Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5306/2024 23.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək 661601 saylı ödəniş tapşırığına əsasən köçürülmüş 250000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsinə, hüquqi xidmətin göstərilməsinə dair ödənilmiş 600 manat vəsaitin ödənilməsinə və dövlət rüsumu olaraq ödənilmiş 540 manat vəsaitin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Çünki Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçının cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddiası, kreditor tələb olmaqla, müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə deyil, bank fəaliyyəti ilə bağlı münasibətlərə aiddir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7-ci maddəsinə əsasən məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq, aydınlaşdırmaq məqsədi ilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9-cu maddəsinə əsasən, ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, həmin ərizədə ödəniş tapşırığına əsasən köçürülmüş 250000 manat pul vəsaitinin növbəlilik qaydası tətbiq ediləmədən Cavabdeh ASC tərəfindən icra edilməsi təşkil edir. Belə olan halda hesab edirəm ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı irəli sürdüyü iddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə iddia ərizəsinin icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah edilsin. Həmçinin iddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5306/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5306/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver