Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5185/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 4186 (dörd min yüz səksən altı) manat məbləğində pulun və dəymiş maddi zərərə görə 2400 (iki min dörd yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 86 (səksən altı) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 iyun 2022-ci il tarixdə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 ilə “mətbəx vitrin dəsti” hazırlanması və təhvil verilməsi üçün müqavilə bağlamışdır. Müqavilənin 5-ci bəndində "Alıcı"nın sifariş olunan malın dəyərinin 60% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və "Satıcı"nın təqdim etdiyi hesab fakturanı aldıqdan sonra 1 (bir) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirməsi və mal "Alıcı"ya tam təhvil verildikdən sonra "Alıcı"nın 1 (bir) iş günü ərzində malın dəyərinin 40% həcmində ödəniş etməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənim üzərimə düşən öhdəliklər tərəfimdən vaxtında və lazımi qaydada icra olunaraq mətbəx vitrin dəsti tam şəkildə hazırlanıb Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 təhvil verilmiş, Cavabdeh1 mebeli çox bəyəndiyini bildirmişdir. Bütün bunları təsdiqləyən səs yazıları mövcuddur. Bir müddət sonra Cavabdeh1 ödənişdən yayınmaq üçün müxtəlif bəhanələr gətirərək guya mebelin qüsurlu olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən tərəfimdən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət ünvanlanmışdır. Araşdırma nəticəsində Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Tariyel Muradovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan da göründüyü kimi Cavabdeh1 4186 manat məbləğində pulu ödəmədiyini etiraf etmiş, izahatında bunu guya mebeldə yaranmış qüsurlarla və mebelin gec təhvil verilməsi ilə əlaqələndirmişdir. Halbuki, tərəfimdən iddia ərizəsinə əlavə edilmiş mesaj və səs yazılarından da göründüyü kimi Cavabdeh1 whatsapp vasitəsi ilə mənimlə birlikdə çalışan Məryəm Kərimovaya sms yazaraq mebeli yığışdırmağı ona bildirmiş, hətta tələsik işin ona lazım olmadığını demişdir. Mebelin götürülməsini istməsinə səbəb isə obyektdə bizə aidiyyatı olmayan təmir işlərinin yekunlaşmaması olmuşdur. Bunu təsdiqləyən 18 saniyəlik və 33 saniyəlik səs yazısı da iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş fotoşəkil və səs yazısından da müyyən olunur ki, Cavabdeh1 və anası Rəna Axundova pulu ödəyəcəklərinə dair söz vermiş, lakin Cavabdeh1 bu vədlərinə hazıradək əməl etməyərək, aramızda bağlanmış müqavilənin 5-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində mənə 2400 (iki min dörd yüz) manat məbləğində maddi zərər dəymişdir Mən cavabdehə Cavabdeh1 4186 (dörd min yüz səksən altı) manat məbləğində pulun və mənə dəymiş 2400 ( iki min dörd yüz) manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı pretenziya məktubu göndərsəm də, bu bir nəticə verməmişdir.
3. Cavabdeh1 iddia ərizəsi ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 direktoru Cavabdeh1 qarşı iddia ərizəsi üzrə tələbi cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə 4186 manat pulun və 2.400 manat maddi zərərə görə tutulmasıdır. İddia tələbinin əsası kimi ona istinad edir ki, mətbəx vitrin dəsti hazırlanması üçün İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2022ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən mebel dəsti hazırlanmış və quraşdırılmışdır. Lakin sonradan bəhanə edilib mebelin qüsurlu olduğu bildirilmişdir. 22-ci Polis Bölməsində güya 4186 manat borc olduğu cavabdeh tərəfindən etiraf olunmuşdur. Cavabdeh öhdəliyi icra etmədiyindən ona 2400 manat maddi ziyan dəymişdir. Ona görə də hesab edir ki, həmin məbləğlər cavabdehdən xeyrinə tutulmalıdır. İddia ərizədən göründüyü kimi mebel dəstinin hazırlanması ilə bağlı müqavilə İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmışdır. Müqavilənin şərtləri və müqavilənin icrası ilə bağlı dəlillər ortada. Lakin iddiaçı iddia tələbini Polis Bölməsində etirafla əsaslandırmışdır. Əslində istinad etdiyi qərarda belə bir etirafdan söz belə getmir. İlkindən qeyd etmək istəyirəm ki, iddia ərizəsində xx.xx.2022-ci il tarixli polisin qərarında “güya mən izahatımda 4186 manat məbləğin ödəmədiyimi etiraf etdiyim” barədə göstərdiyi doğru deyildir və olması da mümkün deyildir. Çünki polisə ərizəsi ilə bağlı mənim izahatım olmamışdır və qərardada tərəfimdən izahat verildiyi qeyd edilməmişdir. Onun ərizəsi ilə bağlı izahat verənlər onun dost və tanışlarıdır. İddia tələbi və iddia ərizəsində qeyd edilənlər heç bir əsası olmayan, formal mülahizələrdən və uydurmalardan ibarətdir. İddiaçınin polisə şikayəti də, müqavilə şərtini yerinə yetirə bilmdiyindən, məsuliyyətdən yayınmaq üçün qabaqdan gəlmişliyi olmuşdur. Belə ki, Cavabdeh2 MMC “28 Mall” ticarət mərkəzində kafe işlədilməsi üçün yer götürmüş və kafe vitrin mebelini sifariş etmişdir. Bu məqsədlə də müqavilə tərəfləri olaraq ilə Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır və mebelin məbləği ümumilikdə 5.200 manata razılaşdırılmışdır. Müqavilə İddiaçı ilə bağlanılsa da müqavilə və razılaşmalar Məryəmnən olunmuşdur. İlahə sonradan mebellə bağlı mübahisə çıxanda gəlmişdir. Quraşdırılan mebelin cizgisi və forması təsdiqlənəndən sonra müqavilənin şərtinə əsasən 60% qabaqcadan nağd şəkildə ödənilmişdir. O cümlədən bundan 700 manat müqavilə tərtib edilməmişdən 2 gün əvvəl, xx.xx.2022-ci il tarixdə Məryəmin kartına köçürülməklə ödənilmişdir. Qabaqcadan ödəniş lazım olan malların alınması üçün öncədən ödəniləcəyi tərəflər arasında şərtləndirilmişdir. Bundan sonra işlənmələrə başlanmışdır və xx.xx.2022-ci il tarixdə mebel tam şəkildə istismara təhvil verilməli idi. Lakin vaxt bitən gün Məryəm mebel ustası xəstə olduğundan 2 gün gecikəcəyini bildirsə də, mebelin təhvilini 10 gün gecikdirildi. İyul ayının 11-12-də mebel yerində quraşdırılmış vəziyyətdə tatmamlandı. Bu müddətdə Məryyəmin tələbinə uyğun olaraq, bəzi hesabları ödənilməsi üçün müqavilədən yerdə qalan 40% məbləğdən bir sıra ödənişlər, o cümlədən xx.xx.2022-ci il tarixdə 1016,95 manat, 183,05 manat və xx.xx.2022-ci il tarixdə 951,90 manat nağd şəkildə deyil, dediyi katrlara ödənilmişdir. Mebeli təhvil veriləndə bir sıra nöqsanlar aşkar edildi. Ən əsası da verilmiş sifariş cizgisinə uyğun gəlmədiyindən “28 Mall” TM-nin standartlarından kənar olduğundan, meneceri tərəfindən böyük iradlara səbəb oldu və tezliklə aradan qaldırılması tələb olundu. Məhz bundan sonra İlahə ortaya çıxdı. Mebelin doğurdan nöqsanlı olduğunu görüb, tezliklə aradan qaldırılmasına Məryəmnən bir yerdə söz verdi. Lakin bunun üçün yenə də ödəniş istədi. İmtina edildiyindən mübahisə çıxdı. Qüsurlar söz verildiyi vaxtda aradan qaldırılmadığından, X2 tərəfindən təsdiqlənmiş cizgiyə uyğun olmadığından mebeli 2 gün ərzində çıxarılması və yenisi ilə əvəz edilməsi barədə xx.xx.2022- ci il tarixdə göstəriş verildi. Nəhayət mebeldə yol verilmiş nöqsanları aradan qaldırılmasının mümkün olmadığından, İlahə xx.xx.2022- ci il tarixdə mənə SMS yazaraq ustaları ilə gəlib mebeli söküb götürəcəyini bildirmişdir. Bu barədə Mallsin menecerinə məlumat verib, 2 gün vaxt isədik. Lakin 2 gün keçsə də İlahə və Məryəm gəlib çıxmadığından, məcburiyyətdə qalıb, xx.xx.2022-ci il tarixdə mebel tərəfimizdən sökülüb, yığıldı. Elə bil İlahə bunu gözləyirdi. Bundan sonra İlahə hər yerə şikayət etdi ki, mebeli quraşdırıb, lakin pulunu ödəməmişik. Məqəsdi də mebel üçün ona ödədiyimiz pulları geri tələb etməməyimiz üçün qabaqlayıcı həmlələr etmişdir. Əvvəlcədən qazilərdən istifadə edib, bizə hədə qorxu gəlmiş, daha sonra da polisə şikayət etmişdir. Onun mebeli heç kəsə lazım deyil, istədiyi zaman gəlib götürsün, ona ödəlinənləri də qaytarsın, zatən mebelini saxlamaqdan ötrü hər ay saxlanc haqqı ödəyirəm. Səriştəsizlikdən özüdə ziyan edib, sifarişçi MMCyə də daha çox ziyan vurmuşdur. Mebel üçün ödənilən bir, işə başlanması üçün qabaqcadan alınmış çoxlu sayda məhsullar, rəsmiləşdirilmiş işçilərə çəkilən xərclər və s. küllü miqdarda ziyanla nəticələnmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş mebel dəsti qısa müddətdə hazırlanaraq quraşdırılmış, həmin mebellə bağlı ona hər hansı irad bildirilməmişdir. Bir neçə gün sonra ondan cavabdeh MMC xahiş etmişdir ki, mebel dəstinin altına laminat vurulması ilə bağlı mebel sökülməli, yenidən quraşdırılmalıdır. O da cavabdehin xahişini icra etmişdir. Cavabdehin pulun ödənilməsi ilə bağlı öhdəliyini icra etmədiyini görüb müxtəlif qurumlara müraciət etmişdir. Cavabdeh ona mebeldə hər hansı qüsurla bağlı hər hansı irad bildirməmişdir. Mütəxəssis rəyində göstərilmiş qüsurlarla razı deyildir. Bundan əlavə, mebel quraşdırılan zaman orada soyuducu ümumiyyətlə olmamışdır. Cavabdeh MMC-nin gələcəkdə fəaliyyətini dayandırmaq ehtimalı olduğu üçün hesab edir ki, borc həm də direktrodan tutulmalıdır. Cavabdeh borcunu vaxtında ödəsə idi, o, ən azı 2400 manat fayda əldə etmiş olardı.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0344 saylı alqı-satqı müqaviləsinə görə “Satıcı” “Alıcı”ya mal satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
10. Müqavilənin 1.2-ci bəndinə görə Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.
11. Müqavilənin 2.1-ci bəndinə görə Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir.
12. Müqavilənin 5.1-ci bəndinə görə “Alıcı” sifariş olunan malın dəyərinin 60% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 1 (bir) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
13. İddiaçı ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən 1 dəst mətbəx vitrin dəst hissələrinin ƏDV daxil məbləğinin 6136 manat təşkil edəcəyi razılaşdırılmışdır.
14. İddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 1016,95 manat ödəniş olunmuşdur.
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya 950 manat ödəniş olunmuşdur.
16. İş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhəri Nəsimi RPİ-nin İnstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Mahmudov Tariyelin oğlunun xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
17. İş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhəri Nəsimi RPİ-nin İnstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
18. Məhkəmə iddiaçının izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0344 saylı müqavilədən irəli gəlir. Həmin müqavilə alqı-satqı müqaviləsi adı altında rəsmiləşdirilsə də əslində podrat müqaviləsidir. Cavabdeh2 MMC-nin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
28. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz materialları ilə cavabdeh MMC-nin sifarişi əsasında 1 dəst mətbəx mebelinin hazırlanması öhdəliyini üzərinə götürmüş, razılaşdırılmış işlər iddiaçı tərəfindən icra edilərək cavabdehə təhvil verilmişdir.
29. Cavabdeh tərəfindən mebelin quraşdırılıb təhvil verildiyi gün iddiaçıya hər hansı irad bildirilməmiş, işin nəticələrinin qəbul edilməsindən imtina edilməmişdir.
30. Halbuki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilən nöqsanlar mebel təhvil verilən zaman adi gözlə görünə biləcək (üst örtüyünün süni mərmər olmaması, bir stol, üç stulun təhvil verilməməsi, ölçülərin ilkin layihədə nəzərdə tutulandan kəskin fərqli olması, yuma qabının başqa materialdan hazırlanması və sairə) nöqsanlardır.
31. Məhkəmə cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş materialların razılaşdırılmış şərtlərə cavab verməməsi, ölçülərin ilkin layihəyə uyğun olmaması barədə dəlillərini əsassız hesab edir.
32. Belə ki, cavabdeh ümumiyyətlə məhkəməyə ilkin sifarişin necə olması (məhz hansı materiallardan istifadə edilməli olması, ölçülər) barədə hər hansı razılaşmanın olmasına dair hər hansı sübut təqdim etməmişdir.
33. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
34. İddiaçı iddia ərizəsində qalıq 4186 manat muzdun ödənilməsini tələb etsə də, materiallarda olan ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya 1015,95 manat və 950 manat vəsait ödənilmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdeh MMC-dən 4170,05 manat qalıq əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə iddia ərizəsini yaranmış borcun digər Cavabdeh1 tutulmalı olması hissəsində əsassız hesab edir.
37. Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
38. Belə ki, materiallardan görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisidir, o, iddiaçı ilə bağlanmış müqavilənin tərəfi olmamış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə onunla zaminlik müqaviləsi bağlanmamışdır.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilə bilməz.
40. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehlərdən 2400 manat məbləğində maddi zərərin (əldən çıxmış fayda) tutulmasını məhkəmədən xahiş edir.
41. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Mülki Məcəllənin 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
45. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
46. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
47. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
48. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
49. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
50. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
51. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
52. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
53. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
54. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
56. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
57. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
58. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 2400 manat maddi zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
59. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən 4170,05 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 61,71 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, iddia ərizəsi verilərkən ödənilmiş qalan 24,29 manat məbləğində dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 4170,05 manat əsas borc, 61,71 manat dövlət rüsumu, ümumilikdə 4231,76 (dörd min iki yüz otuz bir manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 24,29 (iyirmi dörd manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova