Məhkəmə qərarları › İş №e-2-2(113)-5217/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5217/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5217/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “İmaksu" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oglunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə oglunun, Cavabdeh “İmaksu" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 oglunun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “İmaksu" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 13408,11 manat məbləğində borcun, 200 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, ümumilikdə 13608,11 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 13408,11 manat məbləğində borcun, 200 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, ümumilikdə 13608,11 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli, 009/2022 saylı “Borcun təsdiqinə və ödənilməsinə dair” Sazişə əsasən 200625/08-641 nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixinə ödənilməmiş ƏDV daxil olmaqla 13408,11 Azərbaycan manatı məbləğində ödənilməmiş borcu olduğunu etiraf etmiş və borcu xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hər ay 1000 manat olmaqla (sonuncu ay 1 408,11 manat ödəniş etməklə) 12 ay müddətində tam məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, İmaksu həmin Sazişdən irəli gələn öhdəliklərini pozmuş, borcun tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər icra etməmişdir. Cavabdehin iddiaçıya 13408,11 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Sazişin 3-cü bəndinə əsasən, İmaksu ƏDV daxil olmaqla 13 408,11 manat məbləğində borcun razılaşdırılmış qrafik üzrə iddiaçıya ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, Sazişin 3-cü bəndində razılaşdırılan qrafik üzrə ödənişlərin 02 ardıcıl ay üzrə ödənilməməsi cavabdeh tərəfindən Sazişin şərtlərinin pozulması kimi qiymətləndirilir və iddiaçı tərəfindən digər aylar üzrə ödəniş müddətini gözləmədən qalıq borcun tam miqdarda ödənilməsinin məhkəmə qaydasında tələb edilməsi və bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əsas təşkil edir. Sazişin 5-ci bəndinə əsasən, tərəflər Saziş üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Sazişin 6-cı bəndinə əsasən, tərəflər Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxan mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Mübahisələr danışıqlar yolu ilə 10 təqvim günü ərzində tənzimlənmədikdə, onların həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aidiyyəti məhkəmələr tərəfindən həyata keçirilir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin, borc tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu əvvəlcə kağız daşıyıcıda, daha sonra isə elektron qaydada Vahid Məhkəmə Portalında elektron informasiya sistemi və Dövlət Vergi Xidmətinin Onlayn Kargüzarlıq elektron sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdeh İmaksuya göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin4.6-cı maddəsinin tələbinə əsasən, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı MPM-in bu normasına əməl edərək, xx.xx.2023-ci il tarixində cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin qarşı tərəfdən bu təkliflə bağlı hər hansı formada geri dönüş olmamışdır. xx.xx.2023cü il tarixində isə STP tərəfindən mediasiya prosesi ilə bağlı Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı 2 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış və mediasiya prosesinə xitam verilməsi haqqında protokol iddia ərizəsinə əlavə edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə oglu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 oglu iddianı etiraf edərək izahatında bildirmişdir ki, başqa bir hüquqi şəxsə mal satışı etmiş, həmin şəxs pulu ödəmədiyi üçün cavabdeh iddiaçıya olan borcunu ödəyə bilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

7. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 13 408, 11 manat məbləğində borcu yaranmışdır.

10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, borcun təsdiqinə və ödənilməsinə dair 14 oktyabr 2022-ci il tarixli sazişin müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 2 saylı Mediasiya təşkilatına 200 manat ödəmişdir.

14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13 408, 11 (on üç min dörd yüz səkkiz manat, on bir qəpik) manat məbləğində borc, 200 (iki yüz) manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqq, ümumilikdə 13608,11 (on üç min altı yüz səkkiz manat, on bir qəpik) manat məbləğində pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “İmaksu" Məhdud Məsuliyyətli Cəmiyyətindən 13408,11 (on üç min dörd yüz səkkiz manat, on bir qəpik) manat məbləğində borc, 200 (iki yüz) manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqq, ümumilikdə 13608,11 (on üç min altı yüz səkkiz manat, on bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar