Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5281/2021 09.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borca görə 140000 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 14000 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı borca görə 140000 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 14000 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 05 may 2021-ci il tarixində 00033/CL/SS saylı “xidmətlərin və malların təqdim edilməsinə dair çərçivə müqaviləsi” imzalanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsi ilə 13 ədəd ПС300-5 markalı və 2 ədəd У330-1+5 markalı 330 kV-luq elektrik dayaqlarının alışı sifariş edilmişdir. Sözü gedən malların müqabilində cavabdehə ilkin ödəniş edilsə də, hələ də sifariş edilən mallar iddiaçıya təqdim olunmamışdır. İddiaçı cavabdehə müvafiq müqavilənin tələblərini rəhbər tutaraq pretenziya məktubu ilə müraciət etmiş və ödənişin geri qaytarmasını, vurduğu maddi zərərə görə kompensassiyanı ödəməsini xahiş etmişdir. Lakin məsələnin həlli ilə bağlı cavabdeh tərəfindən heç bir müsbət tədbir görülməmişdir. Həmçinin, iddiaçı mübahisənin mediasiya qaydasında həll olunması məqsədilə qarşı tərəfə mediasiya prosedurunda iştirakı üçün təklif məktubu göndərmişdir. Lakin cavabdeh mediasiya prosessində iştirak etməkdən imtina etmişdir. Mediasiyaya dair bütün xərclər iddiaçı tərəfindən ödənmişdir və “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsi üçün dövlət rüsumu ödəyərkən mediasiyaya çəkdiyi xərcləri nəzərə almışdır. Müqavilənin 5.2-ci maddəsinin tələblərinə görə icraçı mallar çatdırılmaya hazır olduqda şirkətə yazılı şəkildə dərhal məlumat verməlidir və malların çatdırılması ilə bağlı məlumat istənilən halda müqavilənin imzalanmasından ağlabatan müddət ərzində olmalıdır. Lakin müqavilənin şərti cavabdeh tərəfindən qəti şəkildə pozulmuşdur. Belə ki, müqavilənin imzalanmasından beş ay keçməsinə baxmayaraq hələ də sözü gedən mallar iddiaçıya çatdırılmamışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən, sifariş olunan mallar 30 iş günü ərzində iddiaçıya təhvil verilməli idi. 16 iyun 2021-ci il tarixi sifarişlərin təhvil verilməsi üçün müəyyən olunan son tarix olmuşdur. Həmin şirkətin üzrlü səbəb olmadan öz vəzifə öhdəliklərini yerinə yetirməməsi iddiaçının öz fəaliyyətində də ləngimələrə səbəb olmuşdur ki, bu da iddiaçının maddi itkilərlə üzləşməsi ilə nəticələnmişdir. Müqavilənin 18.2-ci maddəsinə əsasən, bu müqavilənin başqa müddəalarında başqa cür müəyyən olunmazsa, zərərə görə kompensassiyanın ümumi məbləği müqavilə qiymətinin 10%-ni aşmamalıdır. Odur ki, qüvvədə olan müqaviləyə əsaslanaraq iddiaçıya vurulan maddi zərərə görə cavabdeh 14000 manat pulu iddiaçıya ödəməlidir. Həmin müqavilənin 19-cu maddəsinin şərtlərinə əsasən hər hansı fors-major vəziyyətin yaranması ilə əlaqədar tərəflərdən biri müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə ən geci 10 (on) iş günü ərzində belə bir vəziyyətin olması haqqında yazılı bildiriş verməlidir və həmin bildiriş müvafiq ticarət palatası tərəfindən təsdiq edilməlidir. Bu haqda iddiaçıya bildiriş gəlməmişdir. Odur ki, sözü gedən malların çatdırılmamasının hər hansı fors-major vəziyyətin yaranması ilə əlaqədar olmasından söhbət gedə bilməz. Həmçinin müqavilənin 19-cu maddəsində qeyd edilmişdir ki, əgər tərəflərdən biri hər hansı fors-major vəziyyətin yaranması ilə əlaqədar öz öhdəliklərinin icrasını gecikdirərsə və bu müddət 30 (otuz) gün və daha artıq davam edərsə, qarşı tərəf yerinə yetirdiyi öhdəliyinin kompensasiya olunmasını tələb etmə hüququna malikdir. Müqavilənin sözü gedən maddəsinin şərtlərindən də məlum olur ki, cavabdeh tərəfindən öhdəliklərini icra etməməsinin səbəbi kimi hər hansı fors-major hal göstərilsə belə, bu cavabdehi iddiaçıya kompensasiya ödəmək öhdəliyindən azad etmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, iddianı 140000 manat hissəsində qəbul edir. Xammal metalının qiymətinin bahalaşması səbəbindən cavabdeh öhdəliyini icra edə bilməmişdir. Cavabdeh bunu qabaqcadan proqnazlaşdıra bilmədiyi üçün bu borc fors-major olaraq yaranmışdır. Əldən çıxmış fayda ilə bağlı olan hissəsini qəbul etmir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixində 00033/CL/SS saylı “Xidmətlərin və malların təqdim edilməsinə dair çərçivə müqaviləsi”ndən görünür ki, cavabdeh alış sifarişlərində müəyyən edilən xidmətləri yerinə yetirməyi və malları təqdim etməyi, iddiaçı isə xidmətlərin və malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 06.05.2021-ci il tarixli 320 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05 may 2021-ci il tarixində 00033/CL/SS saylı müqaviləyə əsasən 140000 manat ödəniş edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilnin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05 may 2021-ci il tarixində 00033/CL/SS saylı “Xidmətlərin və malların təqdim edilməsinə dair çərçivə müqaviləsi” bağlanmış və müqaviləyə əsasən cavabdeh alış sifarişlərində müəyyən edilən xidmətləri yerinə yetirməyi və malları təqdim etməyi, iddiaçı isə xidmətlərin və malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən 13 ədəd ПС300-5 markalı və 2 ədəd У330-1+5 markalı 330 kV-luq elektrik dayaqlarının alışına görə 06.05.2021-ci il tarixində 140000 manat ödəniş edilmiş, lakin cavabdeh tərəfindən göstərilən mallar iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05 may 2021-ci il tarixində 00033/CL/SS saylı “Xidmətlərin və malların təqdim edilməsinə dair çərçivə müqaviləsi”nə əsasən cavabdehə ödənilmiş 140000 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində əldən çıxmış faydaya görə 14000 manatın ödənilməsini tələb etsə də, göstərilən tələb barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin tələb hissəsində iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 140000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 90,90 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 444 manat məbləğində dövlət rüsumunun 403,59 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 40,41 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 140000 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 444 manat dövlət rüsumunun 403,59 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 40,41 manat məbləği isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5281/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5281/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver