Məhkəmə qərarları › İş №e-2-2(113)-5197/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5197/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5197/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 21000 manat məbləğində pulun və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Nümayəndə tərəfindən elektron imza ilə imzalanmış, lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədə sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 12.2-ci bəndinə əsasən, hər iki tərəf bu müqavilə ilə bağlı yaranan mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üçün səy göstərəcəklərini öhdələrinə götürürlər. Əgər tərəflər mübahisələrin həllində mübahisənin yarandığı gündən 30 (otuz) gün ərzində qarşılıqlı razılıq əldə edə bilməzlərsə, belə mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəməsində öz yekun həllini tapmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər sözügedən müqavilədən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə razılığa gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş və mülki prosessual qanunvericiliyə uyğun olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehdən müqavilə üzrə borcun ödənilməsi tələb edilmişdir. Lakin nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqavilədə 30 gün müddətində razılıq əldə edilmədikdə məhkəmədə iddia qaldırılmaq hüququ təsbit edilmişdir və hazırda isə pretenziyanın rədd edilməsi və ya qismən qəbul edilməsi halı olmadığından, 30 günlük müddət isə başa çatmadığından iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər qaydada həll edilməsinin mümkün olmadığı qənaətinə gəlmək mümkün deyildir və mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər və bu zamanda hazırkı dövlət rüsumuna istinad edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar