Məhkəmə qərarları › İş №e-2-2(113)-523/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-523/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-523/2021 04.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Akkord X3 Korporasiyası” Acıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh “Akkord X3 Korporasiyası” Acıq Səhmdar Cəmiyyətinə (“Akkord X3 Korporsiyası” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas vəsait 5064 (beş min altmış dörd) manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 506 (beş yüz altı) manat olmaqla, ümumilikdə 5570 (beş min beş yüz yetmiş) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Akkord X3 Korporsiyası” ASC (VÖEN: **********) ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə AX145/0918 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə icraçı (İddiaçı MMC) sifarişçinin (“AKKORD X3 Korporsiyası” ASC) tapşırığına əsasən sifarişçinin baş ofisində (Akkord Plaza) çalışan bütün işçiləri, qonaqları hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks nahar yeməyi ilə təmin edir və sifarişçi bu xidmətlər müqabilində icraçıya müvafiq haqq ödəyir. Həmin Müqaviləyə əsasən tərəflərindən elektron qaimə əsasında 5064 manat (Ədv-siz) məbləğində xidmət göstərilmişdir. Həmin 5064 manat vəsait cavabdeh “Akkord X3 Korporsiyası” ASC tərəfindən bugünkü günə kimi iddiaçıya ödənilməmişdir. Artıq xeyli müddətdir ki, yuxarıda göstərilən borcun ödənilməsinin təmin ediləcəyi barədə dəfələrlə vəd verilsə də, bugünkü günədək sözügedən borcun ödənilməsi təmin olunmamışdır. Qeyd olunan bu vəziyyət isə iddiaçının digər kreditorlar qarşısında olan öhdəliyininin gecikməsinə və bunun da kreditorların onlara qarşı olan haqlı iddialarına səbəb olmuşdur. Bundan əlavə bildirmək istəyir ki, borcun ödənilməsinin təmin edilməsi üçün cavabdeh müəssisənin aidiyyəti məsul əməkdaşları ilə danışıqlar aparılsa da, bu danışıqlar müsbət nəticə vermədiyindən, cavabdeh müəssisəyə xx.xx.2020-ci il tarixində pretenziya məktubu göndərilmiş və borcun ödənilməsinin təmin olunması cavabdeh təşkilatdan xahiş edilmişdir. Lakin pretenziyaya bu və ya digər cavab verilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, borcun olması sübuta yetirilmədiyindən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: “Akkord X3 Korporasiyası” ASC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx.xx.2018-ci il tarixdə AX 145/0918 saylı xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçinin baş ofisində (Akkord Plaza) çalışan bütün işçiləri, qonaqları hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks nahar (günorta) yeməyi ilə təmin edir (bundan sonra "xidmətlər" adlandırılacaq) və Sifarişçi bu xidmətlər müqabilində icraçıya müvafiq haqq ödəyir. Həmin müqavilənin 2.6-cı bəndində əsasən bu müqavilə üzrə ödəmələr hər təqvim ayı üzrə göstərilmiş xidmətlərin nəticələri əsasında növbəti ayda tərtib olunan və tərəflər arasında imzalanan Təhvil-təslim aktı və sifarişçiyə təqdim edilən müvafiq hesab-faktura əsasında həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilənin 2.7-cı bəndində əsasən hesab-faktura sifarişçiyə təqdim edildikdən sonra 15 iş günü ərzində sifarişçi müvafiq təqvim ayı üçün hesablanmış xidmət haqqını sifarişçiyə ödəyir. - xx.xx.2019-cu il tarixli, İE seriyalı, 950519 saylı, elektron vergi hesab – fakturadan görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 5975.52 (5064 + 911,52 ƏDV)manat məbləğində borcu vardır. İddiaçı MMC xx.xx.2020-ci il tarixli pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 5064 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xidməti müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 5064 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 5064 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 506 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh “Akkord X3 Korporasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi, pul məbləğinin ödənilməsini gecikdirdiyi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə əsasən iddia tələbi həmin hissədə qismən, 309 manat hissədə təmin olunmalı, qalan hissədə rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Akkord X3 Korporasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5064 (beş min altmış dörd) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 309 (üç yüz doqquz) manat olmaqla, cəmi 5373 (beş min üç yüz yetmiş üç) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar