Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-519/2024 06.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 9269,41 manat əsas borc, 5283 manat cərimə borcu və 300 manat (120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) hüquqi yardım xərcinin, 100 manat mediasiya xərcinin, ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri arasında 11015,92 manat məbləğində spirtsiz içkilər cavabdehə təhvil verilmişdir, lakin hazırkı vəziyyətdə cavabdehin 9269,41 manat ödənilməmiş borcu qalmışdır. 2.2. Adıçəkilən müqavilənin 6.2-ci bəndinə görə, ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Bundan başqa, müqavilədə nəzərdə tutulmuşdur ki, cavabdeh tərəfindən məhsulların faktura və tara dəyərinin nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. 2.3. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği ödənilməmiş, buna görə iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 442-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə təxminən 108 000 manat mal mübadiləsi olmuşdur. Cavabdeh məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli elektron qaimələr üzrə xx.xx.2022-ci il tarixdə 423,7 manat və 76,27 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində ödənişlər etmişdir. Lakin borc məbləği tam ödənilməmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli elektron qaimələrin “əsas” qrafasında malların təhvil-qəbul aktlarında qeyd edilmiş nömrələrə istinad edilmişdir. Eyni zamanda mediasiya işlərinin aparılmasına görə xidmət haqqı dedikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə sonuncuya ödənilməsi nəzərdə tutulan haqq başa düşülür.
7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə görə satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür (1.1). Bu müqaviləyə əsasən satılan məhsulların adı satıcının istehsal etdiyi məhsulların adı ilə eynilik təşkil edir (2.1). Satıcı bu müqaviləyə əsasən faktura üzrə məhsulların verildiyi məqamda alıcının ona verdiyi sifariş nəzərə alınmaqla alıcıya məhsulları müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər (2.2). Bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir (2.3). Məhsulların keyfiyyəti qüvvədə olan standartlara və digər normativlərə uyğun olmalıdır (2.4). Bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur (3.1). Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya aranadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir (3.2). Satıcı öz mülahizələri əsasında və alıcının dövriyyə məbləğini nəzərə alaraq kredit limiti müəyyən edə bilər. Limitin azaldılması və ya artırılması satıcının müstəsna səlahiyyətidir (3.3). Məhsulların alqı-satqısı satış günü qüvvədə olan qiymət üzrə aparılır. Məhsulun qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur (3.4). Bu müqavilə üzrə alqı-satqı predmeti olan məhsulların dəyərinin ödənilməsi üçün alıcının verdiyi pul vəsaitləri onun satıcıya olan əvvəlki borclarının ödənilməsi hesabına qəbul ediləcəkdir (3.5). Alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə satıcıya ödənilərsə, alıcı bu barədə satıcını dərhal xəbərdar etməlidir (3.6). Alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız satıcının nümayəndəsindən mədaxil qəbzi (“təhsilat”) almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır (3.7).
12. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən faktura ilə nəzərdə tutulmuş məhsullar aşağıdakı hallarda alıcı tərəfindən qəbul edilmiş (təhvil alınmış) sayılır: alıcının özü; alıcının etibarnamə (və ya etibarnamə xarakterli digər sənəd) əsasında səlahiyyət verdiyi digər şəxs; alıcının fəaliyyət göstərdiyi ərazidə (ünvanda) məhsulları qəbul etmiş digər şəxs; daha əvvəl məhsulları qəbul etmiş və alıcı tərəfindən əvvəl qəbul edilmiş bu təhvil-təslimə görə ödəniş edilmiş şəxs (bu halda sözügedən şəxsə səlahiyyət verilməsi alıcı tərəfindən tanınmış qəbuı edilir).
13. Məhkəməyə təqdim edilən təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2022-ci il tarixli HBN/7 728186 və HBN/7 728185 seriya və nömrəli malların təhvil-qəbul aktları ilə (həmin aktların “digər alış sənədləri” qrafasında sön ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmiş, ********** nömrəsi əks olunmuşdur) cəmi ƏDV daxil 5471,25 manat, xx.xx.2022-ci il tarixli HBN/7 911062, HBN/7 911063 və HBN/7 911064 seriya və nömrəli malların təhvil-qəbul aktları ilə (həmin aktların “digər alış sənədləri” qrafasında sön ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmiş, ********** nömrəsi əks olunmuşdur) cəmi ƏDV daxil 5544,67 manat dəyərində mal ünvan 1 ünvanında Mədətova Gülnar adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.
14. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCA 278838 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş, “əsas” qrafasında ********** nömrəsi qeyd edilmiş) ƏDV daxil olmaqla 5471,25 manat, xx.xx.2022-ci il tarixli EBCC 857858 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş, “əsas” qrafasında ********** nömrəsi qeyd edilmiş) ƏDV daxil olmaqla 5544,67 manat olmaqla ümumilikdə 11015,92 manat məbləğində malın cavabdehə təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.
15. İş materiallarında olan mədaxil qəbzlərinin surəti və elektron poçt yazışmasında əks olunan məlumatlardan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 942358 nömrəli mədaxil qəbzi ilə 600 manat, xx.xx.2022-ci il tarixdə 942819 nömrəli mədaxil qəbzi əsasında 500 manat (hər iki qəbzdə malların təhvil-qəbul aktlarının “malların qəbul edildiyi yer” qrafasında əks olunmuş “...189481” müştəri nömrəsi əks olunmuşdur), xx.xx.2022-ci il tarixdə 423,73 manat və 76,27 manat ödəniş edilmişdir.
16. Məhkəməyə təqdim edilən 06 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, ********** nömrəli müştəri koduna malik Cavabdeh ilə mal dövriyyəsinin ümumi məbləği 108 976,24 manat olmuş, xx.xx.2022-ci il tarixli ********** və xx.xx.2022-ci il tarixli ********** nömrəli fakturalar əsasında borc yaranmış, həmin borc üzrə xx.xx.2022-ci il tarixdə 146,51 manat, xx.xx.2022-ci il tarixdə 76,27 manat və 423,73 manat, xx.xx.2022ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş edilmiş, qalıq borc məbləği 9269,41 manat təşkil edir.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 08 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları əsasında cavabdehə ümumilikdə 11015,92 manat məbləğində müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkilər və çaylar təhvil vermiş, bununla bağlı elektron qaimələr rəsmiləşdirilmişdir.
18. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş həmin malların dəyərindən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 146,51 manat, xx.xx.2022-ci il tarixdə 423,73 manat və 76,27 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla cəmi 1746,51 manat ödəniş edildiyini bildirir və malların qalıq dəyəri olan 9269,41 manat pulun cavabdehdən tutulmasını tələb edir.
19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi ilə alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışının mümkünlüyünün şərtləndirildiyi və xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktlarında sön ödəmə tarixinin müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il müəyyənləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 08 yanvar 2019-cu il tarixli məhsulların alqısatqı müqaviləsi üzrə 9269,41 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
38. İddia ərizəsində iddiaçı həmçinin 5283 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
39. 08 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən, alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödəməlidir.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
43. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 08 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə malların son ödəmə tarixi müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərin başa çatdığı və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 460 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
45. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 460 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı həmçinin 120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı olmaqla 300 manat hüquqi yardım xərcinin, 100 manat mediasiya xərcinin, ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18-2023-00844 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
48. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 60 manat məbləğində pul iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
49. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1379 nömrəli müqavilə üzrə 120 manat məbləğində pul vəkil bürosuna ödənilmişdir (1379 nömrəli orderdə əks olunmuş müqavilə).
50. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında 31 mart 2023-cü il tarixli müqavilənin 3.1.4-cü bəndinin a yarımbəndindən görünür ki, mediasiya proseslərində iddiaçının hüquqlarının müdafiəsinin təşkili və mediasiya təşkilatlarında təmsilçilik ilə bağlı hər bir mediasiya prosesi üzrə mediasiya xərci xaric olmaqla 180 manat haqq razılaşdırılmışdır.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
53. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
54. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
57. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
58. Eyni zamanda hazırkı iddianın qiymətinə (14552,41 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü və 9.1-1-ci maddələrinə uyğun olaraq 33,66 (133,66 manat ödənilməli dövlət rüsumu-100 manat mediasiya xərci) manat təşkil edir.
59. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 90 manat (133,66 manatın ödənilmiş tələbin məbləğinə mütənasib olan hissəsi) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə (33,66 manat dövlət rüsumu və 10 manat mediasiya xərci) iddiaçıya aid edilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə Cavabdeh arasında 08 yanvar 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 9269 (doqquz min iki yüz altmış doqquz) manat 41 (qırx bir) qəpik əsas borc, 460 (dörd yüz altmış) manat cərimə borcu olmaqla ümumilikdə 9729 (doqquz min yeddi yüz iyirmi doqquz) manat 41 (qırx bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 90 (doxsan) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova