Məhkəmə qərarları › İş №e-2-2(113)-5199/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5199/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5199/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 14173,60 manat (on dörd min bir yüz yetmiş üç manat altımış qəpik), 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 14406,60 manat (on dörd min dörd yüz altı manat altımış qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 12 fevral 2021-ci il tarixdə malların alqı-satqısına dair EC-13/2021 saylı müqavilə imzalanmışdır. Bu müqavilə əsasında cavabdehə müqavilə şərtləri əsasında müxtəlif elektrik avadanlıqları satılmışdır. Satılmış mallara görə Cavabdeh MMC-yə 14173,60 manat (on dörd min bir yüz yetmiş üç manat altımış qəpik) məbləğində e-qaimə göndərilmişdir. Həmin məbləğ tam olaraq, yəni 14173,60 (on dörd min bir yüz yetmiş üç manat altımış qəpik) manat bu günə kimi ödənilməmişdir. Cavabdeh tərəfə pretenziya məktubu göndərilmiş və qalan məbləğin ödənilməsi xahiş edilmişdir. Pretenziya məktubuna da əhəmiyyət verilmədiyindən iddiaçı tərəfindən cavabdeh tərəfə mediasiyaya dəvət məktubu göndərilmişdir. Mediator tərəfindən 01 avqust 2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və cavabdeh tərəfdən heç kim iştirak etməmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 9000 (doqquz min) manat borc, 200 (iki yüz) manat mediasiya xərci, hüquqi xidmətə görə ödənilmiş 800 (səkkiz yüz) manat və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10033 (on min otuz üç) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfindən 9000 manat hələ mediasiyaya müraciət etməzdən əvvəl nağd qaydada ödənilmiş, lakin iddiaçı tərəf həmin ödənişi öz gəliri kimi göstərə bilmədiyindən həmin müqavilə üzrə edilmiş ödəniş kimi qəbul etməmişdir. İş məhkəmədə olan zaman cavabdeh tərəfindən həmin ödənişin ƏDV-si ödənilmiş və bundan sonra iddiaçı həmin ödənişi qəbul etmişdir. Hazırda cavabdeh tərəfindən əsas borc məbləği ödənilmişdir. Ona görə də iddia tələbinin vəkil xərci və məhkəmə xərcləri hissəsində təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh MMC-nin bank hesablarına həbs qoyulduğuna görə yaranmış borc məbləği ödənilə bilməmişdir. İddiaçı borcun ödənilməsinə təkid etdiyindən 9000 manat məbləğində vəsait nağd qaydada mediasiyaya müraciət etməmişdən öncə ödənilmişdir. Həmin ödənişin ƏDV-si və qalıq borc məbləği də tərəfimizdən ödənilmişdir. Hesab edir ki, borc məbləği tam ödənildiyindən iddia tələbi vəkil xərci və məhkəmə xərcləri hissəsində də rədd edilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 057744 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 120,36 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 01 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 120,36 manat (102 manat əsas məbləğ + 18,36 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 057826 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31,15 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 02 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 31,15 manat (26,40 manat əsas məbləğ + 4,75 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 295467 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2561,19 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 03 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 2561,19 manat (2170,50 manat əsas məbləğ + 390,69 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 591032 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 336,30 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 04 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 336,30 manat (285 manat əsas məbləğ + 51,30 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 044805 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 562,86 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 05 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 562,86 manat (477 manat əsas məbləğ + 85,86 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 220096 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 495,13 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 06 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 495,13 manat (419,60 manat əsas məbləğ + 75,53 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 240895 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 156,94 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 07 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 156,94 manat (133 manat əsas məbləğ + 23,94 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 547572 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2661,02 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 08 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 2661,02 manat (2255,10 manat əsas məbləğ + 405,92 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 582134 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2407,20 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 09 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 2407,20 manat (2040 manat əsas məbləğ + 367,20 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 446709 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 89,92 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 10 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 89,92 manat (76,20 manat əsas məbləğ + 13,72 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 453988 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3691,92 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 11 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 3691,98 manat (3128,80 manat əsas məbləğ + 563,18 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 205470 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3610,80 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli, 12 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 3610,80 manat (3060 manat əsas məbləğ + 550,80 manat ƏDV 18%) təşkil edir. - “X1 Azərbaycan” QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********35 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ47AİİB******************** nömrəli hesabına 5173,60 manat məbləğində ödəniş həyata keçirilmişdir. Ödənişin təyinatı kimi 12 fevral 2021-ci il tarixli, EC-13 nömrəli müqavilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********063197 köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2551,25 (ödənişin təyinatı – ƏDV ödənişi tam ödənilir) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş OD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatının AZ97UBAZ**********0090AZN001 nömrəli hesabına 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “Arbitrium” Vəkil Bürosunun AZ10AİİB******************** nömrəli hesabına 800 (səkkiz yüz) manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 (yeddi) təqvim günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müəyyən edildi ki, tutulması tələb olunan borcun bir hissəsi – 9000 manat məbləğ hələ mediasiyaya müraciət etməzdən əvvəl ödənilmiş, borcun qalan hissəsi isə məhkəmə icraatının gedişində cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tərəf bu faktı təsdiq edərək, cavabdehin müqavilə üzrə borcunu ödədiyini bildirmiş, ona görə də iddia tələbinin vəkil xərci və məhkəmə xərcləri hissəsində təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən əsas borc üzrə ödənilməmiş 9000 (doqquz min) manat pulun tutulması təşkil edir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, borc cavabdeh tərəfindən ödənilmiş, eyni zamanda iddiaçı tərəf bu faktı təsdiqləyərək cavabdehin borcu ödədiyini inkar etməmişdir. Ona görə də məhkəmə borcun cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin edilməməlidir. İddiaçı hüquqi yardıma ödənilmiş 800 (səkkiz yüz) manat məbləğ və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin olunaraq, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 300 (üç yüz) manat və mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı qeyd edilir ki, mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, mediasiya xərci ödənilməli dövlət rüsumunu əhatə etdiyindən artıq ödənilmiş həmin məbləğ cavabdehdən tutula bilməz. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 100 (yüz) manat mediasiya xərci və 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar