşkil edir.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

40. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də cavabdeh tərəfindən az məbləğdə qrafik üzrə ödəniş edilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

41. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilə üzrə 110 manat, 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli müqavilə üzrə 10 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli müqavilə üzrə 110 manat, 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli müqavilə üzrə 10 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

45. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, büdcə təşkilatları məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azaddır.

46. İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi dövlət orqanı kimi büdcədən maliyyələşən təşkilat olduğundan dövlət rüsumu ödəməkdən azaddır.

47. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

48. Hazırkı iş üzrə iddianın təmin olunan hissəsinə uyğun olaraq ödənilməli dövlət rüsumu 36 manat təşkil etdiyindən məhkəmə bu qərara gəlir ki, iddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun tələbin təmin olunan hissəsinə uyğun olaraq 36 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2018-ci il tarixli 293-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə 2400 manat əsas borc, 110 manat cərimə məbləği, 16 mart 2018-ci il tarixli 344-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə 130 manat əsas borc, 10 manat cərimə məbləği olmaqla ümumilikdə 2650 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar