Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5210/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10104,60 manat borcun və 120,31 manat ödənilən dövlət rüsumunun, cəmi 10224,91 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbuledərək dəyərinişirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən 10104.60 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları,eləcə də,alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəniİddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlıalıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2-(113)-5210/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2-(113)-5210/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Xəlilov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, iddiaçı MMC-ni isə tanımır. İddiaçı ilə hər hansı müqavilə bağlamamış, hər hansı mal sifariş etməmişdir. Təhvil aktında adı çəkilən şəxsi tanımır, orada olan imzanın kimə məxsus olmasını bilmir, aktda göstərilən ünvanda qeydiyyatda olmaqla yaşayır, həmin mənzil bir otaqlıdır, həmin mənzilə hər hansı mal gətirilməmişdir. Hazırkı işdən icra şöbəsində məlumat almışdır. Bacısı oğlu Şahid iddiaçı MMC ilə əməkdaşlıq etmiş, onlardan mütəmadi mal almışdır, ehtimal edir ki, onun şəxsiyyət vəsiqəsi və VÖEN məlumatlarını iddiaçıya onun xəbəri və icazəsi olmadan Vüqar təqdim etmiş, malları da o, təhvil almışdır. Materiallarda olan elektron qaimələri yalnız indi görür, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün AVİS sisteminə daxil olan sənədlərə baxmır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə, EBDC 296062 nömrəli qaimə (5030,64 manat), xx.xx.2023-cü il tarixdə EBDC 296063 nömrəli qaimə (5073,96 manat) təqdim edilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan borcu 10104,6 manat təşkil edir.
11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
12. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlandığını, tərəfindən cavabdehə ümumilikdə iki partiya olmaqla 10104,60 manat dəyərində malların (müxtəlif içki məhsulları) təhvil verildiyini iddia edir.
13. Cavabdeh iddiaya etiraz edərək iddiaçı MMC-ni ümumiyyətlə tanımadığını, onunla hər hansı müqavilə bağlanmadığını, hər hansı mal almadığını bildirir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Hazırkı halda iddiaçı iddia ərizəsinə tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız iki ədəd elektron qaimə və təhvil aktı təqdim etmişdir.
18. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş təhvil aktlarını mötəbər sübut qismində qəbul etmir.
19. Belə ki, aktlarda malları qəbul edənin adı və soyadı ümumiyyətlə göstərilməmiş, aktlar cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən imza edilmişdir.
20. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri də mötəbər sübut qismində qəbul etmir.
21. Belə ki, iddiaçının vergi sisteminin çıxarışından görünür ki, hər iki qaimə eyni gündə, eyni saatda təqdim edilmiş, sistem tərəfindən təsdiq edilmişdir.
22. Halbuki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.
23. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
24. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
25. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 10104,60 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, malların sifariş verildiyini və cavabdehə təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
29. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
31. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
32. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 120,31 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 120,31 (bir yüz iyirmi manat otuz bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova