Məhkəmə qərarları › İş №e-2-2(113)-5209/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5209/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5209/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, müqavilə üzrə əsas borc, əldən çıxmış fayda, dəbbə pulu və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: daşıma müqaviləsi, daşıma haqqı, dəymiş zərər, mənəvi ziyan Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nın (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil2 İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, müqavilə üzrə əsas borc, əldən çıxmış fayda, dəbbə pulu və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı MMC (sifarişçi) və "xxxx" MMC (icraçı) arasında xx.xx.2023-cü il tarixli, 071223 saylı xidmət göstərilməsi haqqında (bundan sonra – Daşıma müqaviləsi) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə “İcraçı” “Sifarişçinin” sifarişinə uyğun olaraq “Sifarişçi” tərəfindən göstərilən marşrut və yükə əsasən nəqliyyat xidmətinin yerinə yetirilməsini öz öhdəsinə götiirür.

2. Həmin müqavilənin: 2.1. 2.1-ci bəndinə görə “İcraçı” tərəfindən göstərilən xidmətlərin dəyəri işin həcmindən asılı olaraq malın hər partiyası üzrə “Sifarişçi”yə təqdim edilən hesab-faktura ilə müəyyənləşdirilir; 2.2. 2.2-ci bəndinə görə “Sifarişçi” tərəfindən ödəniş bank vasitəsi və ya nəğd yolu ilə yük çatdırıldıqdan 10 təqvim günü müddətində ödənilməlidir. Hesab manatla ödəniş edildiyi günə uyğun kursla ödənilməlidir. 2.3. 3-cü bəndinə görə tərəflər arasında razılaşdırılmış müddətdə xidmətləri yerinə yetirmək “İcraçı”nın, hazırkı müqavilənin 2.1 və 2.2 bəndlərinə əsas ödənişin təmin edilməsi isə “Sifarişçi”nin vəzifəsidir; 2.4. 5.7-ci bəndinə görə müqavilə 1 il müddətinə bağlanılır, müqavilə müddəti bitdiyi təqdirdə tərəflərin qarşılıqlı etirazları olmazsa müqavilə daha 1 il müddətinə uzadıla bilər. Tərəflər arasında həmin müqavilə qüvvədə olmuşdur.

3. 2024-cü ilin oktyabr ayının sonlarında tərəflər arasında 2025-ci il Yeni il bayramı ilə bağlı tədbirlərin keçiriləcəyi yerlərdə bəzək və dekorativ əşyalarının quraşdırılması üçün Çin Xalq Respublikasından bəzək əşyalarının hava və quru yolu daşınmasına dair şifahi razılaşma əldə olunmuşdur. Hava ilə daşınan 699 kq yük xx.xx.2024-cü il tarixdə iddiaçıya təhvil verilmiş, bu barədə iddiaçı ilə "xxxx" MMC arasında eyni tarixli təhvil-təslim aktı imzalanmış və bununla bağlı iddiaçıya 8670 manat daşıma haqqının və 775,4 manat gömrük xərcinin ödənilməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 2 hesab-faktura iddiaçıya təqdim edilmişdir. Bu hesab-fakturalar üzrə ödənişlər aparılmamışdır.

4. Quru yolu ilə daşınan yüklər isə xx.xx.2024-cü il tarixdə Bakı Dəniz Ticarəti Limanına çatdırılmış, iddiaçı tərəfindən sonradan qəbul olunsa da, bu barədə təhvil-təslim aktı tərtib edilməmişdir. Bu daşıma üzrə cavabdeh tərəfindən 16500 ABŞ dolları (2850 manat) daşıma haqqının ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli - 1467,60 manat məbləğində ödənilmiş gömrük xərcinin və 1530 manat kanteynerlərin müddətdən artıq saxlanılmasının ödənilməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş hesab-fakturalar iddiaçıya göndərilmişdir. Bu hesab-fakturalar üzrə də ödənişlər iddiaçı tərəfindən aparılmamışdır.

5. Həmçinin, Çin Xalq Respublikasından bəzək əşyalarının alınmasına dair iddiaçı ilə “Guangzhou Sun-Dec Craft LTD” arasında 2 müqavilə - 16640 ABŞ dolları dəyərində malın alınmasına dair xx.xx.2024-cü il tarixli və 3106 ABŞ dollar dəyərində malın alınmasına xx.xx.2024-cü il tarixli, habelə iddiaçı ilə “X7 Co., LTD” arasında 2 ədəd - 13813 ABŞ dolları dəyərində malın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli və 1860 ABŞ dolları dəyərində malın alınmasına dair xx.xx.2024-cü il tarixli müqavilələr imzalanmışdır.

6. Bundan başqa, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ML-2024-096 saylı texniki servis Müqaviləsinə xx.xx.2025-ci il tarixində dəyişiklik edilməsi barədə 1 nömrəli dəyişiklik razılaşması imzalanmış, Razılaşmaya görə Müqavilənin Əlavə-1 hissəsində işin həcminə aşağıdaki dəyişiklik edilsin və yeni redaksiyada verilsin: Crescent Mail 2024-2025 Yeni il bəzəklərinin quraşdırılması və demontajı (quraşdırma prosesi xx.xx.2024-cü il tarixində başlanacaq və sökülmə prosesi xx.xx.2025-ci il tarixində başa çatacaq) 231800 manat (ƏDV xaric) təşkil edir. Crescent Mall 2025-2026 Yeni il bəzəklərinin quraşdırılması və demontajı (quraşdırma prosesi xx.xx.2025-ci il tarixində başlanacaq və sökülmə prosesi xx.xx.2026-cı il tarixində bitəcək): 40000 manat (ƏDV xaric) təşkil edir. Crescent Mall 2026-2027 Yeni il bəzəklərinin quraşdırılması və demontajı (quraşdırma prosesi xx.xx.2026-cı il tarixində başlanacaq və sökülmə prosesi xx.xx.2027-ci il tarixində bitəcək): 40000 manat (ƏDV xaric) təşkil edir.

7. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Malların və (və ya) xidmətlərin alışına dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə görə Satıcı (mal və xidmət) satır, Alıcı isə müqaviləyə əsasən tərəflər arasında razılaşdırılacaq qoşmalarda (əlavə, invoys, hesab-faktura, elektron qaimə və s. formada ola bilər) müəyyənləşdirilmiş müddətdə (təqdim olunacaq) malları və/və ya göstəriləcək xidmətləri alır. Satıcının təqdim edəcəyi mallar və göstərəcəyi xidmət Alıcının “Sevinc Mall” Ticarət Mərkəzinin açılışı və “YENİ İL” Bayramı münasibətilə məkanın bəzədilməsi, dekorasiyaların quraşdırılması və s. xidmətlərin göstərilməsidir. Müqaviləyə edilmiş 1 saylı Əlavəyə görə müqavilənin ƏDV daxil 54280 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən iddiaçıya xəbərdarlıq göndərilməklə, işlərin vaxtında görülüməməsi səbəbindən müqaviləyə xitam verildiyi göstərilmişdr.

8. İddiaçı ilə X5 arasında xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə sifarişçi - iddiaçı “X1” qeyd olunan sənaye alpinizm vasitəsi ilə yüksəklikdə “yeni il” dekorlarının asılması (quraşdırılması) xidmətlərinin göstərilməsini sifariş verib və İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan yüksəklikdə qaldırıcı avadanlıqların quraşdırılması xidmətinin (bundan sonra “Xidmət”) həyata keçirməyi öhdəsinə götürür. X1 göstərilən xidmətə görə haqqın 24200 manat olması razılaşdırılmışdır.

9. Həmçinin, iş materillarında olan təhvil-təslim aktlarından görünür ki, ƏDV daxil xx.xx.2024-cü il tarixdə 4631,60 manat, xx.xx.2024-cü il tarixdə 896,82 manat və 2106,41 manat, xx.xx.2024-cü il tarixdə 2227,91 manat və xx.xx.2024-cü il tarixdə 3568,32 manat dəyərində bəzək əşyalarının (led yeni il və yolka işıqlar) təhvil verilməsinə dair iddiaçı X4 arasında təhvil təslim aktı tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə 14082,33 manat pul X3 ödəniş tapşırığı ilə ödənilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İlkin iddia tələbi və onun dəlilləri

10. İddiaçı maddi, mənəvi və işgüzar nüfuzuna vurulmuş ziyana görə 160 000 manat pulun ("xxxx" MMC-ilə pozulmuş müqaviləyə görə 54 280 manat, "xxxx" MMC ilə bağlanılmış müqaviləyə edilən dəyişikliyə görə edilmiş güzəşt səbəbindən düşdükləri maddi ziyana görə 41 200 manat, "xxxx" MMC ilə bağladıqları müqavilənin icrasının tamamlanmasına görə əlavə çəkdiyimiz xərclər – fərdi sahibkar P.Əlihüseynlidən əldə etdiklər mallara görə 14 082 manat, fərdi sahibkar N.Qolovanovanın göstərdiyi xidmətlərdən (o cümlədən şam ağacının icarəsi) istifadə etdiklərinə görə çəkilmiş xərc olaraq 24 200 manat, işgüzar nüfuzuna vurulmuş zərərə görə 11 120 manat, mənəvi ziyana görə isə 11 118 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 4000 manat), ödənilmiş dövlət rüsumuna görə 454 manat olmaqla, cəmi 160 454 manat pulun cavabdeh onun xeyrinə tutulması barədə sonradan dəqiqləşdirilməklə, ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, tədbirlərin təşkili sahəsində peşəkarcasına fəaliyyət göstərir. Bununla əlaqədar olaraq bir neçə şirkətlərlə əməkdaşlıq edərək müqavilə əsasında əvəzli olaraq xidmətlərin göstərilməsi ilə məşğuldur. Həmin xidmətlərin göstərilməsi üçün xaricdən, xüsusən Çin Xalq Respublikasındakı bir sıra şirkətlərlə partnyorluq əlaqələri quraraq müvafiq alqı-satqı müqavilələri bağlayaraq onlar qarşısında öhdəlik götürmüşdür. Həmin müqavilələr "xxxx" MMC və "xxxx" MMC ilə malların, xidmətlərin alqı-satqısı müqavilələridir. Həmin müqavilələrə əsasən 2024-cü ilin Yeni il tədbirlərinin keçirilməsi nəzərdə tutulmuş, bununla əlaqədar Şirkət tərəfəfindən tədbirlərin təşkil olunması və həyata keçirilməsi üçün tədarük işləri həyata keçirilmiş və Çin Xalq Respublikasındakı “Guangzhou Sun-DEC" və "TİANTAY Ceeree" adlı şirkətlərlə 2024-cü ilin sentyabr və oktyabr tarixlərində alqı-satqı müqaviləsi bağlanılaraq külli miqdarda pul ödənilməklə xaricdən malın gətirilməsi planlaşdırılmışdır. Bununla əlaqədar olaraq cavabdehlə aralarında olan əvvəlki partnoyurluq münasibətləri nəzərə alaraq, başqa daşıyıcı şirkət axtarılmadan danışıqlara başlamış, malların əldə edilməsindən öncə, hələ xx.xx.2024-cü il tarixində cavabdeh şirkətin direktoru Qanuni nümayəndə1la sifariş edəcəyəkləri malların gətirilməsi marşrutu üzrə məsləhətləşmələr aparılmış, nəticəsində onlar üçün müddət baxımından ən əlverişli yekun marşrut təklif edəcəyini razılaşmışlar. xx.xx.2024-cü il tarixində Quancou-Bakı maşrutunun dəmir yolu nəqliyyatı ilə daşınma xərclərinin yoxlanışını birgə apardılar. xx.xx.2024-cü il tarixində təchizatçı “Guangzhou Sun-DEC" şirkəti xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixində isə, digər təchizatçı "TİANTAY Ceeree" şirkətinin xx.xx.2024-cü ildə yükülərinin yola salınmasına hazır olacaqları haqqında məlumatı cavabdehə çatdırdılar. Lakin bütün bunlara baxmayaraq hər iki ünvandan yük cavabdeh tərəfindən yalnız xx.xx.2024-cü ildə götürülmüşdür. xx.xx.2024-cü il tarixində aramızda aparılmış növbəti danışıqlar əsasında, yükün dəmir yol nəqliyyatı vasitəsilə daşınacağı halında, yük yalnız xx.xx.2024-cü ildə yola salına biləcəyini və 25 gün müddətində Bakıya çatdırılacağı variantı təklif edimiş, lakin onlar tərəfindən qəti qəbul olunmamış və ən sürətli (müddət baxımdan) və ən qısa vaxt ərzində çatdırılmasının son müddəti kimi, xx.xx.2024-cü il tarixi cavabdehə bildirilmişdir. Belə olan halda, cavabdeh yükün çatdırılması avtonəqliyyat vasitəsinin (“qrupaj” olmadan) tam həcmdə (FTL- X9; konteynerin cəmi 1/3 hissəsinin doldurulması, qalan hissə boş qalacaqdı) təkcə şifariş olunacağı və buna görə də yükün mümkün olan ən qısa müddət, yəni 3-4 həftə ərzində çatdırılmasının mümkün olacağına cavabdeh tərəfindən zəmanət verilmişdir. Daha bahalı olmasına baxmayaraq vaxt baxımından əlverişli olduğundan məhz həmin variantla razılaşmışalar. Nəticədə, vaxtılə cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli, 071223 nömrəli “Xidmət göstərilməsi haqqında” Müqavilənin 1-ci hissəsinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişinə uyğun olaraq “Sifarişçi” tərəfindən göstərilən marşrut və yükə əsasən nəqliyyat xidmətinin yerinə yetirilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Həmin mallar Şirkətlərinə ən geci 2024-cü ilin dekabr ayının 1-ə qədər (yəni, ən geci 3-4 həft ə ərzində çatdırılmalı idi) çatdırılmalı idi. Baxmayaraq ki, Çin Xalq Respublikasından şifariş etdikləri malların həcmi onların daşınması üçün istifadə olunacaq konteynerin ümumi həcminin 1/3 hissəsini heç də təşkil etmirdi. Lakin gətirilməli olan yük təcili hesab olunduğuna görə Şirkət bu təklifə razılıq verdi və artıq xərc hesabına konteyner bütöv olaraq sifariş olunmuşdur. Həmçinin, yükün marşrutu olaraq, ən əlverişli cavabdeh tərəfindən ÇİN-Qazaxıstan ərazisi seçilmişdir. Nəhayət, yük Çin-Qazaxıstan sərhədindən keçdikdə, Qazaxıstanın Alma-Atı şəhərinin ərazisində Aktau dəniz limanında böyük növbələrin olması haqqında məlumat cavabdehdən daxil olmuşdur. Bununla bağlı həm müştəriləri "xxxx" MMC, həm də cavabdehlə danışıqlar aparılmış və Aktau limanında 800-dən çox yük avtomobillərin növbədə olması səbəbindən alternativ çıxış yolu Qazaxıstan-Rusiyanın Həştərxan ərazisindən Rusiya-Azərbaycan quru sərhədindən yükün çatdırılması variantı cavabdeh tərəfindən bildirilmiş, həmin varianta da etiraz etmədilər. Lakin sonradan cavabdeh növbəti danışıq zamanı bildirdi ki, avtomobil artıq Qazaxıstanın Aktau dəniz (parom) limanına çatıb. Lakin yükləri adı çəkilən limana çatdırıldıqda, təxmini 1 həftədən sonra oradakı olan böyük növbələrin olması səbəbindən cavabdeh tərəfindən yeni alternativ variant kimi, yükün Aktau dəniz limanının yaxınlığında fəaliyyət göstərən “konteyner” portu vasitəsilə daşınması təklifi verilmiş, akin onlar tərəfindən razılıq verilsə də, həmin işin görülməsini əlavə olaraq azı 15 gün keçdikdən sonra (alternartiv daşınma yolu) cavabdeh təşkil etmişdir. Nəhayət, yük xx.xx.2024-cü il tarixində Qazaxıstandan Bakıya yola salınmış və xx.xx.2024-cü ildə Bakı Dəniz Ticarət Limanına çatdırılmışdır. Bununla da cavabdeh göstərdiyi xidməti peşəkarcasına icra etməmiş və ciddi loqistik səhvlərə yol verilmişdir. Maraqlısı odur ki, yükün daşınması zamanı həm cavabdehin direktoru Qanuni nümayəndə1 (050 2142725), eləcə də şirkətin Leyla adlı (051 779 6961) isçisindən mütəmadi olaraq aldıqları məlumatdan hər hasnı bir gecikmədən xəbər verilməmişdir. Daşıma Qazaxıstan ərazisinə daxil olan zaman artıq yükün vaxtında çatdırılacağına narahatçılarını cavabdehə bildirsələr də, yükün vaxtında çatdırılacağını və yükdaşıma işinin mükkəməl bildilərini, bəzən də təkliflərinə əhəmiyyət vermədən onları hər hansı bir gecikmənin olmayacağına inandırmağa çalışmışlar. Nəticə etibarı ilə təcili çatdırılmalı olan yük böyük gecikmə ilə çatdırılmış və digər partnyorları olan "xxxx" və "xxxx" MMC qarşısında müqavilə öhdəliklərinin icrasının gecikdirilməsinə səbəb olmuş, bu səbəbdən partnyorlara göstərməli olduqları xidmətin (servis) icrası ilə əlaqədar əlavə olaraq böyük məsrəflərə məruz qalmışlar. Belə ki, "xxxx" MMC ilə bağladığımız “Xidmət” müqaviləsinə əsasən “Crescent Mall” 2024-2025 Yeni İl bəzəklərinin quraşdırılması və demontajı işlərinin görülməsi gecikdiyinə görə Şirkətilər tərəfindən əlavə olaraq tələb olunan mallar başqa şəxslərdən (yerlərdən) alınmış və bununla əlaqədar olaraq böyük məbləğlərdə məsrəfə yol verilmişdir. Nəticə etibarı ilə ümumlikdə əlavə olaraq 160 000 manat məbləğində txərclər çəkilmiş və əlavə olaraq əsas partnyorları olan "xxxx" MMC qarşısında öhdəliklərimiz lazımi qaydada, yəni müəyyənləşdirilmiş müddətdə icra etməyən (edə bilməyən) tərəf kimi tanınmalarına məruz qalmış, göstərdikləri xidmətin keyfiyyətsizliyi səbəbindən Şirkətə həm maddi, mənəvi və ən əsası illərlə əməkdaşlıq etdikləri "xxxx" MMC qarşısında işgüzar nüfuzuna böyük zərər vurulmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər arasında razılaşdırılmış müddətdə xidmətləri yerinə yetirmək, görülən işlərin qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmək öhdəliyi cavabdeh üzərinə götürmüşdür. "xxxx" MMC ilə bağladıqları müqavilə isə ümumiyyətlə birtərəfli olaraq onlar tərəfindən ləğv edilmişdir. Nəticədə, Çindən əldə etdikləri məhsulu realizə edə bilməmiş və həmin məhsul faydasız qalmış, Şirkətimiz böyük itkiyə məruz qalmışdır. Onlar təkcə maddi ziyana yox, həmçinin böyük imic itkisinə məruz qalmış, işgüzar nüfuzlarına ciddi zərər dəymişdir. Bütün bunlar təkcə maddi yox, hələ üstəlik də mənəvi ziyanın vurulmasına səbəb olmuş, Şirkətə artıq məsrəflər yaratmışdır. Aaralarında aparılmış şifahi danışıqlar zamanı, təqsirindən baş vermiş itkilərin xeyli hissəsinin qarşılanması vədi cavabdeh tərəfindən verilsə də, sonradan boyun qaçırılmışlar.

b) ilkin iddiaya qarşı etirazın dəlilləri

12. Cavabdeh ilkin iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya qarşı ilk olaraq iddianı onlar qaldırmaq istəmiş və bununla əlaqədar hətta pretenziya da göndərmişlər. İddiaçının iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, iddiaçının öz uydurmasıdır, açıq şəkildə şər və böhtandır. Heç bir sənədə, fakta və sübuta arxalanmayan mülahizələrin məhkəməyə təqdim edilməsi və onların əsasında ağıllarına gələn məbləğin tələb etməsidir. “Yekun pretenziya məktubu”nun 2-ci səhifəsinin 3-cü abzasında onlar tərəfindən hansısa uydurma ziyanın bir hissəsinin qarşılanması vəd edilmiş, sonradan bundan boyun qaçırılması qeyd edilmişdir. Bu yalan və böhtandır. İddia ərizəsində onlarla müqavilə öhdəliklərindən deyil, digər hüquqi şəxslərlə bağlıadığı müqavilələrdən yazmış, onları aralarında bağlanmış müqaviləyə aid etməyə cəhd etmiş, müqavilə üzrə öhdəlikləri icra etməməsini kiminsə boynuna yıxmaq istəmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “Xidmət göstərilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli 071223 saylı Müqavilə imzalanmış və bütün xidmətlər həmin müqavilə əsasında həyata keçirilmişdir. Müqavilə üzrə cavabdeh öz öhdəliyini tam icra etmiş, yük zədələnmədən tam şəkildə “Sifarişçi”yə müəyyən olmuş müddət ərzində təhvil verilmişdir. Müqavilənin hər hansı şərtinin pozulması heç bir mərhələdə baş verməmişdir. İddia ərizəsinin də məhkəməyə təqdim edilməsi məhz pulu ödəməkdən boyun qaçırmasını pərdələyir. Yükün çatdırılması detalları barədə şifahi və yazılı müzakirələrin aparılması tamamilə cəfəngiyyat və uydurmadır. Bütün şərtlər müqavilədə göstərilmişdir. Əgər əlavə yükün çatdırılması detalları olsaydı bu “Xidmət göstərilməsi haqqında” Müqaviləyə Əlavə № 1 kimi qoşma edilərdi və ya imzalanmış Müqaviləyə əlavə və dəyişiklik olunardı. Hüquqi qüvvəsi olan və tərəflər üçün məcburi hesab edilən Müqavilənin hansısa şifahi və ya yazılı yazışma ilə necə dəyişmək olar? Yükün gecikməsi obyektiv səbəblərdən baş vermiş, buna görə tərəflər arasındakı müqaviləyə əsasən cavabdeh heç bir məsuliyyət daşımır.

c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri.

13. Cavabdeh 40.493 manat əsas borcun, 600 manat dövlət rüsumunun, əldə çıxmış fayda və mənəvi ziyan kimi 8.907 manat pulun iddiaçıdan tutularaq onun xeyrinə ödənilməsi barədə qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış “Xidmət göstərilməsi haqqında Müqavilə”yə əsasən cavabdeh iddiaçınınin sifarişinə uyğun 2 göstərilən marşrut və yükə əsasən nəqliyyat xidmətinin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Tərəflərdən heç biri etiraz bildirmədiyinə görə müqavilə 5.7-ci bənəd əsasən 1 il müddətinə, yəni 07 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən əsasən “Sifarişçi” tərəfindən ödəniş bank vasitəsi və ya nəğd yolu ilə yük çatdırıldıqdan 10 təqvim günü müddətində ödənilməldir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən hər hansı səhvi ucbatından baş verməyibsə, bu zərər qarşısında “İcraçı” məsuliyyət daşımır. Müqaviləyə və qanunvericiliyin tələblərinə əsasən cavabdeh öhdəliyini yerinə yetirmiş və “Görülən işlər haqqında” bir neçə akt tərtib etmiş, iddiaçı heç bir səbəb bildirmədən həmin aktları imzalamaqdan imtina etmiş, həmçinin Müqavilənin 2.1-ci bəndinə və qüvvədə olan qanunvericiliyə əsasən hesab fakturalar iddiaçı tərəfə rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı ödəniş etməkdən imtinanı onunla bəhanə edilmişdir ki, “İcraçı” yəni hazırda cavabdeh tərəf yükü gecikdirmişdir. Yükün gecikməsi onların günahından olmamış və bu səbəbdən onlar heç bir məsuliyyət daşımır. İddiaçı ödəniş etməkdən imtina etdiyinə görə irəli sürdüyü bəhanə əsassız, qanunsuz və ədalətsiz olmaqla, yalnız görülən xidmətlərin haqqını verməmək məqsədi daşıyır. İddiaçı pulu vaxtında ödəmədiyinə görə onlara əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Bunu təsdiq edən mötəbər və danılmaz sübut mövcuddur. İddiaçı göstərdikləri xidmətlərin hesabının göndərilməsini rəsmi qaydada xahiş etmiş, sonradan 28.050 manat dəyərində avtomobil daşıması xidmətinin göstərilməsindən narazı qalmış, halbuki malı qəbul etmişdir. Sual yaranır: göstərilən xidmətdən narazısansa malı niyə qəbul edirsən. Göstərilən xidmətlərin ümumi məbləği 40.493 manat təşkil edir. Borcdan əlavə əldən çıxmış fayda kimi 507,6, 1.000 manat dəbbə pulu və 3.000 manat mənəvi ziyan, cəmi 50.000 manat pul tələb edirlər. İddiaçı, hətta vaxtında icra olunan və heç bir narazılıq olmayan xidmətlərin də pulunu ödəmək istəmir. Yəni, hansısa yükün gecikməsinin digər xidmətlərə heç bir aidiyyəti yoxdur, halbuki hətta mübahisə olunan xidmətin də əvvəlcədən ödəmə haqqını istəmiş, sonra isə kiminsə məsləhəti ilə bütün pulları ödəməkdən imtina etmişdir.

d) İddiaçı qarşılıqlı iddiaya qarşı etirazını yazılı formada təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

15. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia tələbinə izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmamasını xahiş etdi.

16. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını, ilkin iddianın isə rədd edilməsini xahiş etdi.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

27. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

29. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

30. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

31. Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

32. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

33. Maddə 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

39. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, ilkin və qarşılıqlı iddia ərizələrinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin və qarılıqlı iddia tələbləri qismən əsaslıdır.

40. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

41. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında daşıma haqqında xx.xx.2023-cü il tarixli, 071223 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdeh tərəfindən daşmanın vaxtında icra edilməməsi nəticəsində ona maddi zərər dəydiyini iddia edir. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsinin əsaslılığının yoxlanılması üçün iki məsələyə hüquqi qiymət verilməlidir: birincisi, cavabdehin tərəfindən yükün vaxtında daşınıb-daşınmaması; ikincisi, əgər yük vaxtında daşınmamışdırsa, bunun nəticəsində iddiaçıya maddi zərər dəyməsi və yükün gec daşınmasının zərərin yaranmasına səbəb olması (səbəbli əlaqə mövcudluğu).

42. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin məzmununa əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, tərəflərin daxil olduqları konkret hüquq münasibətlərindən, onların xüsusiyyətindən, habelə müqavilənin bağlanmnasından sonra da ona zidd olmamaqla tərəflərin davranışlarından asılı olaraq meydana gələn elə şərtlər razılaşdırıla bilər ki, tərəflərin hüquq və vəzifərlərinin tam icrası həmin şərtlərə bağlı ola bilər.

43. İşin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ümumi şərtlərinə uyğun olaraq (müqavilə 1 il müddətinə bağlansa da, tərəflər onun ləğvi barədə bir-birlərinə müraciət etmədiklərindən müddət daha 1 il müdətinə uzanmış və mübahisə yaranan vaxt qüvvədə olmuşdur) tərəflər 2024cü ilin oktyabr ayının sonlarında iddiaçının alqı-satqı müqaviləsi əsasında ÇXR-dan 2025ci il Yeni il bayramının təşkili və keçirilməsi üçün istifadə olunacaq bəzək əşyalarının və dekorların quru və hava yolu ilə daşınması barədə razılığa gəlmişlər. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xidmət göstərilməsi haqqındası haqqında xx.xx.2023-cü il tarixli, 071223 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, hava yolu ilə daşınan yüklər xx.xx.2024-cü il tarixdə iddiaçıya təhvil verilmişdir (iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış təhvil-təslim aktı). Məhkəmə iclasında tərəflərin izahatları ilə quru yolu ilə (CXR-Bakı) daşınan yüklərin isə xx.xx.2024-cü il tarixdə Bakı Dəniz Ticarət Limanına gətirildiyi, bundan sonra iddiaçı tərəfindən qəbul edildiyi (dəqiq tarix bəlli deyil) müəyyən edilmişdir.

44. İddiaçı cavabdehlə aralarındakı şifahi razılaşmaya əsasən yüklərin 2024-cü ilin dekabr ayının 5-dək ona təhvil verilməsi barədə qarşı tərəfin öhdəlik götürdüyünü, cavabdeh isə aralarında bağlanmış nə müqavilədə, nə də sonrakı şifahi razılaşmada yüklərin konkret çatdırılma tarixinin razılaşdırılmadığını, bununla bağlı müqaviləyə hər hansı əlavə edilmədiyini, buna görə də yükün 2024-cü ilin dekabr ayının sonunadək çatdırılması barədə öhdəlik götürdüyünü bildirir. Məhkəmə hesab edir ki, yüklərin konkret hansı tarixdə çatdırılması barədə tərəflərin dəqiq sübutları, yaxud bununla bağlı müqaviləyə hər hansı əlavə olmasa da, daşınmalı olan yüklərin – Yeni il üçün bəzək əşyalarının və dekorların hansı məqsəd üçün istifadə edilməsi xüsusiyyətindən asılı olaraq cavabdeh tərəfindən yükün vaxtında çatdırılb-çatdılmaması ilə bağlı öhdəliyini tam icra edib-etməməsinə hüquqi qiymət verməsi mümkündür.

45. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçının sifarişi ilə cavabdeh tərəfindən ÇXR-dan Bakıya daşınması nəzərdə tutulan yüklər Yeni il bayramı üçün istifadə ediləcək müxtəlif bəzək əşyalarından ibarət olmuşdur. Həmin əşyaların istifadəsi isə yalnız konkret dövr üçün, yeni il tədbirlərinin təşkili və keçirilməsi üçün nəzərdə tutulmuşdur. Hamıya bəlli olan haldır ki, bütün ölkə üzrə hər növbəti Yeni il tədbirlərinin təşkilinə cari ilin dekabr ayının ortalarından başlanılır, şəhər və rayon mərkəzlərində, eləcə də başqa-başqa yerlərdə, iş yerlərində və s. şam ağacları qurulur, bəzədilir və digər işlər yerinə yetirilir. Tərəflər arasında bağlanmış nə sözü gedən müqavilədə gəstərilmədiyindən, nə də şifahi razılaşmada yüklərin konkret təhvil verilməli olduğu gün dəqiq müəyyən etmək mümkün olmamışdır. Lakin daşınan yükün hansı məqsədlə istifadə edilməsindən asılı olaraq, habelə iddiaçının da onları quraşdırmasına minimum kifayət qədər vaxt tələb edilməsi nəzərə alındıqda yüklərin Yeni il tədbirlərinin təşkilinə başlanılmasına ən azı 10 gün qalmış çatdırılması ağlabatan ola bilərdi. Çünki, dəfələrlə də qeyd edildiyi kimi, həmin yüklə gətirilən əşyalar, məhz Yeni il bayramı ilə bağlı bəzək işlərində istifadə üçün gətirilmişdir.

46. Şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, cavabdeh quru yolu ilə yüklərin daşınması zamanı öhdəliyini qüsurlu yerinə yetirmiş, yükü yalnız xx.xx.2024-cü il tarixdə Bakı Dəniz Ticarəti Limanına çatdırmışdır. Məhkəmə cavabdeh tərəfindən quru yolu ilə daşınma zamanı öhdəliyinin pozulması qənaətinə gələrkən yükün hansı məqsədlə və hansı zaman kəsiyində istifadə edilməli olmasını, bununla bağlı tərəflərin mümkün danışıqlarının və davranışlarının xüsusiyyətini nəzərə alır. MM-ni 404.1-ci maddəsində də qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

47. Yük vaxtında daşınaraq vaxtında verilməməsi nəticəsində iddiaçıya dəymiş zərər gəldikdə isə 443.1-ci maddəsindən görünür ki, öhdəliyini icra etməyən borclunun üzərinə kreditora dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulmuşdur. Bu zaman borclu tərəfindən öhdəliyini pozması, bu pozuntunun nəticəsində zərərin dəyməsi və borclunun təqsirli hərəkəti ilə baş vermiş zərər arasında səbəbli əlaqənin olmasının müəyyən edilməsi vacibdir.

48. Əvvəldə də qeyd edilmişdir ki, cavabdeh quru yolu ilə yükü daşıyaraq vaxtında təhvil vermədiyi üçün öhdəliyini pozmuşdur. Onun öhdəliyini pozması nəticəsində iddiaçıya maddi zərərin dəyməsinə gəldikdə isə məhkəmə hesab edir ki, bu yalnız X3 ödənilmiş 14082,33 manat pulun ödənilməsi ilə bağlı hissədə təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, 16,27,28 və 29 dekabr 2024-cü il tarixdə imzalanmaqla təsdiq edilmiş təhviltəslim aktından görünür ki, iddiaçı tərəfindən X2 “led yeni il və yolka işıqları” adı altında Yeni il tədbiri üçün əşyalar alınmış və həmin əşyalara görə xx.xx.2025-ci il tarixdə 14082,33 manat pul X3 ödənilmişdir.

49. Tələbin digər hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı nə "xxxx" MMC-ilə pozulmuş müqaviləyə görə 54 280 manat, nə "xxxx" MMC ilə bağlanılmış müqaviləyə edilən dəyişikliyə görə edilmiş güzəşt səbəbindən düşdüyükləri maddi ziyana görə 41200 manat, nə də fərdi sahibkar N.Qolovanovanın göstərdiyi xidmətlərdən (o cümlədən şam ağacının icarəsi) istifadə etidiklərinə görə çəkilmiş xərc olaraq 24 200 manat maddi ziyanın dəyməsi ilə cavabdehin öhdəliyini pozması, yəni yükün vaxtında çatdırılmaması arasında səbəbli əlaqənin olması barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC arasında müqaviləyə dəyişiklik xx.xx.2025-ci il tarixdə, fərdi sahibkar N.Qolovanova ilə xidmət müqaviləsi isə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Tərəflər arasında mübahisə isə 2024-cü ilin dekabr ayının sonunda yaranmışdır.

50. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun işgüzar nüfuzuna zərər dəyməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

51. Mənəvi zərər tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, “mənəvi zərər” anlayışı fiziki şəxsin (insanın) anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hüquqi şəxs isə canlı varlıq olmadığı üçün “mənəvi sarsıntı keçirmə”, yaxud “iztirab çəkmə” kimi şüuru əlamətlər ona xas ola bilməz.

52. Beləliklə, məhkəmə ilkin iddia ilə bağlı şərh edilənlər əsasında hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, 14082,33 manat pul, 1000 manat hüquqi xidmət xərci və təmin edilmiş iddia tələbinə mütənasib dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

53. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir.

54. Tərəflər arasında daşıma müqaviləsinin bağlanılmasının və sonrakı şifahi razılaşmaya görə iddiaçının Çin Xalq Respublikasından Yeni illə bağlı keçiriləcək bayram tədbirlərində bəzək əşyalarının daşınmasının sifariş edilməsi işin mübahisəsiz hallarıdır. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçının sifarişi ilə cavabdeh tərəfindən hava yolu ilə daşınan 699 kq. yük xx.xx.2014-cü il tarixdə iddiaçıya təhvil verilmiş və bu barədə sonuncu ilə "xxxx" MMC arasında bağlanmış təhvil-təslim aktı imzalanmışdır. Bu daşıma üzrə iddiaçıya cavabdeh tərəfindən 8670 manat daşıma haqqının və 775,4 manat gömrük xərcinin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli 2 hesab-faktura iddiaçıya təqdim edilsə də, iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir.

55. Həmçinin, quru yolu daşınan yük sonradan iddiaçı tərəfindən qəbul olunsa da və bu daşıma ilə də bağlı cavabdeh 16500 ABŞ dolları (2850 manat) daşıma haqqının ödənilməsinə dasir xx.xx.2024-cü il tarixli hesab-faktura göndərsə də, iddiaçı tərəfindən ödəniş həyata keçirilməmişdir.

56. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilənin bağlanması və qüvvəyə minməsi üçün ən mühüm şərtlərindən birini sifarişçi tərəfindən daşınan yükə görə haqqın ödənilməsi təşkil edir. Eyni zamanda, bu həm də sifarişçinin əsas öhdəliyini təşkil edən şərtlərdən ən əsasıdır. Cavabdeh iddiaçının sifariş etdiyi yükün ÇXR-dan Bakı şəhərinə daşıyaraq yükün bir hissəsini ona hava limanında təhvil vermiş, quru yolu ilə daşınana yükü isə Bakı Dəniz Ticarəti Limanına gətirib (yükün konkret təqdim edilmə yeri müqavilədə göstərilməmişdir). İşə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən malların daşınmasına görə haqqın ödənilməməsini etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə müvafiq olaraq, bu cavabdehi həmin halları sübuta yetirmək vəzifəsindən azad edir.

57. Belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsindən də görünür ki, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs daşımanın dəyərini ödəmək öhdəliyi daşıyırlar. Eləcə də, tərəflər arasında bağlanmış müqavilənin 2.1 və 2.2-ci bəndlərinə görə “İcraçı” tərəfindən göstərilən xidmətlərin dəyəri işin həcmindən asılı olaraq malın hər partiyası üzrə “Sifarişçi”yə təqdim edilən hesab-faktura ilə müəyyənləşdirilir. “Sifarişçi” tərəfindən ödəniş bank vasitəsi və ya nəğd yolu ilə yük çatdırıldıqdan 10 təqvim günü müddətində ödənilməlidir. Hesab manatla ödəniş edildiyi günə uyğun kursla ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı daşıma haqqı kimi müəyyən edilmiş haqqı cavabdehə ödəməlidir.

58. Məhkəmə hesab edir ki, yüklə bağlı olduğundan və cavabdeh tərəfindən ödənildiyindən gömrük xərcinə görə ödənilmiş pul vəsaitləri də cavabdehə qaytarılmalıdır.

59. 1530 manat gecikməyə görə pul tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, gecikmənin iddiaçının təqsirindən yarandığını və buna görə göstərilən məbləğdə ödəniş etməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.

60. Qarşılıqlı iddiada cavabdehin əldən çıxmış faydaya və mənəvi zərərə görə iddiaçıdan pul tələb edilməsini məhkəmə əsaslı hesab etmir. Əldən çıxmış faydanın nədə ifadə olunduğu, onun yaranması əsasları, buna görə cavabdehin hansı həcmdə zərər çəkməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

61. Mənəvi zərər tələbinə gəldidkə isə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə də mənəvi zərər təmin edilməməlidir və əsasları yuxarıda qeyd edilmişdir.

62. Beləliklə, məhkəmə şərh edilənləri ümumiləşdirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 14082,33 manat, 1000 manat hüquqi xidmət xərci və 55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia qismən təmin edilərək 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu idiaçıdan tutularaq cavabdehə ödənilməli, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən 17782,84 manat əsas, 1000 manat hüquqi xidmət xərci və 55 manat məbləğində dövlət rüsumu, cəmi 18837,84 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 399 manat hissəsi İddiaçı MMC-yə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC-dən 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu, cəmi 39169,89 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 293,11 manat hissəsi İddiaçı MMC-yə aid edilsin Hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirməklə, "xxxx" MMC-nin xeyrinə tutulmalı olan 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu, cəmi 39169,89 manat məbləğində puldan, İddiaçı MMC-yə ödənilməli olan cəmi 18837,84 manat pul məbləği çıxdıqdan sonra, yerdə qalan 20332,05 pul vəsaiti İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar