Məhkəmə qərarları › İş №e-2-2(113)-5268/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5268/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5268/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Caspian Logistics” LTD-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “Caspian Logistics” LTD-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh “Caspian Logistics” LTD-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20837 avro ( günün məzənnəsi 39845 azn), 17000 manat (10000 ABŞ dolları) maddi zərər görə (itirilmiş nüfuza və əldən çıxmış fayda), dövlət rüsumu 261 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh direktoru Kamil Məmmədovla İddiaçı MMC-nin direktoru Cəfər Salmanov arasında 05021/25 nömrəli daşınma müqaviləsi bağlanmışdır.Həmin müqavilənin predmeti Ekspeditor (cavabdeh) Sifarişçinin (iddiaçı) daşınma sifarişinə əsasən avtomobilləri təyinatı üzrə çatdırmağı,Sifarişçi isə bunun müqabilində müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürür.Avtomobillərin təsviri,sayı,avtomobillərin çatdırılma məntəqəsi,çatdırılma müddəti Sifarişçinin daşınma sifarişində öz əksini tapır. Cavabdehlə aramızda bağlanmış xx.xx.2025-ci il tarixli 05021/25 nömrəli daşınma müqaviləsinə əsasən cavabdeh TÜRKİYE CUMHURİYYƏTİ ərazisində yerləşən Autoport limanından siyahıda markası və sayı qeyd olunan avtomobilləri Qazaxıstan Respublikasına,Mersedesin Qazaxıstan nümayəndəliyinə çatdırılması nəzərdə tutulmuşdur.Cavabdeh həmin daşınmanı GürcüstanAzərbaycan-Rusiya Federasiya ərazisindən tranzit keçməklə təyinat məntəqəsinə yəni, Mersedesin Qazaxıstan nümayəndəliyinə təhvil verməli idi.Daşıma zamanı avtovozun göyərtəsində olan Mercedes E200 və Mercedes GLE markalı avtomobillərə cavabdeh tərəfindən zərər vurulub.Həmin zərərin məbləği Mersedesin Qazaxıstan nümayəndəliyi tərəfindən çıxarılmış qüsur aktına əsasən Mercedes E200 üçün 6091 evro, Mercedes GLE üçün isə 14746 evro müəyyənləşib.Digər müstəqil ekspertin çıxardığı qüsur aktında məbləğlər üst-üstə düşür.Cavabdehə dəymiş zərərin ödənilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilib.Bu barədə email yazışmaları da mövcuddur.Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməkdən,dəymiş zərəri ödəməkdən qəsdən yayınır.Bunun nəticəsində Mercedes şirkəti ilə gələcəkdə əməkdaşlıq etməyim sual altındadır və işgüzar nüfuzuma xələl dəyib. Mercedes şirkəti mənimlə əməkdaşlıq etməkdən imtina edib.Bunun nəticəsində İddiaçı MMC beynəlxalq yükdaşıma sahəsində nüfuzunu itirib və maddi zərərlə (əldən çıxmış fayda) üzləşib. Cavabdehlə aramızda bağlanmış xx.xx.2025-ci il tarixli 05021/25 nömrəli daşınma müqaviləsinin şərtlərinə əsasən 2.2.1; ekspeditor daşınma sifarişinə əsasənavtomobillərin daşınmasını təmin edir,2.2.2;avtomobillərin daşınma sifariində göstərilən təyinat mətəqəsinə çatdırılmasını təmin edir,2.2.3;avtomobillərin tamlığını və bütövlüyünü təmin edir.Həmin müqavilədə göstərilib ki, 4.1; tərəflər bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar,4.2; ekspeditor bəyan edir ki,daşınma xidmətlərinin göstərilməsi üçün bütün lazımi icazələrə və lisenziyalara malikdir,4.3; ekpeditor avtomobillərin salamatlığına və daşınma zamanı avtomobilləri dəymiş zərərə görə CMR sığortası çərçivəsində məsuliyyət daşıyır.Mübahisəli məsələnin həlli zamanı keçirilmiş görüşlərdə məlum olub ki,cavabdeh ümumiyyətlə daşınma zamanı avtomobilləri sığortalamayıb.Daşınma zamanı avtomobillərə dəymiş zərərin pul əvəzi olaraq iddiada qeyd etdiyim (Mercedes E200 üçün 6091 evro, Mercedes GLE üçün isə 14746 evro) 20837 evronu Mercedes şirkəti məndən tələb edir. Cavabdehlə aramızda bağlanmış xx.xx.2025-ci il tarixli 05021/25 nömrəli daşınma müqaviləsinin şərtlərinə əsasən 6.1; tərəflər razılığa gəlirlər ki,hazırki müqavilədən və yaxud onunla əlaqədar meydana gələn və onların arasında aparılan müzakirələr nəticəsində həllini tapmayan mübahisəli məsələlərə son olaraq iddiaçının olduğu yer üzrə müvafiq Məhkəmə orqanlarında iddiaçının olduğu ölkənin qanunvericiliyi əsasında baxılacaqdır.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbi ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Daşınma Müqaviləsinə əsasən, “Caspiane Logistics LTD” xarici hüquqi şəxsi "Ekspeditor" qismində, İddiaçı MMC isə Azərbaycan Respublikasında qeydiyyatda olan hüquqi şəxs qismində "Sifarişçi" kimi çıxış etmiş və tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ekspeditor sifarişçinin verdiyi sifariş üzrə avtomobillərin təyinat yerinə çatdırılmasını, sifarişçi isə bu xidmətin müqabilində müvafiq ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, bu müqavilədən və yaxud onunla əlaqədar yaranan və danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələrə iddiaçının olduğu yer üzrə məhkəmə orqanlarında və iddiaçının olduğu ölkənin qanunvericiliyi əsasında baxılacaqdır. Bununla yanaşı, müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqavilənin 1.2-ci bəndinə uyğun olaraq, cavabdeh şirkət Türkiyə Respublikasında yerləşən Autoport limanından siyahıda markası və sayı göstərilən avtomobilləri Qazaxıstan Respublikasına, konkret olaraq “Mercedes” şirkətinin Qazaxıstanda yerləşən nümayəndəliyinə çatdırmalı idi. Daşımanın Gürcüstan– Azərbaycan–Rusiya Federasiyası ərazisindən tranzit keçməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçının iddiasına əsasən, daşıma zamanı avtovozun göyərtəsində olan Mercedes E200 və Mercedes GLE markalı avtomobillərə zərər dəymişdir. İddiaçı vurulmuş ziyanın ödənilməsini cavabdehə təklif etsə də, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş əvvəlki vəsatətdə hazırkı iş üzrə iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verildiyi üçün iş üzrə icraatına xitam verilməsi xahiş olunmuşdur. Lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Bununla belə iddia ərizəsinin əsassızlığına hüquqi qiymət verməmişdən əvvəl hazırkı işin Azərbaycan məhkəmələrində baxılmasının yolverilməzliyi ilə bağlı məsələyə yenidən hüquqi qiymət verilməsini zəruri hesab edirəm. Belə ki, iddiaçının iddia etdiyi delikt hadisəsi, yəni yükə iddia olunan zərərin dəyməsi – Qazaxıstan Respublikasının ərazisində baş vermişdir. Bu işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı - tərəflər arasında yaranmış mübahisənin daşıma müqaviləsindən irəli gəlməsidir. Tərəflər bağladıqları müqavilədə mübahisə yarandığı halda onun hansı ölkədə və hansı qanunvericilik əsasında həll ediləcəyinə dair müddəa nəzərdə tutmuşlar. Lakin qeyd olunan müddəa konkret məhkəmə aidiyyətini və dövlətin adını açıq və birmənalı şəkildə müəyyən etmədiyindən, hüquqi baxımdan qeyri-müəyyən xarakter daşıyır və onun aidiyyəti müəyyən etməkdə tətbiqi mümkün deyildir. Bununla belə, nəzərə almaq lazımdır ki, yaranmış mübahisə daşıma müqaviləsi üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan daşınma zamanı Azərbaycan Respublikası yalnız tranzit ölkə qismində çıxış etmişdir. Belə olan halda sifarişçi tərəfin cavabdeh daşıyıcıya qarşı Azərbaycan Respublikasının məhkəməsində iddia qaldırması üçün prosessual əsas yoxdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi C.Salmanov iddia ərizəsini müdafiə edib iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında daha əvvəl hər hansı müqavilə olmamış, hazırkı müqavilə üzrə bir sifariş həyata keçirilmiş, hazırkı müqavilə, sifariş üzrə bütün danışıqları cavabdehin nümayəndəsi olan Vasif adlı şəxslə olmuşdur. Vasif ona vatsap üzərindən zədələnmiş nəqliyyat vasitələrinin videolarını göndərmişdir. Maşınlar yeni, ümumiyyətlə istifadə edilməmiş maşınlar olmuş, Qazaxıstana (Almatı) daşınmış, hazırda yük alan tərəfindən tam şəkildə təmir edilmiş, təmir xərci tərəflərindən tam şəkildə ödənilmişdir. Cavabdehin nümayəndəsi ona maşınların daha aşağı və münasib qiymətə, hər hansı sexdə təmir edilməsini təklif etmiş, o, buna razılıq verməmişdir. Maşınlar gecikmə ilə gömrük məntəqəsinə çatdırılmış, lakin həmin gömrük postunda növbə olduğu üçün əlavə vəsait qarşılığında cavabdeh onları həmin postdan 16 km aralıda yerləşən başqa bir posta aparmağa razılıq vermişdir. Maşınlar yük alan tərəfindən təhvil alınan zaman iki maşında hələ tırdan düşürülmədən əvvəl zədələr olduğu müəyyən edilmiş, bir maşının üst, digərinin isə alt hissəsi zədələnmiş vəziyyətdə olmuşdur. Zədələrin konkret olaraq yolun hansı hissəsində yarandığını bilmir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib, yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş çıxarışa əsasən cavabdeh şirkət xx.xx.2016-cı ildə həmin dövlətdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır.

10. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 05021/25 saylı daşınma müqaviləsinə əsasən ekspeditor (cavabdeh) sifarişçinin (iddiaçı) daşınma sifarişinə əsasən avtomobilləri təyinatı üzrə çatdırmağı, sifarişçi isə bunun müqabilində müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

12. Müqavilənin 4.3-cü bəndinə əsasən ekspeditor avtomobillərin salamatlığına və daşınma zamanı avtomobilləri dəymiş zərərə görə CMR sığortası çərçivəsində məsuliyyət daşıyır. Yükün əlavə sığortası sifarişçinin tələbi ilə və onun hesabına təmin oluna bilər.

13. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən və yaxud onunla əlaqədar meydana gələn və onların arasında aparılan müzakirələr nəticəsində həllini tapmayan mübahisəli məsələlərə son olaraq iddiaçının olduğu yer üzrə müvafiq məhkəmə orqanlarında iddiaçının olduğu ölkənin qanunvericiliyi əsasında baxılacaqdır.

14. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən yük daşınması ilə bağlı 156000 ABŞ dolları vəsait ödənilməlidir.

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə 75800 ABŞ dolları, xx.xx.2025-ci ildə 44000 ABŞ dolları, 25000 ABŞ dolları daşıma xərci ödənilmişdir.

16. Mercedes Benz tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən E200 Sedan tipli nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması xərci ******* təngə təşkil edir.

17. Mercedes Benz tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən Mercedes GLE 4MATİC Coupe tipli nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması xərci 32.671.571 təngə təşkil edir.

18. Yük alan Autolink tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən E200 Sedan tipli nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3.571.836 təngə, yəni 6091,85 Avro vəsait ödənilməlidir.

19. İddiaçı tərəfindən Autolink Şirkətinə xx.xx.2025-ci il tarixdə həmin faktura üzrə 6944,71 ABŞ dolları vəsait ödənilmişdir.

20. Yük alan Autolink tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən Mercedes Benz AG markalı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 8.351.006 təngə, yəni 14746,09 Avro vəsait ödənilməlidir.

21. İddiaçı tərəfindən Autolink Şirkətinə xx.xx.2025-ci il tarixdə həmin faktura üzrə 16810,54 ABŞ dolları vəsait ödənilmişdir.

22. “Tengri Consult” TOO tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən Mercedes GLE 4MATİC Coupe markalı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması xərci 8.351.006 təngə təngə təşkil edir.

23. Nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixli baxış aktına əsasən Autolink şirkətinə məxsus Mercedes GLE 4MATİC Coupe markalı nəqliyyat vasitəsinə xarici baxış keçirilmiş, bütün zədələr (ön şüşə, ön dam panel şüşəsi, panoram dam çərçivəsi, dam paneli ön daxili hissə, dam paneli ön xarici hissə, dam panelinin üzlüyü, ön sol və arxa sol hidrometr dayağı) böyük ehtimalla yol-nəqliyyat hadisəsi nəticəsində yaranmışdır. Qəza nəticəsində zədələnmiş sahədə gizli qüsurların olması mümkündür. Daha sonra gizli qüsurlar aşkar edildiyi halda, əlavə baxış üçün əməkdaş dəvət etmək lazımdır.

24. CMR sənədinə əsasən alıcı Autokapital şirkəti, yük göndərən Mercedes Benz AG olmaqla 5 ədəd Mercedes markalı nəqliyyat vasitəsi Türkiyə/İzmir ünvanından xx.xx.2025ci il tarixdə cavabdehə məxsus 77HO401/99ZG401 markalı nəqliyyat vasitələri ilə Qazaxıstan/Almatı/Stasova 102 ünvanına daşınmış, xx.xx.2025-ci il tarixdə başa çatmış daşıma qüsurlu həyata keçirilmişdir.

25. xx.xx.2025-ci il tarixli Mercedes E200 Sedan tipli nəqliyyat vasitəsinin təhvil aktına əsasən nəqliyyat vasitəsi qüsurlu vəziyyətdə yük alana təhvil verilmişdir. Akt sürücünün, yük alanın nümayəndəsinin imzaları ilə təsdiq edilmişdir.

26. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə qeydiyyata alınmış xarici ölkənin hüquqi şəxsidir) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

29. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

30. 443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmin işlərə baxmağa haqlıdır.

31. Həmin Məcəllənin 444.0.5-ci maddəsinə əsasən yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir.

32. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın 22-ci maddəsinə əsasən daşıyıcılara yüklərin, sərnişinlərin və baqajın daşınması haqqında müqavilələrdən irəli gələn iddialar, müəyyən olunmuş qaydada iddia təqdim edilmiş nəqliyyat təşkilatı idarəsinin olduğu yer üzrə təqdim edilir.

33. Həmin Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə əsasən Razılığa gələn Tərəflərin məhkəmələri, əgər işə mahiyyəti üzrə baxılmasına qədər mübahisənin həmin məhkəmələrə verilməsi haqqında Tərəflərin yazılı razılığı mövcuddursa, işlərə digər hallarda da baxa bilərlər. Bununla belə, bu Konvensiyanın normalarından irəli gələn, bu bölmənin İ-V hissələri ilə müəyyən edilən, habelə Razılığa gələn müvafiq Tərəfin daxili qanunvericiliyindən irəli gələn müstəsna məhkəmə aidiyyəti Tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.

34. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış xx.xx.2025ci il tarixli, 05021/25 saylı daşıma müqaviləsindən irəli gəlir. Hazırkı mübahisə üzrə tərəflər arasında imzalanmış həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilədən və yaxud onunla əlaqədar meydana gələn və onların arasında aparılan müzakirələr nəticəsində həllini tapmayan mübahisəli məsələlərə son olaraq iddiaçının (hazırkı halda "xxxx" MMC) olduğu yer üzrə müvafiq məhkəmə orqanlarında iddiaçının olduğu ölkənin qanunvericiliyi əsasında baxılması razılaşdırılmışdır.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi Xidmətindən kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş, hüquqi ünvanı AZ1123, Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov, ev M9, mənzil 4 olan hüquqi şəxsdir.

36. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

37. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

38. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 05021/25 saylı daşınma müqaviləsinin 6.1-ci bəndinə əsasən, .... mübahisələrə son olaraq iddiaçının (hazırkı halda "xxxx" MMC) olduğu yer üzrə müvafiq məhkəmə orqanlarında iddiaçının olduğu ölkənin qanunvericiliyi əsasında baxılması razılaşdırılmışdır.

39. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

40. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

41. Belə ki, məhkəmə iddia tələbini yük daşınması nəticəsində dəymiş zərərlə bağlı cavabdehdən 20837 avro vəsaitin tələb edilməsi hissəsində əsaslı hesab edir.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

44. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

45. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

46. Həmin Məcəllənin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.

47. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 05021/25 saylı yük daşınması müqaviləsi bağlanmış, cavabdeh iddiaçının sifarişi əsasında nəqliyyat vasitələrinin Türkiyə Respublikasından Qazaxıstana quru yolla daşınmasını həyata keçirmiş, daşınan mallar yük alana (Autolink Şirkəti) təhvil verilsə də, həmin nəqliyyat vasitələrinin ikisində mallar təhvil alınan zaman qüsurlar olması müəyyən edilmişdir.

48. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktlarından görünür ki, həmin nəqliyyat vasitələri yeni, 2025-ci il istehsalıdır, mütəxəssis tərəfindən baxış keçirilən zaman istifadə edilməmiş nəqliyyat vasitələri olmuşdur (yürüyüş – 5 km).

49. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş həmin nəqliyyat vasitələrinin fotoşəkillərindən və videolarından görünür ki, yük təhvil alınan zaman nəqliyyat vasitələrində daşınmanın həyata keçirildiyi nəqliyyat vasitəsindən düşürülməzdən əvvəl qüsurlar olması aşkar edilmişdir.

50. xx.xx.2025-ci il tarixli Mercedes E200 Sedan tipli nəqliyyat vasitəsinin təhvil aktında (digər maşınla bağlı təhvil aktının olmadığı müəyyən edilmişdir) təhvil verilən nəqliyyat vasitəsinin zədəli olduğu yük alan və sürücünün imzaları ilə təsdiq edilmişdir.

51. Yükü müşayiət edən CMR sənədində də yük alan və daşıyıcının nümayəndələrinin imzası ilə nəqliyyat vasitələrində zədələr olması təsdiq edilmişdir.

52. Cavabdehin nümayəndəsi iddiaçının təqdim etdiyi vatsap yazışmasında iddiaçının direktorunun cavabdehin nümayəndəsi olduğunu bildirdiyi Vasif adlı şəxsin onlara hər hansı aidiyyətinin olmadığını bildirmişdir.

53. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

54. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş həmin yazışmalardan görünür ki, tərəflər arasında bağlanmış müqavilə imza edilməsi üçün məhz həmin nömrədən iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən imza edilərək geri göndərilmiş, daşıma sifarişi həmin şəxsə verilmiş, yükü daşıyacaq nəqliyyat vasitələri barədə məlumat verilməsi barədə iddiaçının tələb etdiyi sorğuya cavab olaraq cavabdehin mülkiyyətində olan yük nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin əsillərinin şəkilləri iddiaçıya göndərilmiş, iddiaçı daşıma prosesində nəqliyyat vasitələrinin hazırda harada olmasını soruşduqda ona nəqliyyat vasitələrinin cari olduğu yerlə bağlı məlumatlar (location) göndərilmiş, nəqliyyat vasitələrinin təhvil alınması zamanı aşkar edilmiş zədələrlə bağlı çəkilmiş foto və videolar məhz həmin nömrədən iddiaçıya göndərilmiş, nəqliyyat vasitələrinin təmir edilməsi ilə bağlı təklif də həmin şəxs tərəfindən səsyazma şəklində iddiaçıya təqdim edilmişdir.

55. Həmin Vasif adlı şəxsin (mobil nömrəsi – **********) cavabdehə hər hansı aidiyyəti, onun nümayəndəsi olmadığı halda, cavabdehə dair məlumatların (yükü daşıyacaq nəqliyyat vasitələri, sürücülər) hansı səbəbdən həmin şəxsdə olması, niyə görə cavabdehin adından iddiaçı ilə danışıqlar aparması, yük yolda olan zaman ona daşıma ilə bağlı dəqiq məlumatların verilməsi, yolda olan nəqliyyat vasitələrinin şəkillərini çəkərək göndərməsinin səbəbi kimi suallara cavabdehin nümayəndəsi və vəkili Vəkil cavab verə bilməmişdir.

56. Məhkəmə araşdırması zamanı zərər dəymiş nəqliyyat vasitələrinin yük alan tərəfindən təmir edildiyi, çəkilmiş xərclərin ekspeditor olan iddiaçıdan tələb edildiyi, iddiaçı tərəfindən Autolink Şirkətinə xx.xx.2025-ci il tarixdə 20837 Avro vəsait ödənildiyi müəyyən edilmişdir.

57. Məhkəmə hesab edir ki, iddiaçı hazırda həmin xərcin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etməklə haqlıdır, bu səbəbdən iddia 20837 avro pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir.

58. Məhkəmə iddianı ikinci, işgüzar nüfuza dəymiş zərərlə və əldən çıxmış fayda ilə bağlı 17000 manat pulun tələb edilməsi hissəsində isə əsassız hesab edir.

59. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə həmin zərəri təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

60. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

61. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin vurduğu zərərlə əlaqədar olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

62. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20837 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) vəsait tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 212,31 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 48,69 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdən 20837 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 212,31 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 48,69 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar