Məhkəmə qərarları › İş №e-2-2(113)-524/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-524/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-524/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X1 , cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı pulun əsassız varlanma qaydasında tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” ASC-yə son 5 ildə hüquqi əsas olmadan artıq ödənilmiş “xxxx” MMC-nin iddiaçının ərazisində quraşdırdığı antennanın istismarı zamanı istifadə etdiyi elektrik enerjisinin dəyərinin - 15.000 manat məbləğində pul vəsaitinin əsassız varlanma qaydasında cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərir. Həmin müəsisədə qanunauyğun şəkildə bütün kommunal xidmətlərin sayğacları mövcuddur. “xxxx” MMC-nin fəaliyyət göstərdiyi obyektdə sərf edilmiş elektrik enerjisinin hesablanması və ödəniləcək məbləğin müəyyən edilməsi üçün 3220465M602312 saylı sayğac quraşdırılmışdr. 2010-cu il tarixdə “xxxx” MMC-nnin nümayəndələri onlar fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə gələrək həmin şirkət tərəfindən binanın damına “xxxx” MMC-yə məxsus antenna yerləşdirmək niyyətində olduqlarını bildirdilər. Aralarında əldə olunmuş razılıq əsasında “xxxx” MMC-nin antennası onlara məxsus qeyri-yaşayış binasında quraşdırıldı və həmin antennanın fəaliyyət göstərməsi üçün antenna onların elektrik xəttinə qoşuldu. Gələn elektrik xətti eyni olsa da, onlar tərəfdən də “xxxx” ASC-dən müvafiq texniki şərt alınmış, sərf edilmiş elektrik enerjisinin dəyərinin müəyyən edilərək ödənilməsi məqsədilə “xxxx” MMC tərəfindən sayğac quraşdırılmışdır. Uzun illər ərzində bizim tərəflərindən elektrik enerjisinin aylıq sərfiyyatı ödənilərkən “xxxx” MMC-nin antennasının istehlak etdiyi elektrik enerjisinin haqqı da onlardan tutulmuşdur. Halbuki “xxxx” MMC həmin antennanın istehlak etdiyi enerjinin dəyərini ödəmişdir. Onlar o faktı bu ilin əvvəllərində təsadüfən aşkar etdik. Belə ki, bu ilin mart ayından etibarən “Covid-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə idman zallarının fəaliyyəti dayandırıldığından onlar da fəaliyyətini tam dayandırdılar və elektrik enerjisindən istifadə etmədilər. Lakin aprel, may və iyun ayı üçün sərf edilmiş elektrik enerjisinə görə ödəniləcək məbləğ barədə bildiriş ünvanlarına göndərilərkən obyektin fəaliyyət göstərməməsinə baxmayaraq müvafiq olaraq 388,80, 460,80 və 380,61 manat borclarının olduğunu müəyyən etdilər. Bundan sonra, onlar aidiyyəti üzrə “xxxx” ASC-nə bu barədə məlumat verdilər və yaranmış problemi ətraflı izah etdilər. “xxxx” ASC-nin nümayəndələri əraziyə gələrək xəttə kənar qoşulma olub olmadığını və fəaliyyət göstərən elektrik cihazlarını yoxladılar. Həmin yoxlama zamanı da müəyyən edildi ki, həmin “xxxx” MMC-nin antennasının istehlak etdiyi elektrik enerjisinin dəyəri paralel olaraq həm də onların sayğaclarına hesablanır. “xxxx” MMC ilə bu barədə əlaqə saxladıqda şirkət tərəfindən bu günə kimi sözügedən antennaya görə “xxxx” ASC-yə müvafiq ödənişlər etdiklərini bildirdilər. Hesab edirlər ki, indiki halda cavabdehə “xxxx” MMC tərəfindən haqqı ödənilmiş və onlardan tutulması əsassız varlanmaya səbəb olan həmin elektrik enerjisinin istehlakına görə son 5 ildə (60 ay ərzində aylıq 250 manat) tutulmuş məbləğ, yəni 15.000 manat məbləğində pul vəsaitini alması cavabdehin əsassız varlanmasına səbəb olmuşdur ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçı “xxxx” MMC-nyə qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddianı müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 2018-ci ilin noyabr ayı - 2020-ci ilin aprel ayı arası dövrdə “xxxx” ASC tərəfindən abonent “xxxx” MMC-yə təqdim edilmiş qaimə-fakturalara əsasən müəyyən edilir ki, həmin dövrdə abonentə sərf etdiyi elektrik enerjisinin dəyəri hesablanarkən **********16238 saylı abonent “xxxx Telekom” MMC tərəfindən sərf edilmiş elektrik enerjisi sayğac göstəricilərindən çıxılmamışdır. 2020-ci ilin may-2021-ci ilin yanvar aylarında “xxxx” ASC tərəfindən abonent “xxxx” MMC-yə təqdim edilmiş qaimə-fakturalara əsasən müəyyən edilir ki, 2020-ci ili may ayından başlayaraq hər ay “xxxx Telekom” MMC tərəfindən sərf edilmiş elektrik enerjisi “xxxx” MMC-yə məxsus sayğacın göstəricilərindən çıxılmışdır. **********16238 saylı abonent “xxxx Telecom” MMC-nin abunə haqqında məlumatından görünür ki, abonentə 2018-ci ilin noyabr-2020-ci ilin aprel aylarında elektrik enerjisindən istifadəyə görə cəmi 3.514,68 manat (167,31+227,07+178,56+163,44+202,05+226,17+208,44+175,23+238,86+230,31+228,06 +192,24+192,78+192,33+166,23+180,90+178,65+108,18+57,87) məbləğində borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 0199/H- 429/5263 saylı cavab məktubunda bildirmişdir ki, “xxxx” ASC sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən kompüter məlumatlar bazasında müvafiq düzəliş aparılmış və “xxxx Telekom” MMC-yə məxsus olan ötürücünün sərf etdiyi elektrik enerjisinin sərfiyyatı İddiaçı MMC-yə məxsus 73220465 nömrəli elektrik sayğacının sərfiyyatından çıxılır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx Telecom” MMC-yə məxsus ötürücü 2010-cu ildən İddiaçı MMC-nin elektrik şəbəkəsinə qoşulmuşdur. Həmin ötürücünün sərf etdiyi elektrik enerjisinin hesablanması üçün sayğac quraşdırılmış, abonent kodu verilmiş və “xxxx” ASC tərəfindən quraşdırılmış sayğacın göstəricilərinə əsasən ötürücünün sərf etdiyi elektrik enerjisi hesablanaraq “xxxx Telecom” MMC-yə hər ay hesab-fakturalar təqdim edilmişdir. Lakin buna baxmayaraq 2020-ci ilin may ayınadək cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MMC-nin elektrik enerjisi sərfiyyatı hesablanarkən sözügedən ötürücünün elektrik enerjisi sərfiyyatı iddiaçıya məxsus sayğacın göstəricilərindən çıxılmamış, ötürücünün elektrik enerjisi sərfiyyatına görə borc İddiaçı MMC-yə hesablanmış və həmin borc İddiaçı MMC tərəfindən ödənilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.4-ci bəndinə görə abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin artıq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair iddia tələbi əsassız varlanmadan irəli gələn tələbdir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MMC–yə elektrik enerjisindən istifadəyə görə artıq borc hesablanmasının iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC cavabdeh “xxxx” ASC tərəfindən ona əsassız olaraq hesablanmış borclara görə ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından da göründüyü kimi İddiaçı MMC hazırkı iddia ərizəsində son 5 illik müddət ərzində cavabdehə artıq ödədiyi pulların geri qaytarılmasını tələb edir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göstərilən maddənin məzmunundan göründüyü kimi məhrum olanın əsassız varlanma obyektini geri qaytarmaq tələblərinə iki illik kəsici müddət şamil edilir. Göstərilən müddəa onu nəzərdə tutur ki, məhrum olan şəxs hüququnun məlum olduğu vaxtdan iki il keçdikdən əsassız varlanma obyektinin geri qaytarılması hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Hazırkı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı MMC iddia ərizəsində “xxxx Telecom” MMC-yə məxsus ötürücünün onun balansında olan elektrik xəttinə qoşulmasına razılıq verdiyini göstərmişdir, yəni qoşulma barədə məlumatlı olduğunu etiraf etmişdir. Bundan əlavə MMC-yə təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğacının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentin adı və sayğac göstəriciləri hər bir hesab-fakturada sadalanmışdır. Belə olan halda isə İddiaçı MMC onun balansında olan elektrik xəttinə qoşulmuş subabonent “xxxx Telecom” MMC-nin sərfiyyatının ona məxsus sayğacın göstəricilərindən çıxılmamasını, həmin subabonentin sərfiyyatının ona hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC yalnız iddia verildiyi tarixdən əvvəlki iki illik müddət üçün (2018-ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayındək), “xxxx” ASC-yə artıq ödədiklərinin, yəni “xxxx” ASC-nin əsassız əldə etdiklərinin geri qaytarılması barədə tələb irəli sürmək hüququna malikdir. İddia qaldırıldığı vaxtdan əvvəlki iki illik müddətdə iddiaçının artıq ödədiyi pul vəsaitinin məbləğinə gəldikdə qeyd edilməlidir ki, 2018-ci ilin noyabr-2020-ci ilin may aylarında “xxxx Telecom” MMC-yə məxsus ötürücünün elektrik enerji sərfiyyatı cəmi 3.514,68 manat məbləğində olmuş və həmin sərfiyyat iddiaçının sayğac göstəricilərindən çıxılmamışdır, 2020-ci ilin may ayından hazırkı iddianın verildiyi 2020-ci ilin noyabr ayına kimi ötürücünün sərfiyyatı iddiaçının sayğac göstəricilərindən çıxılmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, 2018-ci ilin noyabr- 2020-ci ilin oktyabr aylarında iddiaçı tərəfindən “xxxx” ASC-yə 3.514,68 manat məbləğində artıq ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 3.514,68 (üç min beş yüz on dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 15 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 3.514,68 (üç min beş yüz on dörd manat altmış səkkiz qəpik) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan 15 (on beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar