Məhkəmə qərarları › İş №e-2-2(113)-520/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-520/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-520/2024 06.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 6229,11 manat əsas borc və 300 manat (120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) hüquqi yardım xərcinin, 110 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə, nisyə alqı-satqı zamanı cavabdeh faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər iddiaçıya ödənilməsini təmin etməlidir. 2.2. İddiaçı tərəfindən cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırkı Cavabdeh MMC) malların təhvil-qəbul aktları üzrə verilmiş malların dəyərindən ümumilikdə 6229,11 manat ödənilməmişdir. 2.3. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği ödənilməmiş, buna görə iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 442-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 193 373,99 manat mal mübadiləsi olmuşdur. Cavabdehə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli təhvilqəbul aktları əsasında 7389,55 manat mal verilmiş, lakin həmin malların dəyərindən yalnız 1160,44 manat ödəniş edilmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, cavabdehə malların təhvili ilə bağlı 2 elektron qaimə təqdim edilmiş, həmin qaiməfakturalar sistem tərəfindən yox, məhz cavabdeh tərəfindən təsdiqlənmişdir. Həmçinin adıçəkilən alqı-satqı müqaviləsində ödənişlərin silinmə ardıcıllığı əvvəlki borcdan cari borca doğru müəyyən edildiyindən, ödəniş zamanı cavabdehin konkret təhvil-qəbul aktı və ya elektron qaiməyə istinad etməsinə gərək olmamışdır.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, hüquqi ünvanına (qeyd olunan ünvan qanuni təmsilçinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanla eynilik təşkil etməklə) göndərilməklə, qanuni təmsilçinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (Alıcı qismində; VÖEN-**********) arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli ******* nömrəli məhsulların alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə görə satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi (və ya digər sənədlər) ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür (1.1). Bu müqaviləyə əsasən satılan məhsulların adı satıcının istehsal və satışını təşkil etdiyi məhsulların adı ilə eynilik təşkil edir (2.1). Bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir (2.4). Bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur. Sifariş onlayn platformalar vasitəsilə verildikdə məhsulların qiymətləri həmin platforma vasitəsilə Alıcıya bildirilir (3.1). Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya aranadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər, onlayn platformalarda ödəmə imkanı varsa, malı aldığı anda göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir (3.2). Satıcı öz mülahizələri əsasında və alıcının dövriyyə məbləğini nəzərə alaraq kredit limiti müəyyən edə bilər. Limitin azaldılması və ya artırılması satıcının müstəsna səlahiyyətidir (3.3). Bu müqavilə üzrə alqı-satqı predmeti olan məhsulların dəyərinin ödənilməsi üçün alıcının verdiyi pul vəsaitləri onun satıcıya olan əvvəlki borclarının ödənilməsi hesabına qəbul ediləcəkdir (3.5). Alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə satıcıya ödənilərsə, alıcı bu barədə satıcını dərhal xəbərdar etməlidir (3.6). Alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız satıcının nümayəndəsindən mədaxil qəbzi (“təhsilat”) almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır (3.7).

12. Həmin müqavilənin 4-cü bəndinə əsasən məhsullar faktura üzrə alıcıya çatdırıldığı andan onun mülkiyyəti hesab olunur (4.3). Faktura ilə nəzərdə tutulmuş məhsullar aşağıdakı hallarda alıcı tərəfindən qəbul edilmiş sayılır: alıcının özü; alıcının etibarnamə (və ya etibarnamə xarakterli digər sənəd) əsasında səlahiyyət verdiyi digər şəxs; alıcının fəaliyyət göstərdiyi ərazidə (ünvanda) məhsulları qəbul etmiş digər şəxs; daha əvvəl məhsulları qəbul etmiş və alıcı tərəfindən əvvəl qəbul edilmiş bu təhvil-təslimə görə ödəniş edilmiş şəxs (4.4).

13. Məhkəməyə təqdim edilən təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2022-ci il tarixli HBN/7 952559, HBN/7 952558 və HBN/7 952560 seriya və nömrəli malların təhvilqəbul aktları ilə (həmin aktların “digər alış sənədləri” qrafasında sön ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmiş, ********** nömrəsi əks olunmuşdur) cəmi ƏDV daxil 5860,95 manat, xx.xx.2022-ci tarixli HBN/7 952557 seriya və nömrəli malların təhvil-qəbul aktları ilə (həmin aktların “digər alış sənədləri” qrafasında sön ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmiş, ********** nömrəsi əks olunmuşdur) cəmi ƏDV daxil 1528,60 manat dəyərində mal cavabdehin Memar Əcəmi filialının ştampı vurulmaqla qəbul edilmişdir.

14. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCG 787345 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi” statusunda, “əsas” qrafasında ********** nömrəsi qeyd edilmiş) ƏDV daxil olmaqla 5860,95 manat, xx.xx.2022-ci il tarixli EBCG 787344 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi” statusunda, “əsas” qrafasında ********** nömrəsi qeyd edilmiş) ƏDV daxil olmaqla 1528,60 manat olmaqla ümumilikdə 7389,55 manat məbləğində malın cavabdehə təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.

15. Məhkəməyə təqdim edilən 22 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC (əvvəlki adı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə mal dövriyyəsinin ümumi məbləği 193 373,99 manat olmuş, xx.xx.2022-ci il tarixli ********** və ********** nömrəli fakturalar əsasında 7389,55 manat borc yaranmış, həmin borc üzrə xx.xx.2022-ci il tarixdə 1160,44 manat ödəniş edilmiş, qalıq borc məbləği 6229,11 manat təşkil edir.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı Cavabdeh MMC, VÖEN – **********) arasında 21 dekabr 2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktları əsasında cavabdehə ümumilikdə 7389,55 manat məbləğində müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkilər və çaylar təhvil vermiş, malların dəyərinin sön ödəmə tarixi xx.xx.2022-ci il olmuşdur.

17. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş həmin malların dəyərindən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 1160,44 manat ödəniş edildiyi qeyd edir və malların qalıq dəyəri olan 6229,11 manat pulun ödənilməsini tələb edir.

18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi ilə alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışının mümkünlüyünün şərtləndirildiyi və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktlarında sön ödəmə tarixinin xx.xx.2022-ci il müəyyənləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 21 dekabr 2021-ci il tarixli məhsulların alqısatqı müqaviləsi üzrə 6229,11 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı həmçinin 120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı olmaqla 300 manat hüquqi yardım xərcinin, 110 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01374 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

39. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1378 nömrəli müqavilə üzrə 120 manat məbləğində pul vəkil bürosuna ödənilmişdir (1378 nömrəli orderdə əks olunmuş müqavilə).

40. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında 31 mart 2023-cü il tarixli müqavilənin 3.1.4-cü bəndinin a yarımbəndindən görünür ki, mediasiya proseslərində iddiaçının hüquqlarının müdafiəsinin təşkili və mediasiya təşkilatlarında təmsilçilik ilə bağlı hər bir mediasiya prosesi üzrə mediasiya xərci xaric olmaqla 180 manat haqq razılaşdırılmışdır.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

43. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

44. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

47. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

48. Beləliklə, iddia tələbinin təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə Cavabdeh (əvvəlki adı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında 21 dekabr 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 6229 (altı min iki yüz iyirmi doqquz) manat 11 (on bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar