Məhkəmə qərarları › İş №e-2-2(113)-522/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-522/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-522/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən əsas vəsait 11855 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 1185 manat olmaqla ümumilikdə 13040 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən əsas vəsait 11855 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 1185 manat olmaqla ümumilikdə 13040 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016cı il tarixdə 50 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehin sifarişinə əsasən iddiaçı satıcıya yemək satacaq və təchiz edəcək, cavabdeh isə öz növbəsində bu müqavilənin müvafiq maddələrinin müddəalarına əsasən iddiaçıya yeməklərin (ərzaqların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqaviləyə əsasən iddiaçı tərəfindən elektron qaimələr əsasında (xx.xx.2018-ci il tarixdə elektron qaimə EAAL 866063-məbləğ 5902 manat-qalıq 5602, xx.xx.2018-ci il tarixdə elektron qaimə EAAM 050773-məbləğ 5335 manat, xx.xx.2018-ci il tarixdə elektron qaimə EAAM 680482məbləğ 918 manat) ümumi olaraq 11855 manat məbləğində xidmət göstərilmişdir. Həmin 11855 manat vəsait cavabdeh tərəfindən bugünki günə kimi iddiaçıya ödənilməmişdir. Artıq xeyli müddətdir ki, göstərilən borcun ödənilməsinin təmin ediləcəyi barədə iddiaçıya dəfələrlə vəd verilsə də, bugünki günədək sözügedən borcun ödənilməsi təmin olunmamışdır. Qeyd olunan bu vəziyyət isə iddiaçının da kreditorlar qarşısında olan öhdəliyinin gecikməsinə və bunun da kreditorların iddiaçıya qarşı olan haqlı iddialarına səbəb olmuşdur. Bundan əlavə, iddiaçıya olan borcun ödənilməsinin təmin edilməsi üçün cavabdehin aidiyəti məsul əməkdaşları ilə aralarında danışıqlar aparılsa da, bu danışıqlar müsbət nəticə vermədiyindən, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixində pretenziya məktubu göndərilərək iddiaçıya olan borcun ödənilməsinin təmin olunması cavabdehdən xahiş edilmişdir. Lakin bugünədək sözügedən pretenziyaya bu və ya digər cavab verilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2016-cı ildən başlanmışdır. 2020-ci ildə cavabdeh tərəfindən bütün ödənişlər həyata keçirilmişdir. təhviltəslim aktları hər ay üçün yığılır və invoyslara əlavə olunur. Bu 3 qaimədə təhvil-təslim aktı yoxdur. Buradan da iddiaçı tərəfindən cavabdehə yeməklərin satılmaması aydın olur. müqavilənin 2-ci bəndinə əsasən razılaşma belədir ki, hər gün xidmət göstərilərsə qaimə vurulur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 50 nömrəli keyterinq xidməti müqaviləsindən görünür ki, cavabdehin sifarişinə əsasən iddiaçı cavabdehə yemək satmağı və təchiz etməyi, cavabdeh isə öz növbəsində bu müqavilənin müvafiq maddələrinin müddəalarına əsasən iddiaçıya yeməklərin (ərzaqların) dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixli EAAL seriyalı 866063 saylı, xx.xx.2018-ci il tarixli EAAM seriyalı 050773 saylı və xx.xx.2018-ci il tarixli EAAM seriyalı 680482 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 5902 manat, 5335 manat və 918 manat, ümumilikdə 12155 manat dəyərində yemək cavabdehə satılmışdır. 18 ədəd qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən müxtəlif miqdarda yeməklər cavabdehə təhvil verilmişdir. Qaimə-fakturalarda yeməklərin adı və miqdarı göstərilsə də, dəyəri göstərilməmişdir. Cavabdehin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 6945 manat ödəniş edilmiş, qalıq məbləğ 11877 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli 50 nömrəli keyterinq xidməti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehin sifarişinə əsasən iddiaçı cavabdehə yemək satmağı və təchiz etməyi, cavabdeh isə öz növbəsində bu müqavilənin müvafiq maddələrinin müddəalarına əsasən iddiaçıya yeməklərin (ərzaqların) dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müxtəlif miqdarda müxtəlif vaxtlarda yemək satılmış, cavabdeh tərəfindən alınmış yeməyin dəyəri tam ödənilməmiş və hazırda cavabdehin ümumi borc qalığı 11855 manat təşkil edir. Tərəflər arasında keyterinq xidməti müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan yeməkləri cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 50 nömrəli müqaviləyə əsasən yaranmış 11855 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında 3 ədəd qaimə üzrə yeməklərin cavabdehə satılmamasını bildirsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əksinə iş materialları ilə bu dəlil təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan elektron qaimələrin surətlərindən göründüyü kimi iddiaçı tərəfindən ümumilikdə 12155 manat dəyərində olan yeməyin cavabdehə satılması barədə elektron qaimələr təqdim edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdəki göstərilən yeməklər iddiaçı tərəfindən cavabdehə verilmiş hesab olunur. Cavabdeh tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrini, yeməklərin qaytarılmasını, habelə həmin elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 18 ədəd qaiməfakturalara münasibətdə məhkəmə qeyd edir ki, qaimə-fakturalarda yeməklərin adı və miqdarı göstərilsə də, dəyəri göstərilməmişdir. Cavabdeh müqavilə şərtlərinin pozulmasına görə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi könüllü yerinə yetirməməsi və onun icrasından boyun qaçırması sübut edir ki, müqavilə üzrə ödənilməli olan pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu 11855 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 1185 manat məbləğində faiz alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən əsas vəsait 11855 manat, hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 1185 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar