Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-530/2024 13.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiqi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə 9411 manat gecikdirilmiş borcun və hesablanmış 7415,07 manat cərimə borcunun, 200 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. 2.2. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 9411 manat gecikdirilmiş borcu və hesablanmış 7415,07 manat cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-ci il tarixli arayışı təqdim edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 748-1-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi/vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. "xxxx" ASC tərəfindən cavabdehə bildirilmişdir ki, müqavilə bağlandıqdan sonra alınan avadanlığın ilkin dəyərinin 40 % həcmində güzəşt tətbiq ediləcəkdir. Cavabdeh də öz növbəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli Qərarının tələblərini əsas tutuaraq xx.xx.2018-ci il tarixdə "xxxx" ASC ilə 1299-L/2018 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlamışdır. 5.2. Cavabdeh müqaviləyə əsasən 12 000 manat dəyərində olan ot, küləş presləyən OKP-185 texnikasını lizinq şərtləri ilə almışdır. Müqavilənin və yuxarıda göstərilən qərarın şərtlərinə əsasən cavabdeh ilkin olaraq 2589 manat ödəniş etmişdir ki, "xxxx" ASC tərəfindən 40 % həcmində güzəşt tətbiq ediləcəkdir. Buna görə də cavabdeh hesab etmişdir ki, ilkin ödəniş 2589 manat ödədiyi üçün qalıq borc 4611 manat təşkil edəcəkdir. 5.3. İddiaçı heç bir hüquqi əsas olmadan bildirmişdir ki, "xxxx" ASC lizinq vermiş, lakin güzəşt tətbiq edilməmiş texnikalar üzrə lizinq alanlar tərəfindən ödəniş öhdəlikləri icra edildikdən sonra güzəştlərin tətbiqi nəzərdə tutulur. İddiaçı mülki qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, müqavilə bağlanarkən Nazirlər Kabinetinin qeyd olunan Qərarı qüvvədə olub və bu Qərarın tələbləri müqavilənin şərtləri kimi tətbiq edilməlidir.
6. Etirazın hüquqi əsası kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli Qərarının 2.7, 3- 1-ci bəndlərinə, Mülki Məcəllənin 7.3-cü maddəsinə istinad olunmuşdur.
II. Tərəflərin mövqeləri:
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixli yazılı ərizə (izahat) təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən satılan texnikalar köhnə və 2,3-cü dəfə satışa çıxarıldığı üçün iddiaçı tərəfindən cavabdehlə belə razılaşdırılmışdır ki, avadanlığın qiymətinin ilkin olaraq 10 % məbləğində ödəniş edilsin. Daha sonra ilkin ödəniş 1200 manat və 537 manat olmaqla 1737 manat edildikdən sonra iddiaçı tərəfindən 40% güzəşt ediləcəkdir. Belə olan halda 10263 manatdan 40% güzəşt çıxıldıqda (10263-4105,2=6157,8) 6157,8 manat qalıq borc qalırdı. Cavabdeh 1737 manatdan əlavə də 852 manat ödəniş etmişdir. Qalıq borc 5305,8 manat təşkil edir. Cərimə borcu isə əsassızdır.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək, etirazın məzmununa uyğun izahatlar verdi.
9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqavilələri üzrə əsas borcun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. Məhkəməyə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 4438/Ü nömrəli texnikaların lizinqə verilməsi barədə əmrindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli sifarişinə və "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsinə əsasən şassi/zavod nömrəsi -/81012 olan ot, küləş presləyənin (OKP-185) 12 000 manata lizinqə verilməsi əmr edilmişdir.
14. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış (birinci Lizinq verən, ikinci Lizinq alan qismində) "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli müqavilənin predmetlə bağlı şərtlərindən görünür ki, Lizinq verən ümumi məbləği 12 000 manat olan olan ot, küləş presləyəni (OKP-185) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə lizinqə verir (1.1). Lizinq alan texnikanın dəyərindən 1200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2). Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur (1.4). Aşağıdakı sənədlər bu müqavilənin tərkib hissəsi hesab olunur: lizinq alanın xx.xx.2018-ci il tarixli S/8499 nömrəli sifarişi; lizinq ödəniş qrafiki (Əlavə №1) (1.5).
15. Adıçəkilən müqavilənin lizinq ödənişləri ilə bağlı şərtlərindən görünür ki, lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir (4.1). Hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çaldıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər (4.3).
16. Sözügedən müqaviləyə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, ilkin ödəniş tarixi 2018-ci ilin İİİ rübü (1200 manat ilkin ödəniş), son ödəniş tarixi 2023-cü ilin İİİ rübü olmaqla ümumilikdə 12 000 manat məbləğində lizinq ödənişi razılaşdırılmışdır.
17. İş materiallarında olan xx.xx.2018-ci il tarixli texnikaların təhvil-qəbulu barədə aktdan görünür ki, şassi/zavod nömrəsi -/81012 olan ot, küləş presləyən (OKP-185) lizinq alana təhvil verilmişdir.
18. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli müqavilə üzrə müqavilənin qiymətini 12 000 manat, ödənilən məbləği 2589 manat, gecikdirilmiş borcu 9411 manat təşkil edir.
19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cavabdehə məxsus hesabdan çıxarışlardan görünür ki, 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə (lizinq obyekti ot, küləş presləyən (OKP-185)) xx.xx.2018-ci il tarixdə 1200 manat (ilkin ödəniş), xx.xx.2019-cu il tarixdə 389, xx.xx.2020-ci il tarixdə 1000 manat olmaqla cəmi ödənilmiş öhdəlik 2589 manat olmuşdur.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 12 000 manat olan 1 ədəd ot, küləş presləyəni (OKP-185) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikasının ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləği 12000 manat olmuş, 1200 manat ilkin ödəniş daxil olmaqla 12000 manatın 2018-ci ilin İİİ rübündən 2023-cü ilin İV rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 1200 manat ilkin ödəniş daxil olmaqla ümumilikdə 2589 manat ödəniş edilmişdir.
21. Məhkəmə həmçinin müəyyən edir ki, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
22. İddiaçı bildirir ki, lizinq məbləğindən ümumilikdə 2589 manat ödəniş edilmişdir və lizinq ödənişlərinin qalıq hissəsini təşkil edən 9411 manat pulun cavabdehdən tutulmasını tələb edir.
23. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçı tərəfindən satılan texnikalar köhnə və 2,3-cü dəfə satışa çıxarıldığı üçün iddiaçı tərəfindən cavabdehlə belə razılaşdırılmışdır ki, avadanlığın qiymətinin ilkin olaraq 10% məbləğində ödəniş edilsin. 1200 manat və 537 manat olmaqla 1737 manat ilkin ödəniş edildikdən sonra iddiaçı tərəfindən 40% güzəşt ediləcəkdir. Belə olan halda 10263 manatdan 40% güzəşt çıxıldıqda (10263-4105,2=6157,8) 6157,8 manat qalıq borc qalırdı. Cavabdeh 1737 manatdan əlavə də 852 manat ödəniş etmişdir. Qalıq borc 5305,8 manat təşkil edir.
24. Məhkəmə aşağıdakı səbəblərdən cavabdehin arqumentini əsassız və əsas borcun tutulması hissəsində iddianı əsaslı hesab edir.
25. Məhkəmə ilk növbədə bildirir ki, cavabdeh qeyd olunan müqaviləni lizinq predmetinin qiyməti 12 000 manat təsbit olunmaqla bağlamış, müqaviləyə 1 saylı Əlavə ödəniş qrafikində avans ödənişi 1200 manat daxil olmaqla 12 000 manatın ödənilməsi razılaşdırılmışdır. Hazırkı iddia irəli sürülənədək cavabdeh güzəştin tətbiq edilməməsi, nəticədə müvafiq lizinq ödənişlərinin bir hissəsinin silinməməsi ilə bağlı hər hansı maddihüquqi tələb-iddia ilə çıxış etməmiş, əksinə uzun müddət (2018-2020) müqavilə üzrə ödənişlər etmişdir. Cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ heç bir hüquqi əhəmiyyət kəsb etmir.
26. Digər tərəfdən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli Qərarının 3-cü bəndinə qeyd olunmuşdur ki, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin.
27. Hazırkı iş üzrə 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə isə ilkin ödəniş kimi 1200 manat, yəni lizinq obyektinin dəyərinin 10% həcmində ödənilməsi razılaşdırılmış, cavabadeh xx.xx.2018-ci il tarixdə lizinq obyektinin dəyərinin 10%-ni ödəmişdir. Cavabdeh adıçəkilən Qaydaların tələbinə zidd olaraq avadanlığın qiymətinin ilkin olaraq 10% məbləğində ödəniş edildikdən sonra iddiaçı tərəfindən 40% güzəşt ediləcəyi barədə tərəflər arasında razılaşma olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının təqdim etdiyi sübutlar (əmr, müqavilə, ödəniş cədvəli) belə bir razılaşmanın olmadığı qənaətinə gəlməyə əsas verir.
28. Bundan başqa, "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının 2.1 – 2.6-cı bəndlərində isə göstərilmişdir ki, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir.
29. Göründüyü kimi, özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunmalı, bundan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya təqdim olunmuş sənədləri araşdırmalı, güzəştin tətbiq edilməsi məsələsinə baxmalıdır.
30. Bu mənada cavabdehin hazırkı dəlilinə hətta iddiaya etiraz kimi yanaşılsa da, onun ərizəni, lizinq müqaviləsinin və ödəniş sənədlərinin surətlərini komissiyaya təqdim etməsi, komissiya tərəfindən güzəştin tətbiq olunması və ya imtina edilməsi barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir.
31. Odur ki, cavabdehin etirazının əsasını təşkil edən hallar əsassız olmaqla iddianın əsas borcun tutulması hissəsində rədd olunması üçün əsas ola bilməz və məhkəmə qeyd olunan hissədə iddia tələbinə qiymət verilməsi üçün lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
32. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
33. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
34. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
35. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
36. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
37. Məhkəmə cavabdehdən tutulmalı lizinq ödənişlərinin məbləği ilə bağlı qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarını ödəniş cədvəli ilə müqayisəli təhlil etdikdə aydın olur ki, cavabdeh tərəfindən ümumilikdə 2589 manat ödəniş edilmiş, 9411 manat ödənilməmiş borc qalmışdır.
38. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
39. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
42. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
43. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə 9411 manat əsas borc Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Lizinq müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı
44. İddia 7415,07 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
45. 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
46. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafikdən görünür ki, cərimə məbləğləri 2019-cu ilin İİİ rübündən hesablanmağa başlamaqla 7415,07 manat təşkil edir.
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
48. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
49. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
50. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
51. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 400 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
53. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutulmasını xahiş etmişdir.
54. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞC/MT023/2023-02500 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
55. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun Xırdalan şəhər Vəkil Bürosuna 1185N nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir.
56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
58. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
59. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
60. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
63. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
64. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 117 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 9411 (doqquz min dörd yüz on bir) manat əsas borc, 400 (dörd yüz) manat cərimə məbləği olmaqla 9811 (doqquz min səkkiz yüz on bir) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 117 (bir yüz on yeddi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova