Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5237/2021 24.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər kəndində yerləşən istixanaya 31.08.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 112934,20 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər kəndində yerləşən istixanaya 31.08.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 112934,20 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən istixanada artıq bir neçə ildir ki, əkin işləri ilə məşğul olur. İstifadəsində olan istixanaya quraşdırılmış sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtlı-vaxtında ödənilmişdir. 31.08.2021-ci il tarixə kimi cavabdeh ilə iddiaçı arasında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. 28.07.2021-ci il tarixdə istifadəsində olmuş ELSTER G- 1000 tipli, ********** nömrəli qaz sayğacı cıxarılaraq növbəti dövlət yoxlamasına aparılmışdır. Qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış bütün möhürlər üzərində olmuşdur. Eyni zamanda qaz sayğacı cavabdeh təşkilatın mühafizə olunduğu xüsusi ərazidə yerləşir. Dövlət yoxlamasından keçirildikdən sonra sayğacda təmir işləri aparılmış və batareya əvəz edilmişdir. Bu işlərin görülməsinə görə Qiymət-Razılaşma protokolu tərtib edilmiş və iddiaçıdan 307,41 manat haqq alınmışdır. Havalar artıq soyumağa başlamış və istixanada təbii qaza ehtiyac yaranmışdır. Cavabdeh təşkilatdan qaz sayğacın nə zaman təkrar yerinə quraşdırılacağını soruşduqda iddiaçıya bildirmişlər ki, barəsində 31.08.2021-ci il tarixdə ******* saylı akta əsasən hesablanmış 112934,20 manat borcu ödəməsə qaz sayğacı istixanaya quraşdırılmayacaq və təbii qaz verilməyəcəkdir. Cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən qanunsuz aktı və onun əsasında hesablanmış qanunsuz borcu qəbul etməsinə dair təzyiqlər göstərilir. Cavabdeh təşkilat tərəfindən dövlət yoxlamasının rəyinə əsasən sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət bütövlükdə cavabdehin üzərindədir. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacı xüsusi mühafizə olunan ərazidə yerləşir və həmin əraziyə yalnız cavabdehin əməkdaşları daxil ola bilirlər. Bundan başqa cavabdehin nümayəndələri hər aya sayğac göstəricilərini götürüb iddiaçıya hesab təqdim edirmişlər və o hesaba uyğun ödənişlər aparmışdır, əgər sayğacda nasazlıq olsaydı dərhal məlumatları olmalı idi. Sonuncu hesab təqdim edildikdən bir neçə ay sonra iddiaçıya bildirmişlər ki, sayğac düz hesablamamış və əlavə olaraq 112934,20 manat pul ödəməlidir. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat 2017-ci ildən istifadəsində olan ELSTER G- 1000 tipli, ********** nömrəli qaz sayğacının 4 il ərzində hesabladığı qaz həcmini təkrarən özlərinin müəyyən etdiyi əmsala vuraraq iddiaçıya əlavə 112934,20 manat məbləğində borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir, bununla da iddiaçı kimi kiçik sahibkarların müflisləşməsinə səbəb olurlar. Mediasiya prosesinə dəvət olunmuş cavabdeh mediatorun çağırışlarına reaksiya verməmiş, bundan başqa 22.09.2021-ci il tarixdə cavabdeh təşkilata Pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin göründüyü kimi müsbət nəticə əldə edilməmişdir. Aktlar iddiaçının və ya nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, aktlar tərtib olunarkən iştirakı təmin edilməmişdir. Digər bir məsələ isə, hər ay qaz paylayıcının nümayəndəsi iddiaçının istixanasının qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi iddiaçıya verir. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda necə olur ki, iddiaçının istifadəsində olan sayğacda qüsuru görmür. Hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı dəymiş ziyanın bərpasına dair tələbnamədə öz əksini tapmamışdır. Təbii ki, heç bir hüquqi sənədə əsaslanmayan subyektiv mülahizələrə əsaslanan hesablanma qaydası şişirdilmiş qanunsuz borcun hesablanmasına şərait yaratmışdır. Abonent saldosuna nəzər salanda 2011-ci ildən ilk akt yazılan dövrə qədər, yəni 31.08.2021-ci ilə kimi istifadəsində iki qaz sayğacı olmuş və qazdan istifadəyə görə yaranmış borc demək olar ki, əvvəlki illərin müvafiq ayları ilə münasibətdə eyniyyət təşkil edir. Bu da dolayısı ilə onu göstərir ki, istifadəsində olan istixanada sayğac tam saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, Cavabdeh nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın düzgün işləmədiyi müəyyən olmuşdur. Daha sonra sayğac yoxlanması üçün laboratoriyaya göndərilmişdir. Sayğac laboratoriyaya göndərilən zaman sayğacın baza temperaturu düzgün işləmədiyi müəyyən edilmiş və ititilmiş qazın dəyəri olaraq 112934,20 manat dəymiş ziyan hesablanmışdır. Bununla bağlı abonentə müvafiq sənədlər təqdim olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 31.08.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən iddiaçıya məxsus istixanada yoxlama keçirilən zaman sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməməsi aşkar olunmuşdur. 31.08.2021-ci il tarixli Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 564671 kub.metr (112934,2 manat) müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2021-ci ilin avqust ayına 112934,20 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən iddiaçıya məxsus istixanada yoxlama keçirilən zaman sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməməsi aşkar olunaraq 31.08.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 112934,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 112934,20 manat məbləğində borc hesablanması müəyyən olunduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 402,93 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 məxsus Şəmkir rayonu, Dəllər kəndində yerləşən istixanaya 31.08.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 112934,20 manat məbləğində borc **********00000 nömrəli abonent kodundan silinsin. Ödənilmiş 402,93 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5237/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5237/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver