Məhkəmə qərarları › İş №e-2-2(113)-5259/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5259/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5259/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 3829,06 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 58,30 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, 513 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Tərəfimizdən üzərimizə götürdüyümüz öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh2 və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh2 "xxxx" MMC-ə 3843,60 (üç min səkkiz yüz qırx üç manat, altmış qəpik) manat məbləğində qalıq borcunun olduğunu etiraf edərək, tərəflərin imzası ilə təsdiqlənmişdir. Daha sonra borclu ödəniş etmiş və hazırda Cəmiyyətə 3829,06 (üç min səkkiz yüz iyirmi doqquz manat altı qəpik) manat borcu vardır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-ə 3829,06 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Nəzərinizə çatdırıram ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin adı dəyişdirilərək, İddiaçı adlandırılmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Şirinova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, 513 saylı alqı-satqı müqaviləsinə əsasən bu müqavilədə edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən malların hər vahidinin qiyməti, müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada göstərilir.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürmə yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.

10. Müqaviləyə 01 nömrəli əlavədən görünür ki, müqavilə üzrə satılacaq malların adları, çəkisi, qiyməti, rəngi tərəflər arasında razılaşdırılmışdır.

11. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim və üzləşdirmə aktına görə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya borcu 3843,60 (üç min səkkiz yüz qırx üç manat, altmş qəpik) manat təşkil edir.

12. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

13. Belə ki, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qalıq 3829,06 manat borc ödənilməmişdir.

24. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3829,06 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 58,30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 3829,06 manat məbləğində pul, 58,30 manat dövlət rüsumu, ümumilikdə 3887,36 (üç min səkkiz yüz səksən yeddi manat otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar