Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-518/2023 30.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödənilməmiş 9254,31 (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,54 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9254,31 (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) manat hissəsini bu günədək ödəməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, təyin edilmiş mediatot vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayış vermişdir. Mediasiya xərci olan 100 manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilənin etibarsız hesab edilməsi, iddia ərizəsi üçün ödənilən 100 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin iddiasını əsassız hesab edir. Çünki aralarında bağlanan xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilə yalan əqddir, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır və bu səbəbdən də İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Tərəflər arasında xx.xx.2018-ci il tarixli, xxxxxxx000201 saylı əmək müqaviləsi bağlanmış və əmək haqqı 400 manat olmaqla, Cavabdeh satış üzrə nümayəndə vəzifəsinə işə götürülmüşdür. İddiaçı MMC-də Cavabdeh vəzifə üzrə öhdəliyi mağazalara gedərək, sifarişləri götürmək, həmin sifarişləri mərkəzi sistemə qeyd etmək olmuşdur. Bundan sonra isə həmin sifarişlərdə qeyd edilən məhsullar sürücülər vasitəsilə marketlərə göndərilirdi. Həmçinin İddiaçı MMC-də belə bir qayda da var idi ki, sifarişdə göstərilən - yəni mağazalara çatdırılmalı olan məhsullara dair satış üzrə nümayəndələr ilə müqavilə bağlanılırdı, yəni həmin məhsullara görə satış üzrə nümayəndə məsuliyyət daşıyır. Bu müqavilənin bağlanılması bütün satış üzrə nümayəndələr üçün məcburi şərt idi. Cavabdeh da İddiaçı MMC-nin şirkətdaxili şərtinə əməl edərək, İddiaçı MMC-dən götürülüb sifariş üzrə mağazalara çatdırılmalı olan məhsullar barədə xx.xx.2019-cu il tarixli müqavilə bağlamalı olmuşdur. İddiaçı MMC-də işlədiyi müddət ərzində Cavabdeh işi ancaq sifarişləri mağazadan götürmək olmuşdur. Malların mağazalara çatdırılmasını isə o etmirdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə işdən çıxdı və əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüş hesab edildi. Cavabdeh bir müddət əvvəl bilmişdir ki, İddiaçı MMC ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə nəzər salanda müəyyən etmişdir ki, iddia ərizəsində həqiqətə uyğun olmayan hallar qeyd edilmiş, xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilə bağlanan zaman Cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə işlədiyi, aralarında əmək müqaviləsinin olması, müqavilədə qeyd edilən malların Cavabdeh deyil, mağazalara satılan mallar olması qeyd edilməmişdir. Həmin iddiadan belə görünür ki, güya Cavabdeh İddiaçı MMC-dən nisyə mal almış və onların dəyərini tam ödəməmişdir. Əslində isə Cavabdeh heç vaxt İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi ilə mal almamışdır. Cavabdeh sadəcə öz vəzifə öhdəliklərini yerinə yetirərək müqavilədə qeyd edilən malların sifarişini mağazalardan götürərək mərkəzi sistemə qeyd etmişdir. Həmin məhsullar da sürücülər vasitəsilə mağazalara çatdırılmışdır. Cavabdeh həmin məhsullar üzərində heç bir səlahiyyəti olmamışdır. Cavabdeh ilə İddiaçı MMC arasında “tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmalı olduğu halda İddiaçı MMC öz maddi maraqlarını düşünərək, hüquqi savadsızlığından və etibarından istifadə edib, Cavabdeh tam maddi məsuliyyət barədə şərtləri izah edərək, onunıa “məhsulların nisyə alqı-satqısı” müqaviləsi bağlamışdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilə etibarsız müqavilə hesab edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi isə hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti nəzərə alınmaqla, iddia müddətinin ötürülmədiyini, eləcə də cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2020-ci il tarixdə edildiyini, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin əsassız olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. İş materiallarından görünür ki: - Satıcı – İddiaçı MMC ilə alıcı – Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 30000 manat dəyərində müxtəlif çeşiddli məhsulları 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən aktda adları göstərilən 30000 manat dəyərində məhsullar satıcı – İddiaçı MMC tərəfindən alıcı – Cavabdeh təhvil verilmiş, alıcı tərəfindən isə öz növbəsində təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, onun, yəni Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı MMCyə 30000 (otuz min) manat borcu yaranmışdır. İddiaçı MMC-yə olan borcunu etiraf edir və 3 (üç) aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa razı olduğunu və ərizəni heç bir təsir olmadan özü yazdığını qeyd etmiş, yazılanları imzası ilə təsdiq etmişdir. - ƏİA/3 seriyalı, 811870 nömrəli, 10 mart 2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 6500 (altı min beş yüz) manat məbləğində ödəniş edilmişdir. - ƏİA/3 seriyalı, 811878 nömrəli, 25 iyun 2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 7245 (yeddi min iki yüz qırx beş) manat məbləğində ödəniş edilmişdir. - ƏİA/3 seriyalı, 811881 nömrəli, 21 iyul 2020-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 7000,70 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1052 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 5 (iş) günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir. - tərəflər arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət daşınması haqqında müqavilələr bağlanmış, xx.xx.2020-ci tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi xx.xx.2017-ci il tarixdən vergi uçotuna alınmışdır. Tərəflər arasında məhsulların nisyə alqı-satqısı barədə 27 noyabr 2019-cu il tarixli, 038/2019 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) məhsulları (30000 manat dəyərində olan bizon və GO markalı silver energetik içkilər) alıcıya təhvil vermiş, həmin məhsulların dəyəri qismən ödənilmiş, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya göstərilən məbləğdə borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ilkin iddia üzrə cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə ilkin iddia üzrə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq, cavabdehin etirazını əsassız sayaraq hesab edir ki, ilkin iddia əsas borcun tutulması hissəsində təmin edilməli və ilkin iddia üzrə Cavabdeh 9254,31 manat (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) məbləğində pul ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. İlkin iddia üzrə iddiaçı 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,54 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 12,54 manat (on iki manat əlli dörd qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2) borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilə 27 noyabr 2019-cu il tarixdə bağlanmış və həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə icra müddəti 3 ay müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hazırkı tələblə bağlı xx.xx.2022-cil tarixdə müraciət edilmişdir. Bundan başqa, xx.xx.2020ci il tarixdə iddiaçının hesabına ödəniş edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Qarşılıqlı iddia tələbi Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038/2019 saylı müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci və 347-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü madəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2.2-ci maddəsinə əsasən şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi vacib əhəmiyyətli yanılmadır. 347.2.3-ci maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılmadır. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunmalıdır ki, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhkəmə qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında müqavilə bağlanan zaman Cavabdeh iradəsinin ziddinə olaraq hərəkət edilməsi halları müəyyən edilmir. Qeyd edilən hallarla bağlı qarşılıqlı iddia üzrə iddiaçı tərəfdən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildirsə, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, eyni zamanda tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması kimi hallara istinad etsə də, müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması faktı öz təsdiqini tapmamışdır. Beləliklə müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qarşılıqlı iddianı əsassız hesab edərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 9254,31 manat (doqquz min iki yüz əlli dörd manat otuz bir qəpik) məbləğində borc, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 12,54 manat (on iki manat əlli dörd qəpik) olmaqla, cəmi 9366,85 manat (doqquz min üç yüz altmış altı manat səksən beş qəpik) məbləğində pul ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-518/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-518/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver