Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-528/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("X2 Azerbaijan" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 16592,28 manat (on altı min beş yüz doxsan iki manat iyirmi səkkiz qəpik) borc, 4977,60 manat (dörd min doqquz yüz yetmiş yeddi manat altmış qəpik) penya borcu, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 21769,88 manat (iyirmi bir min yeddi yüz altmış doqquz manat səksən səkkiz qəpik) məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə İddiaçı MMC (VÖEN: **********) arasında bağlanmış 06.01.2021-ci il tarixli, №-2021 – SM/EH – 094 saylı müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-dən inşaat kimyəvi məhsullarını almış, 30 gün müddətində məhsulların qiymətini ödəməyi öz üzərinə götürmüşdür. İnşaat kimyəvi məhsulları Cavabdeh MMC-yə təhvil verilsə də, sonuncu tərəfindən müqavilə öhdəliyinə əməl edilməmişdir. 06.01.2021-ci il tarixli müqavilənin 3.3cü maddəsinə əsasən gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1%-i həcmində peniya ödəməyi qəbul etmişdir. Lakin Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq, 07.12.2021-ci il tarixə qədər 16592,28 (on altı min beş yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat borc, 4977,60 (dörd min doqquz yüz yetmiş yeddi manat altmış qəpik) manat (10 ay) manat penya borcu yaranmışdır. Bütün bunlara və Cavabdeh MMC-yə göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq, bu günədək borc ödənilməmiş və iddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktublarına cavab verilməmişdir. İlkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi məlumatlandırılmasına baxmayaraq, iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 200 (iki yüz) manat mediasiya xərci ödənilmiş və bu barədə arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Satıcı” qismində "X2 Azerbaijan" MMC ilə “alıcı” qismində Cavabdeh MMC arasında 06.01.2021-ci il tarixdə 2021-SM/EH-094 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bu müqavilənin predmetini hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının (bundan sonra "Mal") müqavilə müddəti dövründə Satıcı tərəfindən Alıcının mülkiyyətinə vermək və Alıcı tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən malın razılaşdırılmış qiyməti qaimə-fakturalarda və ya bu müqaviləyə əlavə protokollarda öz əksini tapır. Müqavilənin 3.2-ci bəndinə əsasən qiymətlərdə hər hansı bir dəyişiklik zəruri olarsa, "Satıcı” minimum 15 iş günü əvvəlcədən "Alıcı"nı yazılı şəkildə məlumatlandırmalıdır. Bunun üçün bu müqavilədə yazılı olan faks nömrələrinə, ünvanlara və ya elektron poçtlara göndərilən bildirişlər “Alıcı” tərəfindən qəbul edildikdə yetərlidir. Qiymət dəyişikliyi olduqda (lazım olduğu halda) yeni protokol tərtib olunur və ya bu olmadıqda qaimə fakturalara yazılmış qiymətlər əsas götürülür, ödəmə hər dəfə malın təhvili zamanı tərtib edilən qaimə fakturalar əsasında yerinə yetirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən "Satıcı“ sabit limit olaraq 20000 (iyirmi min) manat məbləğində “Mal”ı “Alıcı”-ya verir, “Alıcı” isə malın dəyərini qaimə - faktura əsasında təhvil aldığı tarixdən etibarən 30 (otuz) gün müddətində “Satıcı"ya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında “Alıcı” hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq edir. - “Satıcı” qismində "X2 Azerbaijan" MMC ilə “alıcı” qismində Cavabdeh MMC arasında bağlanmış 06.01.2021-ci il tarixli 2021-SM/EH-094 nömrəli müqaviləyə 1 nömrəli Əlavədən (X1) görünür ki, MasterLife PAV 100 – 5,80 manat (1kq), MasterRheobuild 920/920K – 0,65 manat (1kq), MasterLife PAV 130 – 9,00 manat (1kq), MasterPozzolit 42 CF – 0,55 manat (1kq) qiymət müəyyən edilmişdir. - 15.01.2021-ci il tarixli, EBAW seriyalı, 168131 nömrəli elektron qaimədən müəyyən edilir ki, "X2 Azerbaijan" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4821,78 manat təşkil edir. - "X2 Azerbaijan" MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış 15.01.2021-ci il tarixli Hesab-fakturadan görünür ki satıcı tərəfindən alıcıya verilmiş malların ümumilikdə məbləği 4821,78 manat təşkil edir. - 19.01.2021-ci il tarixli, EBAW seriyalı, 307674 nömrəli elektron qaimədən müəyyən edilir ki, "X2 Azerbaijan" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8487,15 manat təşkil edir. - "X2 Azerbaijan" MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış 19.01.2021-ci il tarixli Hesab-fakturadan görünür ki, satıcı tərəfindən alıcıya verilmiş malların ümumilikdə məbləği 8487,15 manat təşkil edir. - 03.02.2021-ci il tarixli, EBAW seriyalı, 960153 nömrəli elektron qaimədən müəyyən edilir ki, "X2 Azerbaijan" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14304,55 manat təşkil edir. - "X2 Azerbaijan" MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə ünvanlanmış 03.02.2021-ci il tarixli Hesab-fakturadan görünür ki, satıcı tərəfindən alıcıya verilmiş malların ümumilikdə məbləği 14304,55 manat təşkil edir. - İddiaçı MMC tərəfindən 30.11.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimələr və hesab-fakturalarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 16592,28 (on altı min beş yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat əsas borc və 4977,60 (dörd min doqquz yüz yetmiş yeddi manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 21569,88 (iyirmi bir min beş yüz altmış doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğindəki pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 16592,28 manat (on altı min beş yüz doxsan iki manat iyirmi səkkiz qəpik) məbləğində borc, 4977,60 manat (dörd min doqquz yüz yetmiş yeddi manat altmış qəpik) cərimə və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 21769,88 manat (iyirmi bir min yeddi yüz altmış doqquz manat səksən səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-528/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-528/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver