Məhkəmə qərarları › İş №e-2-2(113)-5215/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5215/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5215/2023 14.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 13395,27 manat, hesablanmış cəriməyə görə 4045,37 manat və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, cəmi 17640,64 manat pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 542 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 70 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 100039,40 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 124154,71 kq, 86644,13 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 13395,27 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 4045,37 manat təşkil edir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddiaçının hesabına hüquqi əsaslar olmadan əsassız varlanmış cavabdehdən 15400 manat əsas borc və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, cəmi 15600 manat pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən pul tələb edir. Müqavilədə qeyd edilən sahə üzrə öhdəlik yerinə yetririlmiş və pambıq iddiaçıya təhvil verilmişdir. İddia ərizəsinə “pambıq qəbulu üzrə əlavə edilmiş qəbzlərdən” göründüyü kimi, bu qəbzlərin heç birində Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinin imzası yoxdur. Bu qəbzlərdəki imzanın kimə məxsus olması da şübhəlidir. Bu qəbzlərdə guya cavabdeh tərəfindən təhvil verilən şəxsin adı, soyadı qeyd edilməmişdir. Bundan başqa, qəbzlərdə cavabdehə məxsus möhür də yoxdur. Digər tərəfdən qəbzlərdə MMC kimi cavabdehin hansı nümayəndəyə etibarnamə verilməsinə dair və bu etibarnamənin surətinə dair də məlumat yoxdur. İddiaçının təqdim etdiyi sənədlər şübhə doğurur və pambıq qəbulu üzrə qəbzlərdə imzanın kim tərəfindən icra edilməsi şübhəlidir. Ola bilər ki, iddiaçı tərəfindən də belə qəbzlər tərtib olunub və doldurularaq cavadbehin əvəzinə imza edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən o da görünür ki, alıcı olaraq İddiaçı MMC təhvil aldığı pambığın dəyərini 15 gün ərzində alıcıya ödəməlidir. Müqavilənin bu bəndindən də aydın olur ki, ilk növbədə pambıq təhvil verilmiş və daha sonra 15 gün ərzində ödəniş olunmuşdur. İddia tələbindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsinə dair sübut təqdim edə bilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.4--cü bəndinə görə gələcək şərtlə belə müqavilə bağlanmışdır. Müqavilənin bu bəndindən aydın olur ki, gələcək mövsümdə pambıq avansın əvəzini ödəmirsə, ödənilmiş məbləğdən qalan məbləğ çıxılır. Eyni zamanda, bu müqavilənin 2.1.2-ci bəndindən göründüyü kimi, 70 ha sahə olmaqla, hər hektardan 25 sentner pambıq yığımı planlaşdırılmışdır. Müqavilə gələcək şərtlə bağlanmışdır. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, müqavilənin yuxarıda qeyd edilən bəndləri gələcək şərti ehtiva edir və belə şərt etibarsızdır. İddia tələbindən göründüyü kimi, iddiaçı bundan başqa dəbbə pulu da tələb edir. Mülki Məcəlləyə görə əsas tələb əsaslı olmadıqda və rədd edildikdə əlavə tələblər də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbindən göründüyü kimi, iddiaçının 13395 manat tələbinə görə cərimə məbləği də mütənasiblik təşkil etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edilir.

6. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Cavabdeh MMC ilə alıcı qismində İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə 21 284 542 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 2021-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı satıcının təhvil verdiyi xam pambığın dəyərini hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşma protokolunda” müəyyən olunmuş satınalma qiymətlərinə uyğun olaraq alış tarixindən 15 (on beş) bank günü ərzində satıcıya ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş har gün üyün ödənilməyən məbləğin 0,01 % miqdarında, lakin ödənilməyən məbləğin 0,5 %-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. Həmin müqavilənin 4.2ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1% həcmdə alıcıya cərimə ödəyir. Əsas borc dedikdə bu müqavilə ilə bağlı satıcı tərəlindən alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur.

9. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 21 284 542 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsinə X1 adlı Əlavədən görünür ki, tərəflər sözügedən Əlavədəki cədvəllərdə qeyd olunan satıcı tərəfindən alıcıya təhvil verilən xam pambığın satınalma qiyməti, alıcı tərəfindən satıcıya göstərilən aqrotexniki xidmətlərin qiyməti, alıcı tərəfindən xam pambığın qurudulması xidmətinin qiyməti, alıcı tərəfindən satıcıya verilən bardan və fakturadan satış qiyməti ilə bağlı razılığa gəlmişlər. Sözügedən Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. "xxxx" ASC tərəfindən təsdiq edilmiş F-15210 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77AİİB******************** nömrəli hesabına 1400 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində “xx.xx.2021-ci il dövri üçün Beyləqan rayonu üzrə 2021-ci il mövsümünün pambıq əkininə görə siyahı üzrə verilən avans ödənilir” qeyd edilmişdir.

11. "xxxx" ASC tərəfindən təsdiq edilmiş F-15288 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77AİİB******************** nömrəli hesabına 7000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində “xx.xx.2021-ci il dövri üçün Beyləqan rayonu üzrə 2021-ci il mövsümünün pambıq əkininə görə siyahı üzrə verilən avans ödənilir” qeyd edilmişdir.

12. "xxxx" ASC tərəfindən təsdiq edilmiş F-15382 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77AİİB******************** nömrəli hesabına 4200 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində “xx.xx.2021-ci il dövri üçün Beyləqan rayonu üzrə 2021-ci il mövsümünün pambıq əkininə görə siyahı üzrə verilən avans ödənilir” qeyd edilmişdir.

13. "xxxx" ASC tərəfindən təsdiq edilmiş F-15559 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77AİİB******************** nömrəli hesabına 1400 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində “xx.xx.2021-ci il dövri üçün Beyləqan rayonu üzrə 2021-ci il mövsümünün pambıq əkininə görə siyahı üzrə verilən avans ödənilir” qeyd edilmişdir.

14. "xxxx" ASC tərəfindən təsdiq edilmiş F-15693 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77AİİB******************** nömrəli hesabına 1400 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində “xx.xx.2021-ci il dövri üçün Beyləqan rayonu üzrə 2021-ci il mövsümünün pambıq əkininə görə siyahı üzrə verilən avans ödənilir” qeyd edilmişdir.

15. Cavabeh tərəfindən təqdim olunmuş cədvəldə (Müqavilə: 21 284 542, Fermerin adı Cavabdeh MMC, sahə 70,00, məhsuldarlıq 17,74) görülən işlər, pambıq yığımı və s.-lə bağlı məlumatlar öz əksini tapmış, cədvəlin debet qrafasında 100039,4, kredit qrafasında 86644,127, qalıq qrafasında isə 13395,27 manat qeyd olunmuşdur.

16. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək 10 (on) gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

18. İddia tələbini iddiaçının hesabına hüquqi əsaslar olmadan əsassız varlanmış cavabdehdən 15400 manat əsas borcun tutulması təşkil edir.

19. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 70 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla, istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin hesabına müqavilə üzrə avans məbləğlər ödənilmişdir. İddiaçı tələbinə uyğun 15400 manat avans məbləğin ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir. Etirazın əsasları yuxarıda qeyd olunan etiraz ərizəsində öz əksini tapmışdır. İlkin olaraq iddiaçı müqavilə üzrə cavabdehin aldığı avansın məbləğindən müəyyən olunmuş miqdarda təhvil verdiyi xam-pambığın dəyərini çıxmaqla qalan 13395,27 manat məbləğin tutulmasını xahiş etmişdir. Cavabdehin etirazından sonra iddianı dəyirəşərək, əsassız varlanmaya görə ödənilmiş avans məbləğlərin cavabdehdən tutulmasını xahiş etmişdir.

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

21. Göründüyü kimi, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər və əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

22. Hazırkı halda isə iddiaçının ödədiyi avans məbləğlər müqavilə üzrə avans ödənilən məbləğlər olub və ödəniş tapşırıqlarının ödənişin təyinatı hissələrində də bu, öz əksini tapmışdır. İlkin iddia ərizəsində əsaslandırma da o istiqamətdə olmuşdur. Belə olan təqdirdə iddiaçının cavabdehin etirazından sonra əsası dəyişərək, iddiaçının hesabına hüquqi əsaslar olmadan əsassız varlanma əsası ilə cavabdehdən pulun tutulmasını əsaslı hesab etmir.

23. Cavabdehin hesabına 15400 manat avans məbləğlərin ödənilməsi işdə olan sübutlarla öz təsdiqini tapır. Müqavilə şərtlərinə uyğun həmin məbləğdə məhsulun təhvil verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

24. Məhkəmənin gəldiyi qənaətə əsasən müqavilə şərtlərinə uyğun tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalı olduğundan, cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürdüyündən, qalıq məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. iddiaçı 15400 manat məbləğin cavabdehdən tutulmasını xahiş edir. İlkin iddia ərizəsində iddiaçı 13395,27 manat qalıq məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı tərtib edilmiş cədvəldə qalıq məbləğin 13395,27 manat (100039,4- 86644,127=13395,27) təşkil etdiyi qeyd olunmuşdur.

25. Belə olan təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 15400 manat deyil, 13395,27 manat qalıq məbləğ olan pul vəsaiti tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

26. Məhkəmə cavabdehin etirazını əsaslı saymır və hesab olunur ki, etiraz ərizəsində göstərilən hallar iddia tələbi ilə bağlı məhkəmnin fərqli nəticəyə gəlməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı müqavilə iki tərəfin razılaşdırılmış iradə ifadəsi olaraq bağlanmış, öhdəliklər müəyyən olunmuşdur. Eyni zamanda müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən olunmur. Cavabdehin MM-nin 328-ci maddəsinə (şərtlə bağlanmış əqdlər) istinad etməsi də əsaslı sayıla bilməz. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması halları müəyyən olunmur.

27. İddiaçı həmçinin 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

28. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13395,27 manat (on üç min üç yüz doxsan beş manat iyirmi yeddi qəpik) əsas borc və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 13595,27 manat (on üç min beş yüz doxsan beş manat iyirmi yeddi qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar