Məhkəmə qərarları › İş №e-2-2(113)-5279/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5279/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5279/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı, mal göndərmə müqaviləsi, borc tələbi) X2 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 17.856 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143,57 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2024-ci il tarixli, S/AV-11567/24 saylı “alqı-satqı” müqaviləsinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 17.856 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqaviləyə əsasən, həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində müqavilədə göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 17.856 manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsələr də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2024-ci il tarixli, S/AV-11567/24 saylı müqaviləyə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 17.856 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqaviləyə əsasən, həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan 17856 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında imzalanmış xx.xx.2024-ci il tarixli, S/AV-11567/24 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. 3.3-cü bəndə əsasən məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının mobil POS terminaldan çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir. Təhvil-təslim zamanı alıcı tərəfindən məhsul yerindəcə dərhal yoxlanılır, müqavilə şərtlərinə, sifarişə uyğun keyfiyyətdə olmayan məhsul alıcı tərəfindən satıcıya geri qaytarılır. Çatdırılma məntəqəsində alıcının məhsulu təhvil alması məhsulun kəmiyyət və keyfiyyətinin razılaşmaya uyğunluğu kimi qəbul edilir. (3.4-cü bənd). Həmin müqavilənin 4.3 və 4.3.2.4cü bəndlərinə əsasən alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri nağd və ya köçülmə yolu ilə alıcı tərəfindən ödənilir. Əgər tərəflər arasında borc yaranarsa satıcı malın dəyərinin ödənilməsini qarantiyaya alınması məqsədi ilə, alıcıya qarşı borcun etirafı haqqında ərizə, akt tətbiq edə bilər. EBDY seriyalı, 034337 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 3.968 manat, EBDY seriyalı, 034340 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 2.976 manat, EBDY seriyalı, 034339 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 2.976 manat, EBDY seriyalı, 034338 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 3.968 manat, EBDY seriyalı, 034341 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 3.968 manat olmaqla, cəmi 17.856 manat məbləğində **********-X4 5 kq burgu, **********-X4 5 kq vermişel, **********-X4 5 kq qələm adlı məhsullar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Həmin elektron qaimə-fakturalarda göstərilmiş məbləğdə məhsullar xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli satış fakturalarına əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəfdən də İsmayılov H, Nümayəndə2 adlı şəxslər həmin fakturaları imzalamaqla məhsulları təhvil almışdır. İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş pretenziya məktubunda xx.xx.2024-ci il tarixli, S/AV-11567/24 saylı məhsulların alqı-satqı müqaviləsinə görə 17.856 manat borcu 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 143,57 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif çeşidli 17.856 manat dəyərində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, tələbi mübahisələndirməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4 və 637.2-ci maddələrinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə aldığı malların dəyərini ödəmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki, iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə, eləcə də elektron qaimə-faktura, satış fakturası iddiaçı tərəfindən malların cavabdehə təhvil verilərək satıldığını, iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 17856 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 143,57 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 17.856 (on yeddi min səkkiz yüz əlli altı) manat pul vəsaiti və ödənilmiş 143 (yüz qırx üç) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar