Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-528/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 26.643,87 manat əsas borc, habelə borcun gecikdirilməsinə görə müvafiq qaimələr üzrə hər borcun ödənilməli olduğu son ödəniş günündən xx xxxxxx 2020-ci il tarixədək gündəlik hər borca 1% hesablanmaqla toplam 29.109,86 cərimə borcu, 110 manat vəkil xərcinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 55.893,73 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 26.643,87 manat əsas borc, habelə borcun gecikdirilməsinə görə müvafiq qaimələr üzrə hər borcun ödənilməli olduğu son ödəniş günündən xx xxxxxx 2020-ci il tarixədək gündəlik hər borca 1% hesablanmaqla toplam 29.109,86 cərimə borcu, 110 manat vəkil xərcinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 55.893,73 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında GC01/20 saylı “Alqı-Satqı Müqaviləsi” bağlanılmışdır. Həmin müqavilə ilə iddiaçı (satıcı) cavabdehin (alıcı) sifarişinə əsasən ona mal satmağı, alıcı isə malları təhvil aldıqdan sonra 15 təqvim günü ərzində dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 1511,23 manat olan mal-material (xx.xx.2020 tarixli, 967538 saylı elektron qaimə), xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 5236,49 manat olan mal-material (xx.xx.2020 tarixli, 491877 saylı elektron qaimə), xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 8233,51 manat olan mal-material (xx.xx.2020 tarixli, 573084 saylı elektron qaimə), xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 6407,40 manat olan mal-material (xx.xx.2020 tarixli, 500072 saylı elektron qaimə), xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 1653,30 manat olan mal-material (xx.xx.2020 tarixli, 974770 saylı elektron qaimə), xx xxxxxx 2020-ci il tarixdə ümumi dəyəri 973,50 manat olan mal-material (xx.xx.2020 tarixli, 218528 saylı elektron qaimə), xx xxxxxxx 2020-ci il tarixdə ümumi dəyəri 2628,45 manat olan mal-material (xx.xx.2020 tarixli, 215899 saylı elektron qaimə) satılmışdır. Lakin indiyədək yuxarıda sadalanan qaimə-fakturalar üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Beləliklə, sadalanan qaiməfakturalar üzrə cavabdehin iddiaçıya 26.643,87 manat ödənməmiş əsas borcu vardır. Dəfələrlə cavabdehdən həmin borc pul tələb edilsə də, cavabdeh borcun ödənilməsinə cəhd belə göstərməmiş və bununla bağlı cavabdehə edilmiş bütün xəbərdarlıqlar nəticəsiz qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə sonuncu dəfə cavabdehə borcun ödənilməsinə dair pretenziya məktubu göndərilmiş, əks halda isə yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət olunacağına dair ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh nə həmin məktuba rəsmi cavab verməmiş, nə də ki, heç bir ödəniş etməmişdir. Buna görə də iddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən pulun qanunsuz olaraq saxlanılması iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh yuxarıda sadalanan qaimələr üzrə göstərilmiş pulu qanunsuz olaraq özündə saxladığına görə gecikdirilən müddət üçün cərimə faizləri də hesablanmalı, yəni həmin pulların gecikdirilməsinə görə hər gecikdirilmiş məbləğin həmin məbləğin ödənişi üçün müəyyənləşdirilmiş sonuncu günündən etibarən bugünədək (xx xxxxxx 2020-ci il tarixədək) 1%-i hesablanmaqla cərimə faizi də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli GC01/20 saylı “Alqı-Satqı Müqaviləsi”nin 3.1-ci bəndinə əsasən, satılmış mal-materialların qiyməti bu müqavilə üzrə müvafiq qaimə-fakturalar imzalandıqdan sonra alıcı tərəfindən satıcıya maksimum 15 təqvim günü ərzində ödənilməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, “Alıcı” tərəfindən bu Müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda “Satıcı” tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 1%-i (bir faizi) miqdarında cərimə tətbiq edilir. Məhz buna görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020 tarixli, 967538 saylı elektron qaimə üzrə 2.176,17 manat, xx.xx.2020 tarixli, 491877 saylı elektron qaimə üzrə 6.964,53 manat, xx.xx.2020 tarixli, 573084 saylı elektron qaimə üzrə 10.456,56 manat, xx.xx.2020 tarixli, 500072 saylı elektron qaimə üzrə 6.984,07 manat, xx.xx.2020 tarixli, 974770 saylı elektron qaimə 1603,70 manat, xx.xx.2020 tarixli, 218528 saylı elektron qaimə üzrə 1.635,48 manat, xx.xx.2020 tarixli, 215899 saylı elektron qaimə üzrə isə 262,85 manat olmaqla ümumilikdə əsas borcdan əlavə 29.109,86 manat məbləğində cərimə də tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində cavabdehin elektron qaimələr üzrə 26.643,87 manat borcun təşkil etdiyini qeyd etmiş, iddiaçıya ödənişlər edildiyindən iddia ərizəsində qeyd olunan elektron qaimələrdən xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 1511,23 manat olan mal-material üzrə xx.xx.2020 tarixli, 967538 saylı elektron qaimə və xx xxxx 2020-ci il tarixdə ümumi dəyəri 8233,51 manat olan mal-material üzrə xx.xx.2020 tarixli, 573084 saylı elektron qaimə ləğv edilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya borcu elektron qaimələr üzrə 16.899,13 manat təşkil edir. Sonda cavabdehin nümayəndəsi cavabdehdən iddiaçıya 16.899,13 manat əsas borcun tutulmasını və həmin məbləğə müvafiq olaraq cərimə borcun hesablanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli GC01/20 saylı Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı (satıcı) cavabdehin (alıcı) sifarişinə əsasən ona mal satmağı, alıcı isə malları təhvil aldıqdan sonra 15 təqvim günü ərzində dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020 tarixli, 967538 saylı, xx.xx.2020 tarixli, 491877 saylı, xx.xx.2020 tarixli, 573084 saylı, xx.xx.2020 tarixli, 500072 saylı, xx.xx.2020 tarixli, 974770 saylı, xx.xx.2020 tarixli, 218528 saylı və xx.xx.2020 tarixli, 215899 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 1511,23 manat, 5236,49 manat, 8233,51 manat, 6407,40 manat, 1653,30 manat, 973,50 manat və 2628,45 manat dəyərində malların təqdim edilməsinə dair elektron qaimələr təqdim edilmişdir. 7 ədəd Qiymətlərin razılaşdırılması protokollarından görünür ki, iddiaçı ilə cavabdeh malların qiymətlərini razılaşdırmışlar. Elektron qaimə (e-qaimə) altsistemindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ümumi dəyəri 1511,23 manat olan mal-material üzrə xx.xx.2020 tarixli, 967538 saylı və ümumi dəyəri 8233,51 manat olan mal-material üzrə xx.xx.2020 tarixli, 573084 saylı elektron qaimələr ləğv edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2020-ci il tarixli GC01/20 saylı Alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı (satıcı) cavabdehin (alıcı) sifarişinə əsasən ona mal satmağı, alıcı isə malları təhvil aldıqdan sonra 15 təqvim günü ərzində dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ƏDV daxil 1511,23 manat, 5236,49 manat, 8233,51 manat, 6407,40 manat, 1653,30 manat, 973,50 manat və 2628,45 manat dəyərində malların təqdim edilməsinə dair müvafiq olaraq xx.xx.2020 tarixli, 967538 saylı, xx.xx.2020 tarixli, 491877 saylı, xx.xx.2020 tarixli, 573084 saylı, xx.xx.2020 tarixli, 500072 saylı, xx.xx.2020 tarixli, 974770 saylı, xx.xx.2020 tarixli, 218528 saylı və xx.xx.2020 tarixli, 215899 saylı elektron qaimələr təqdim edilmişdir. Göstərilən elektron qaimələrdən ümumi dəyəri 1511,23 manat olan mal-material üzrə xx.xx.2020 tarixli, 967538 saylı və ümumi dəyəri 8233,51 manat olan mal-material üzrə xx.xx.2020 tarixli, 573084 saylı elektron qaimələr ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 7 ədəd elektron qaimədən ümumi dəyəri 9744,74 manat (1511,23+8233,51) olan 2 ədəd elektron qaimə ləğv edilmişdir. Ləğv edilmiş elektron qaimələrlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş “Elektron qaimə (e-qaimə) altsisteminin istifadəçi təlimatı”ndan müəyyən olunur ki, təsdiqlənmiş (sistem tərəfindən təsdiqlənmiş) qaiməyə “Düzəliş et” və “Ləğv et” əməliyyatları vasitəsilə mexaniki səhvlərin düzəlişi və qaimənin tamamilə ləğvi mümkündür. “Düzəliş et” və “Ləğv et” əməliyyatları edildikdən sonra qaimə yenidən qarşı tərəfə təsdiq üçün göndərilir. Düzəliş edilmiş və Ləğv edilmiş qaimə cari ayın sonuna qədər təsdiqlənməzsə avtomatik sistem tərəfindən əvvəlki vəziyyətinə qaytarılır. Bu müddətlər bütün qaimə növləri üçün keçərlidir. Göründüyü kimi 2 ədəd elektron qaimənin ləğv edilməsi tərəflər tərəfindən təsdiq olunduğundan həmin qaimələr ləğv edilmişdir. Elektron qaimənin malın təqdim edilməsi vaxtı verilməsini nəzərə aldıqda, 2 ədəd elektron qaimənin ləğv edilməsi həmin qaimələr üzrə malların iddiaçı tərəfindən cavabdehə təqdim edilmədiyini təsdiq edir ki, bu halda ləğv edilmiş 2 ədəd qaimə üzrə hesablanmış məbləğ cavabdehdən tutula bilməz. İddiaçının nümayəndəsi və vəkili isə bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ləğv edilmiş 2 ədəd qaimə üzrə hesablanmış 9744,74 manat məbləğ, tələb olunan borc məbləğindən çıxılmaqla qalan 16.899,13 manat (cavabdeh bu borc məbləğini etiraf edir) məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.4-cü bəndinə əsasən, “Alıcı” tərəfindən bu Müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda “Satıcı” tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 1%-i (bir faizi) miqdarında cərimə tətbiq edilir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 29.109,86 manat dəbbə pulu məbləği yaranmış 16.899,13 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 500 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin vəkilin göstərdiyi yardıma görə xərcin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə 110 manat məbləğində pulun ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin xərc cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16899,13 manat əsas borc, 500 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 31,2 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 9,36 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20,64 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 16899,13 manat əsas borc, 500 manat cərimə borcu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 9,36 manat məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 20,64 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-528/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-528/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver