Məhkəmə qərarları › İş №e-2-2(113)-5180/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5180/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5180/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-in Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı-in Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında razılaşdırılan 70000 EURO (yetmiş min avro) məbləğinin, bu məbləği əsassız mülkiyyətində saxlamaq və beləliklə əsassız varlanmaya görə 10000 EUR (on min avro) məbləğində cərimənin və məhkəmə xərclərininin ödənilməsi üçün 10000 EUR (on min avro) məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2024cü il tarixli AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli və xx.xx.2025 tarixli AZF/0225 nömrəli şin piroliz yağının Alqı-Satqı Müqavilələri çərçivəsində Cavabdeh, İddiaçını şin piroliz yağı ilə təmin etməyi, İddiaçı isə Cavabdehə Müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada ödənişləri həyata keçirməyi qəbul etmişdir. Müqavilələrə uyğun olaraq, İddiaçı 70,000 EUR (yetmiş min avro) məbləğində avans ödəmişdir. Cavabdeh bu avans məbləği qarşılığında AS 1-ə əsasən dörd ay ərzində, AS 2 və AS 3-ə əsasən isə bir ay ərzində Malları təmin etməli idi, lakin Mallar bu günə kimi Cavabdeh tərəfindən təmin edilməyib.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində özünün iddia tələbini onunla əsaslandırır ki, iddiaçı və cavabdeh arasında: i) xx.xx.2024-cü il tarixində imzalanmış AZF/0324 nömrəli (bundan sonra “AS 1”); ii) xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli (bundan sonra “AS 2”); və iii) xx.xx.2025 tarixli AZF/0225 nömrəli (bundan sonra “AS 3”) şin piroliz yağının Alqı-Satqı Müqavilələri (bundan sonra ümumilikdə “Müqavilələr”) çərçivəsində Cavabdeh, İddiaçını şin piroliz yağı (bundan sonra “Mallar”) ilə təmin etməyi, İddiaçı isə Cavabdehə Müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada ödənişləri həyata keçirməyi qəbul etmişdir. Müqavilələrə uyğun olaraq, İddiaçı 70,000 EUR (yetmiş min avro) məbləğində avans ödəmişdir. Cavabdeh bu avans məbləği qarşılığında AS 1-ə əsasən, 4 (dörd) ay ərzində, AS 2 və AS 3-ə əsasən isə, bir ay ərzində Malların təqdim edilməsini təmin etməli idi. Lakin Mallar bugünə kimi Cavabdeh tərəfindən təmin edilməyib. İddiaçının İddiasına qarşı hazırkı Etirazımızla qeyd etmək istəyirik ki, İddiaçının təqdim etdiyi iddia saxta faktlara əsaslanır. Onun əsaslandığı müqavilələrin hamısı simulyasiya edilir. X4 şirkətinin səhmlərinin 99%-nin X2nin təmsil etdiyi Adamant qrupuna satışı üzrə danışıqlar çərçivəsində yaranıb. Bu cür danışıqlar 2023-cü ilə aiddir və 2025-ci ilin aprelində yenidən Adamant tərəfindən qəfil dayandırılmışdır. Müqavilələrin simulyasiya edildiyini sübut edən əsaslı sübutlar var. 2 Məsələn: A) Reallıqda İddiaçı. şirkəti bu uydurma alışların faktiki xərclərini öz üzərinə götürməyib; B) Bu cür uydurma alışların xərclərini Brioil-un 99%-lik səhmdarı, yəni Brio Group öz üzərinə götürmüşdü, çünki mallar üçün hər bir uydurma ödənişlə Brioil səhmlərinin razılaşdırılmış alış qiyməti ekvivalent məbləğdə azaldılırdı. Bu razılaşma e-poçt vasitəsilə yazılı yazışmalarda təsdiq edilmişdir; C) X2 (bütün Adamant şirkətlərinin direktoru və Müqavilələri imzalayan şəxs) Brioil zavodunun həm tikintisinin tamamlanmaması, həm də lazımi icazələrin olmaması səbəbindən fəaliyyət göstərmədiyini əvvəlcədən bilirdi. Beləliklə də, hər iki tərəfə malların çatdırılma tarixlərinin real olmadığı aydın görünür; D) Cənab Marchetti, Cavabdeh İddiaçı. şirkətinin adından, hazırda qüvvədə olan üç müqaviləni imzalamışdır—4 dekabr 2024-cü il tarixli; 17 yanvar 2025-ci il; və 3 fevral 2025-ci il— və müvafiq ödənişləri həyata keçirdi (13 dekabr 2024-cü il = 40.000 avro; 21 yanvar 2025-ci il = 10.000 avro; 5 fevral 2025-ci il = 20.000 avro). Buna görə də, 20 iyul 2024-cü il tarixinə cavabdeh Brioil artıq ilk tədarük üçün defolt idi və 20 oktyabr 2024-cü ildə bütün müqavilə üzrə defolt idi. Bəs niyə cənab Marchetti etiraz bildirişi göndərmədi və bunun əvəzinə – 20 oktyabr 2024-cü il tarixindən sonra – bu dəfə İddiaçı. olaraq 4 dekabr 2024-cü ildə üç yeni müqavilə imzaladı; 17 yanvar 2025-ci il; və 3 fevral 2025-ci il, Brioil-in defolt olduğunu bilə-bilə? Üstəlik, hətta Adamant Europe B.V. (Hollandiya) kimi, ilk çatdırılmadan (20 iyul 2024-cü il) sonra, cənab Marchetti daha böyük məbləğə (335 MT – Qiymət: €401 avro) daha bir müqavilə imzaladı - 12 sentyabr 2024-cü il tarixli AZF/0224 saylı Müqavilə. Bu müqavilənin də müddəti dörd ay idi və ilk göndərmə əvvəlcədən ödəmədən sonra 30 gün ərzində baş verəcəkdi. İlkin ödənişlər 13 sentyabr 2024-cü il (100.000 avro) və 19 sentyabr 2024-cü il (34.000 avro) tarixlərində həyata keçirilib. Beləliklə, 19 oktyabr 2024-cü il tarixinə qədər ilk çatdırılma artıq (görünən) yerinə yetirilməmişdir. Bununla belə, cənab Marchetti tərəflər arasında həqiqi razılaşmaların fərqli xarakter daşıdığını tam bildiyi üçün heç bir narahatlıq yaratmadı. E) Yuxarıda göstərilənlərdən asılı olmayaraq, İddiaçının adından müqavilələrin təqlid edildiyini və yalnız maliyyə əməliyyatlarına haqq qazandırmaq üçün xidmət etdiyini etiraf edən yazılı sübut və cənab Marchetti tərəfindən açıq-aydın etiraf mövcuddur. Məsələn, “6 dekabr 2024-cü il, Cümə, 11:13:26” tarixli e-poçta baxanda, burada açıq şəkildə deyilir: “Biz Bakıdakı piroliz zavodu ilə bağlı cari xərcləri ödəmək üçün 40 000 avro məbləğində avans verməyə hazır olduğumuzu təsdiq edirik. 3 Bununla belə, vurğulamaq istərdik ki, bu məbləğ razılaşdırıldığı kimi Brioil MMC-nin Brio Group SCCRL-dən ümumi alış qiymətindən çıxılacaq”. Eynilə, “30 Yanvar 2025-ci il, 17:56:39” e-poçtunda (artıq sizə göndərilib) deyilir: “Axşamınız xeyir Vito, Məndən cari xərclər üçün əlavə 20.000 avro avans tələb etdilər. Zəhmət olmasa təsdiqləyin ki, aşağıdakı kimi davam edim. Hörmətlə, Rikkardo.” Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələblərini nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edirik.

5. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı etiraza əlavə təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının əsaslandığı müqavilələrin hamısı simulyasiya edilir və uydurma əqd kimi qiymətləndirilir. İddia ərizəsinin məzmununa diqqət etsək, tərəflər arasında mövcud olan münasibətlər tam şəkildə aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, ayda əlli üç tam iyirmi beş metrlik ton (25 ton) olan miqdarı hər ay çatdırılmalıdır. Həmin müqavilə imzalandıqdan sonra tərəflər arasında hər hansı malların çatdırılması və ixracı ilə bağlı akt imzalanmamışdır. Lakin iddiaçı daha sonra 2 yeni müqavilə hazırlayaraq eyni məzmunla müqavilələri təsdiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, əslində iddiaçının niyyəti və məqsədi malların alınması ilə bağlı deyildir və bu halları bilirdi. İddiaçı malların ixrac olunmadığını bildiyi halda eyni predmetlə bağlı yeni müqavilə imzalayır. Qanunvericiliyə diqqət etsək, həmin müqavilələr yalnız görünüş üçün bağlanılan uydurma əqd olaraq qiymətləndirə bilərik. Həmçinin iş materiallarındakı xərclərə diqqət etsək, kəmiyyət və keyfiyyətlə bağlı əlavələrdə qeydlərin olması və mövcud xərclərin 50 /50 olaraq qiymətləndirilməsi əks olunmuşdur. Lakin iş üzrə proseslərdə və iddia ərizəsində həmin hallar lazımi qədər aydınlaşdırılmayıb, mötəbər subutlar məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq iddia ərizəsində əsassız varlanmaya görə 10 min avro məbləğində və məhkəmə xərcləri ilə bağlı 10 min avro pul tələbi edilsə də, iddia ərizəsinə həmin halların əsaslanacağı faltiki sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qeyd etdiyimiz halları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirik. II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İtaliya Biznes Reyestrindən çıxarışa əsasən iddiaçının təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmaqla xx.xx.2013-cü ildə təsis edilmiş, fəaliyyətə başlama tarixi xx.xx.2013-cü ildir, fəaliyyəti hazırda aktivdir.

12. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli AZF/0324 nömrəli Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsinə əsasən satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağı və qəbul etməyə razılaşır. Ayda əlli iki metrlik ton (50 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.

13. Müqavilənin 5-ci bəndinə əsasən avans ödənişi: bu müqavilə tarixindən sonra satıcı alıcıya 1 (bir) aylıq tədarükə və 50 ton məhsula ekvivalent olan 20000/iyirmi min avro (avans ödəniş) məbləğində mallar görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.

14. Müqavilənin 10-cu bəndinə əsasən bu müqavilə yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir.

15. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsinə əsasən satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağı və qəbul etməyə razılaşır. Ayda əlli iki metrlik ton (50 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.

16. Müqavilənin 5-ci bəndinə əsasən avans ödənişi: bu müqavilə tarixindən sonra satıcı alıcıya 1 (bir) aylıq tədarükə və 50 ton məhsula ekvivalent olan 20.000/iyirmi min avro (avans ödəniş) məbləğində mallar görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.

17. Müqavilənin 10-cu bəndinə əsasən bu müqavilə yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir.

18. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli AZF/0225 nömrəli Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsinə əsasən satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağı və qəbul etməyə razılaşır. Ayda əlli iki metrlik ton (50 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.

19. Müqavilənin 5-ci bəndinə əsasən avans ödənişi: bu müqavilə tarixindən sonra satıcı alıcıya 1 (bir) aylıq tədarükə və 50 ton məhsula ekvivalent olan 20.000/iyirmi min avro (avans ödəniş) məbləğində mallar görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.

20. Müqavilənin 10-cu bəndinə əsasən bu müqavilə yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir.

21. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən hazırkı müqavilələr üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı məhsul təhvil verilməmişdir.

22. İddiaçı tərəfindən verilmiş ödəniş tapşırıqlarına və məhkəmə sorğusuna əsasən alınmış Unibank KB ASC tərəfindən verilmiş bank çıxarışlarına görə iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü ildə 40000 Avro, xx.xx.2025-ci ildə 10000 Avro, xx.xx.2025-ci ildə 20000 Avro avans ödənilmişdir.

23. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə qeydiyyata alınmış xarici ölkənin hüquqi şəxsidir) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası məhkəmələrinin hazırkı mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

26. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

27. 443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmin işlərə baxmağa haqlıdır.

28. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış alqısatqı müqavilələrindən irəli gəlir.

29. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş, hüquqi ünvanı Azərbaycan Respublikasında olan hüquqi şəxsdir.

30. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

31. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

32. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli və xx.xx.2025-ci il tarixli AZF/0225 nömrəli Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqavilələrinin 10-cu bəndinə əsasən müqavilələr yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir.

33. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda kommersiya mübahisəsinə Böyük Britaniya və X1 Krallığının mülki qanunvericiliyi tətbiq edilməlidir.

34. Belə ki, hazırkı iddia iki hissədən ibarətdir: 1. Ödənilmiş avansın geri qaytarılması; 2. Zərərin ödənilməsi.

35. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

36. Belə ki, Malların satışı haqqında 1979-cu il tarixli X3 birinci hissəsinin qanunun tətbiq olunduğu müqavilələr müddəasından görünür ki, bu qanun 1 yanvar 1894-cü ildə və ya bu tarixdə sonra bağlanmış malların alqı-satqısı müqavilələrinə aiddir, lakin ondan əvvəl bağlanmış müqavilələrə şamil edilmir.

37. Həmin qanunun alqı-satqı müqaviləsinə dair 2-ci maddəsinin 1-ci bəndindən görünür ki, malların alqı-satqısı haqqında müqavilə satıcının malın əmlakını qiymət adlanan pul mükafatı qarşılığında alıcıya təhvil verdiyi və ya verməyə razı olduğu müqavilədir.

38. Həmin qanunun 4-cü maddəsinin 1-ci bəndindən görünür ki, bu və digər hansı bir qanuna əsasən, alqı-satqı müqaviləsi yazılı şəkildə (möhürlə və ya olmadan), şifahi və ya qismən yazılı və qismən şifahi şəkildə bağlana bilər və ya tərəflərin davranışında nəzərdə tutula bilər.

39. Həmin qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən alqı-satqı müqaviləsinin predmeti olan mallar ya satıcıya məxsus mövcud mallar, ya da bu qanunda gələcək mallar adlanan alqı-satqı müqaviləsi bağlandıqdan sonra istehsal ediləcək və ya alınacaq mallar ola bilər.

40. Həmin qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən alqı-satqı müqaviləsinə əsasən satıcı gələcək malların cari satışını həyata keçirmək niyyətindədirsə, belə bir müqavilə malların satışına dair müqavilə kimi çıxış edir.

41. Həmin qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən alqı-satqı müqaviləsindəki qiymət müqavilədə qeyd edilə bilər və ya müqavilədə razılaşdırılmış qaydada dəyişməz qala bilər və ya tərəflər arasındakı işgüzar münasibətlər zamanı müəyyən edilə bilər.

42. Həmin qanunun 27-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq malı təhvil vermək satıcının, alıcının isə onları qəbul edib haqqını ödəmək vəzifəsidir.

43. Həmin qanunun 29-cu maddısinin 3-cü bəndinə əsasən əgər alqı-satqı müqaviləsinə əsasən satıcı malı alıcıya göndərməklə bağlı öhdəlik daşıyırsa, lakin onların göndərilməsi üçün vaxt müəyyən edilməmişdirsə, satıcı onları ağlabatan müddət ərzində göndərməklə bağlı öhdəlik daşıyır.

44. Həmin qanunun 51-ci maddəsinin 1-ci bəndinə əsasən satıcı malı alıcıya çatdırmaqla bağlı əsassız olaraq səhlənkar davranarsa və ya ondan imtina edərsə, alıcı təhvil verilməməsinə görə zərərin ödənilməsi üçün satıcıya qarşı iddia qaldıra bilər.

45. Həmin qanunun 51-ci maddəsinin 2-ci bəndinə əsasən zərərin ölçüsü, satıcının müqaviləni pozması nəticəsində hadisələrin adi gedişində birbaşa və təbii olaraq nəticələnən təxmin edilən itkidir.

46. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli və xx.xx.2025-ci il tarixli AZF/0225 nömrəli Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr üzrə alıcı olan iddiaçı tərəfindən satıcıya (cavabdeh) ümumilikdə 70000 Avro vəsait ödənilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilə üzrə razılaşdırılmış malları alıcıya təhvil verməmişdir.

47. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

48. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli və xx.xx.2025-ci il tarixli AZF/0225 nömrəli müqavilələr üzrə qabaqcadan ödənilmiş olan 70000 Avro vəsaiti geri tələb etməklə haqlıdır, iddia tələbi birinci hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

49. Cavabdeh tərəf qeyd edilən müqavilələrin etibarsız olduğunu bildirsə də, məhkəmə hesab edir ki, əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

50. Belə ki, Böyük Britaniya mülki hüququnda etibarsız əqdlər iki qrupa: tam etibarsız (void) və ləğv edilə bilən, yəni mübahisələndirilən (voidable) müqavilələrə bölünür.

51. Tam etibarsız (void) müqavilələrə - qanunsuzluq (illegality - yəni müqavilənin predmeti cinayət xarakterlidirsə, qanuna ziddirsə, qanunsuz fəaliyyəti maliyyələşdirirsə), əsaslı səhv (common mistake, məsələn mövcud olmayan əşyanın satışı və sairə), qeyrimüəyyənlik (uncertainty, yəni müqavilə şərtləri kifayət qədər aydın deyilsə, müqavilə icra edilə bilən deyildirsə), zəruri elementlərin olmaması (təklif, qəbul, məzmun) aiddir.

52. Ləğv edilə bilən (voidable) müqavilələr etibarlı, lakin zərərçəkən tərəfindən ləğv edilə bilən əqdlərdir.

53. Onlara aldatma və yanlış təqdimat (misrepresentation), məcbur etmə (duress), həddindən artıq təsir (undue influence), tərəfin hüquq qabiliyyətinin olmaması (lack of capacity) aiddir.

54. Bu səbəbdən məhkəmə cavabdehin göstərilən müqavilələrin etibarsız olması barədə dəlilini əsassız hesab edir.

55. Məhkəmə iddianı ikinci hissədə əsassız hesab edir.

56. Belə ki, iddiaçı iddia ərizəsində 70000 Avro məbləği cavabdehin əsassız mülkiyyətində saxlamaq və beləliklə əsassız varlanmaya görə 10000 Avro məbləğində cərimənin ödənilməsi tələbini irəli sürmüşdür.

57. Malların satışı haqqında 1979-cu il tarixli X3 51-ci maddəsinin birinci hissəsində əsasən satıcı malı alıcıya çatdırmaqla bağlı əsassız olaraq səhlənkar davranarsa və ya ondan imtina edərsə, alıcı təhvil verilməməsinə görə zərərin ödənilməsi üçün satıcıya qarşı iddia qaldıra bilər.

58. Həmin qanunun 51-ci maddəsinin 2-ci bəndinə əsasən zərərin ölçüsü, satıcının müqaviləni pozması nəticəsində hadisələrin adi gedişində birbaşa və təbii olaraq nəticələnən təxmin edilən itkidir.

59. Həmin qanunun 51-ci maddəsinin 3-cü bəndinə əsasən sözügedən mallar üçün mövcud bazar qiyməti mövcud olduqda, zərərin ölçüsü ilkin olaraq malların qiyməti ilə malın çatdırıldığı və ya çatdırılmalı olduğu andakı bazar qiyməti və ya cari qiymət arasındakı fərqlə və ya qəbuldan imtina zamanı (əgər çatdırılma üçün vaxt müəyyən edilməmişdirsə) müəyyən edilməlidir.

60. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, iddia ərizəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

61. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 70000 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 428,72 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, iddiaçı tərəfin tərcüməçiyə ödədiyi, habelə notariat xidmətləri ilə bağlı çəkdiyi 619 manat məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 117,28 manat dövlət rüsumu və digər məhkəmə xərcləri isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 70000 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 428,72 manat dövlət rüsumu və 619 manat digər məhkəmə xərci tutularaq İddiaçı-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 117,28 manat dövlət rüsumu və digər məhkəmə xərcləri İddiaçı-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar