Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5200/2022 02.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 İsmayıl oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin göstərdiyi ekspeditor (yük daşıma) xidmətlərinə görə cavabdeh təşkilat tərəfindən ödənilməmiş cəmi 2532,30 (iki min beş yüz oyuz iki manat 30 qəpik) AZN məbləğində xidmət haqqı borcunun, o cümlədən hazırki iddiaya görə iddiaçı tərəfindən mediasiya və dövlət rüsumu üçün çəkilmiş cəmi 115,32 ( yüz on beş manat 32 qəpik) manat miqdarında olan xərcin və vəkil (nümayəndə) üçün çəkilmiş 310 (üç yüz on) manat xərcin Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan xx.xx.2017-ci il tarixli nəqliyyat xidməti üzrə “PO” sifarişinə əsasən sifarişçi Cavabdeh MMC xidmət göstərən İddiaçı MMC-yə 5032,30 AZN məbləğində xidmət haqqı ödəməlidir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə həmçinin bu haqda LLC22996 nömrəli “invoice” təqdim edilmişdir. LLC22996 nömrəli “invoice” üzrə Cavabdeh MMC 5032,30 AZN məbləğində olan xidmət haqqı borcundan, yalnız xx.xx.2020-ci il tarixində İddiaçı MMC-nin müvafiq bank hesabına 2500 AZN məbləğində pul köçürmüş, qalıq qalan 2532,30 AZN məbləğində borc bu günə kimi ödənilməmiş qalmaqdadır. Göründüyü kimi Cavabdeh MMC tərəflər arasında olan xx.xx.2017-ci il tarixli nəqliyyat xidməti üzrə “PO” sifarişinin tələblərini pozmuşdur. Hazırda həmin borcun tələb edilməsi iddiaçı tərəfindən mübahisələndirilir və İddiaçı MMC bu tələbinin əsaslı olmasını iddia edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izhahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, daha əvvəl qaldırılan iddiada "xxxx" MMC cavabdeh, hal-hazırdakı cavabdeh üçüncü şəxs idi. Məhkəmə gedişatında müəyyən olunmuşdur ki, hal-hazırda qaldırılan iddiada elektron qaimələr Cavabdeh MMC adına kəsildiyinə və ona xidmətlər göstərildiyinə görə iddianın bir hissəsi Cavabdeh MMC-yə qarşı qaldırılmışdır. Qarşı tərəf apellyasiya şikayəti verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin gedişatında məhz "xxxx" MMC özünə göndərilmiş elektron qaimə 2018-ci ildə qeydə alındığına gorə 3 il keçdiyinə görə iddia müddətinin tətbiq edildiyinə görə iddia müddətinin ötürülməsinə görə iddia rədd edilmişdir. İddia əsaslı olmasına baxmayaraq, rədd edilmişdir. Bugünki gündə vaxtilə Cavabdeh MMC-yə göstərilən xidmət əsasında olan haqq tələb olunur. Xidmətin göstərilməməsi barədə qarşı tərəfin heç bir iddiası, tələbləri olmamışdır. İnvoysda göstərilən Cavabdeh MMC malın çatdırılma yeri "xxxx" MMC-dir. Hər iki təşkilat eyni ünvanda yerləşir və sifariş verildikdə də malın "xxxx" MMC-nin ünvanına çatdırılması, lakin xidmətin Cavabdeh MMC-yə göstərilməsi qeyd olunmuşdur. Həmçinin Potiyə gələnədək "xxxx" Şirkəti tərəfindən xidmət göstərilmişdir. Azərbaycana gətirilən mala görə haqq tələb olunur. Təqdim olunmuş elektron qaimə Cavabdeh MMC barəsində olmuşdur. Elektron qaimədə göstərilən məbləğə dair nə etibarsızlığına nə də qanunsuzluğuna görə heç bir etiraz olunmayıb. xx.xx.2020-ci ildə ödənişin bir qismi köçürülmüşdür. Malların cavabdeh tərəfə çatdırılmaması, təqdim olunmuş sənədlərin etibarsızlığı, bu xidmətin onlara göstərilməməsi barədə tərəfin heç bir qarşılıqlı tələbi olmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, apellyasiya instansiyasında işə baxılan zaman qətnamə qəbul edilmiş, həmin qətnamədə qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli üzrə invoys üzrə "xxxx" MMC-yə göstərilən xidmətə görə İddiaçı MMC təşkilata 3230,19 manat, 27.12.17-ci il tarixli LLC22996 nömrəli invoys üzrə hazırda mübahisələndiirlən invoys üzrə isə 2532.30 manat məbləğində borcu var. Məhz bu invoys üzrə cavabdeh "xxxx" MMC 5032,30 manat xidmət haqqı borcundan üçüncü şəxs Cavabdeh MMC hazırki cavabdeh həmin iş üzrə cavabdehin əvəzinə 18.03.20-ci il tarixdə "xxxx" MMC-nin müvafiq bank hesabına 2500 manat məbləğində pul köçürülmüş və qalığı qalmışdır. Bu iddia ərizəsini müəssisənin icra orqanının rəhbəri X4 imzalamışdır. Belə çıxır ki, iddiaçı iddia ərizəsi tərtib olunanadək ona borc olanın "xxxx" MMC olduğunu, xarici şirkətin Azərbaycandakı nümayəndəliyini düşünürdü. Daha sonra iddiaçı hazırki cavabdehin borclu olduğunu məhkəmə gedişatında birinci instansiya məhkəməsinin qərarında bilmişdir. Apellyasiya instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməməklə razılaşıb ki, borclu xarici şirkətin filialı deyil Cavabdeh MMC-dir. Halbuki əsas müqavilə nümayəndəliklə bağlanıb və hesab edirdi ki, həmin xidməti ona göstərib. Mübahisələndirilən invoysa nəzər yetirdikdə görünür ki, invoys "xxxx" MMC-yə təqdim olunub yə invoysun bir tərəfində Cavabdeh MMC, digər tərəfində isə "xxxx" MMC yazılmışdır. Belə çıxır ki 5032 manat məbləğində verilən elektron qaimə bu gün qüvvədə deyil. İddiaçı etiraf etmişdir ki, onların arasında yeganə bağlanan müqavilə tapşırıq müqaviləsidir və bu da şifahi formada olub. Müqavilənin bağlanma əsası olan bu sənədin nə imzası nə möhürü var. İddiaçı Mülki Prosessual Məcəllənin 11-ci maddəsinin tələblərini pozaraq sübut qismində daxil etdiyi sənədlər Azərbaycan dilində deyil başqa dildədir və iddiaçı sənədi tərcümə olunmuş formada yenidən elektron məhkəmə sisteminə yükləyə biləcəyini bildirir lakin hal-hazırda məhkəmə baxış iclası olduğundan iddiaçı yeni sübut təqdim etmək hüququnu itirmişdir. İddiaçının istinad etdiyi bu sənəd hüquqi qüvvəsi olmayan bir sənəddir. Əgər həmin müqavilənin şərtlərinə görə hərəkət etmiş olsaydılar belə onlarda təhvil-təslim aktı nəzərdə tutulmalı idi bu da yoxdur. MM 777.2.-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Tərəf isə bu cür sənədi təqdim etməyib və təqdim etmək hüququnu da itirib. Daha sonra MPM 777.4-cü maddəsinə əsasən müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə tətbiq edilir. Tapşırıq müqaviləsinin hüquqi qüvvəsi yoxdur. İddiaçı qeyd etmişdir ki xidmət şəxsən yerinə yetirilib. İş materiallarından məlum olur ki, xidməti “Saatlı Şirkəti” həyata keçirmiş, yük gömrük sənədlərinin heç birində iddiaçının adı hallanmamışdır. 2500 manatı isə "xxxx" MMC adından borca görə ödənilmişdir. Bu da əsassız varlanmaya gətirib çıxardan bir haldır. Elektron qaiməyə gəldikdə isə cavabdeh tərəf şəxsən özü deyil, bunu sistem təsdiqləmişdir. Xidmətin qəbul edilməsi, göstərilməsi və təhvil verilməsi barədə heç bir sübut yoxdur. Əlavə olaraq malların Potidən Bakıya daşınmasını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında xidmətin göstərilməsi barədə heç bir sənəd yoxdur. Elektron qaimə işin, malın, xidmətin təhvilini təsdiq edən sənəd olsa idi həmin elektron qaimənin tətbiqi qaydalarında onun tərtib edilməsi əsaslarında ilkin uçot sənədləri sadalanmazdı. İş materiallarında xidmətin nə qəbulu, nə göstərilməsinə dair heç bir sübut yoxdur. Təqdim olunan sənədlərdən də görünür ki, malların yalnız Potiyə qədər çatdırılması var lakin, iddiaçı özü qeyd etdi ki, xidmətlər şəxsən həyata keçirilmiş, lakin bu barədə heç bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2017 tarixli LLC22996 nömrəli hesab fakturaya əsasən “X2 Limited” Şirkəti tərəfindən Cavabdeh MMC-yə 5.032 manat hesablanmışdır. xx.xx.2017 tarixli 000...0274 satınalma sifarişinə əsasən İddiaçı MMC tərəfindən 5.032 manat məbləğində yükləyicinin Potidən Bakıya daşınmasına dair sifariş verilmişdir. xx.xx.2020 tarixli **********20 nömrəli ödəniş qəbzindən məlum olur ki, Cavabdeh MMC tərəfindən “X2 Limited” Şirkətinə məxsus bank hesabına 2.500 manat köçürülmüşdür. 29 iyun 2022 tarixli 631 nömrəli ödəniş tapşırığının surətindən məlum olur ki, “X2 Limited” MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına məxsus bank hesabına 70 manat köçürülmüşdür. İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2020 tarixində LLC22996 nömrəli hesab faktura üzrə Cavabdeh MMC-nin bank hesabına 2500 manat köçürülmüşdür. EBBZ seriyalı 876365 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 310 manat “Fides” Vəkil Bürosu tərəfindən “X2 Limited” MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBBW seriyalı 241705 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 2532,3 manat “X2 Limited” şirkəti tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “X3 Limited” MMC Cavabdeh MMC-dən 5.032 manat məbləğində nəqliyyət xidməti sifarişi əsasında tərtib edilmiş hesab-faktura üzrə ödənilməmiş 2532,30 manat məbləğində xidmət haqqı borcunun ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etməyərək, belə bir sifariş vermədiyini, xidmətin həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci ildə Potidən Bakıya yüklərin daşınması sifarişi verilmiş, 2020-ci il tarixdə cavabdeh tərəfindən LLC22996 invoys əsasında 2500 manat ödəniş edilmiş, iddiaçı tərəfindən qalan məbləğin ödənilməsi üçün 2022-ci il tarixdə elektron qaimə göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin borcunun olmasını təsdiq etmək üçün iddiaçı tərəfindən xidmətin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli elektron qaiməni məhkəməyə təqdim etmiş, cavabdeh tərəfindən isə həmin elektron qaimənin əsaslı olması, daşınmanın iddiaçı tərəfindən aparılmasının və malların iddiaçı tərəfindən təqdim edilməsi mübahisələndirilmişdir. İddiaçı isə mübahisəli qaimə üzrə malların təqdim edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə tərəfindən mübahisəli elektron qaimə əsasında daşınmanın yerinə yetirilməsi hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktla və ya digər sənədlə müəyyən edilmədiyindən, həmin e-qaimə müvafiq xidmətlərin göstərilməsi faktının təsdiq edilməsi üçün yetərli hesab edilmir. Digər tərəfdən iddiaçı cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli PO sifarişi əsasında xx.xx.2020-ci il tarixdə invoys LLC22996 əsasında 2500 manat ödəniş etməsini cavabdehin iddiaçı tərəfindən göstərilmiş xidmətin təsdiqi və qəbulu kimi əsaslandırmışdır. Cavabdeh həmin məbləğin qeyd edilən invois üzrə "xxxx" MMC-nin əvəzinə ödədiyini bildirmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi "xxxx" MMC-yə qarşı xidmət haqqı borcunun ödənilməsi tələbi üzrə iddiaya baxılarkən Cavabdeh MMC-nin üçüncü şəxs qismində cəlb edildiyini, eyni tələbin "xxxx" MMC-yə qarşı irəli sürməsi və iddia ərizəsində iddiaçının Cavabdeh MMC-nin həmin məbləği "xxxx" MMC-nin əvəzinə ödədiyini göstərməsi də bu halın təsdiq olunduğunu bildirmişdir. Məhkəmə cavabdehin ödənişin "xxxx" MMC-nin əvəzinə ödəməsi ilə bağlı əsaslandırmasına münasibətdə qeyd edir ki, ödəniş qəbzində belə bir şərtin olmaması və cavabdeh tərəfindən bununla bağlı sübutun məhkəməyə təqdim edilməməsi bu halı istisna edir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən ödənişin bir qisminin ediməsinin xidmətin yerinə yetirilməsi kimi qiymətləndirməsi ilə bağlı hesab edir ki, cavabdeh tərəfindən bu halın mübahisələndirildiyi, iddiaçı tərəfindən isə yükün daşınmasının təmin edildiyi, yükün təyinat məntəqəsinə çatdırıldığını təsdiq edən sübutların təqdim edilməməsi, iddiaçı tərəfindən daşıma xidmətinin sona çatdırılması və malın təhvil verilməsi kimi qiymətləndirilə bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Cavabdeh MMC-nin "xxxx" MMC-yə qarşı xidmət haqqı borcunun ödənilməsi tələbi üzrə məhkəmə mübahisəsi olmasını, işə baxılarkən Cavabdeh MMC-nin üçüncü şəxs qismində cəlb edildiyini, həmin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığını bildirsə də iddiaçı sözügedən qətnaməni sübut qismində məhkəməyə təqdim etməmiş, iddia tələbini əsaslandırarkən sübutlar siyahısında göstərməmiş, həmin qətnamə üzrə müəyyən olunmuş hallara əsaslanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iddiaçı iddia tələbində mediasiya və dövlət rüsumu üçün çəkilmiş cəmi 115,32 (yüz on beş manat 32 qəpik) manat miqdarında olan xərcin və vəkil (nümayəndə) üçün çəkilmiş 310 (üç yüz on) manat xərcin də cavabdehdən tutulmasını tələb etmişdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya və dövlət rüsumu üçün çəkilmiş cəmi 115,32 (yüz on beş manat 32 qəpik) manat və vəkil (nümayəndə) üçün çəkilmiş 310 (üç yüz on) manat məbləğidndə xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddia qaldırılarkən mediasiya və dövlət rüsumu üçün ödənilmiş cəmi 115,32 (yüz on beş manat 32 qəpik) manat və vəkil (nümayəndə) üçün ödənilmiş 310 (üç yüz on) manat İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5200/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5200/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver