Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5180/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 4.579,95 (1034,50 ƏDV və 3545,45 ƏSAS) manat borc, 9.984,40 manat dəbbə pulu, 267,12 manat əldən çıxmış fayda, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ olmaqla, ümumilikdə 14.831,47 manat pul və 135 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixində, TMK22002 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh QSC-nin İddiaçı MMC-yə, ümumilikdə, 4.579,95 (1.034,50 ƏDV və 3.545,45 əsas) borcu mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli EBBV seriyalı, 652458 nömrəli elektron qaimə-fakturaya əsasən, Cavabdeh QSC-yə 10.279,95 manat həcmində malın təqdim edildiyi görülür. Hesab üzrə çıxarışdan da göründüyü kimi, ümumilikdə 5.700,00 manat həcmində ödəniş olmuşdur. Lakin, bu günə qədər borcun qalan hissəsi aktiv olaraq qalmaqdadır. Həmin müqavilənin 8.7-ci maddəsinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. 4.579,95 (borc) x 0.5% (cərimə məbləği) = 22,90 (bir gün üçün) x 22,90 (bir gün üçün) x 436 (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan günlərin sayı) = 9984.40 (ümumi dəbbə məbləği). Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 4.578,95 manat x 5% = 229 manat : 12 ay = 19,08 manat x 14 ay = 267.12 manat.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, TMK22002 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: 1) alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, 2) satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcıya təhvil verəcək və 3) alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir.
11. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBV seriyalı, 652458 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 10.279,95 manat olan elektron qaimə və dəyəri 10.279,95 manat olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli invoys göndərilmişdir.
15. İddiaçı tərəf iddia ərizəsinin məzmununda cavabdehə 10.279,95 manat məbləğində mal təhvil verildiyini, cavabdehin cəmi 5.700 manat ödəniş etdiyini, 4.579,95 manat borcunun qaldığını qeyd etmişdir.
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdeh tərəf malların təhvil verildiyini, borcun olmasını qəbul etmiş, maddi problemlərlə əlaqədar borcu ödəyə bilmədiklərini bildirmişdir.
17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdeh də elektron qaimə üzrə ödəniş etməklə malların ona verildiyini qəbul etmiş və onun verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
18. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 4.579,95 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə 9.984,40 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 8.7-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 %-i miqdarında cərimə ödəməlidir.
21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
22. Hazırkı işin hallarından görünür ki, cavabdehin 4.579,95 manat əsas borcuna münasibətdə 230 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
23. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 267,12 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. xx.xx.2022-ci il tarixli, TMK22002 nömrəli alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi 5.000 manat limit çərçivəsində olan malın dəyərinin 100%-ni müvafiq mal partiyasının satıcının anbarına daxil olduğu tarixdən etibarən 14 gün ərzində satıcının hesabına ödəməlidir. Əgər, alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə satıcı müvafiq malların alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alıcıdan tələb edə bilər.
25. İş materiallarından da, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə malların verilməsi barədə elektron qaimə xx.xx.2022-ci il tarixdə, iddia ərizəsi isə Məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni təxmini 2 il, 2 ay sonra verilmişdir.
26. İddiaçı tərəf isə, iddiasında ancaq gecikdirilmiş 14 ay üzrə, əsas borca illik 5 faiz hesablanmaqla 267,12 manat pulun tutulmasını tələb edir.
27. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 267,12 (4.579,95x5/100=228,9975 (12 ay üçün), 228,9975/12=19,083 (1 ay üçün), 19,083x14=267,16 (14 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
29. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 320 manat məbləğində pul 18 saylı Vəkil Bürosunun hesabına ödənmişdir.
30. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 70,77 manat məbləğində pul da, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.579 (dörd min beş yüz yetmiş doqquz) manat, 95 (doxsan beş) qəpik, cərimə borcu üzrə 230 (iki yüz otuz) manat olmaqla, cəmi 4.809 (dörd min səkkiz yüz doqquz) manat, 95 (doxsan beş) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 267 (iki yüz altmış yeddi) manat, 12 (on iki) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkiləçəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov