Məhkəmə qərarları › İş №e-2-2(113)-5308/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5308/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5308/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1357 manat məbləğində əsas borcun, 300 manat dəbbə pulunun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 36.57 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı Sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 1357 manat məbləğində qalıq borcu qalmışdır. Borcun vaxtında ödənilməməsi və gecikdirilməsi üçün müqavilənin müvafiq bəndlərinə uyğun olaraq 300 (üç yüz) manat dəbbə pulu hesablanmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 51776 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMCyə olan qalıq borcu 1357 manat əsas borc və əlavə olaraq 300 manat dəbbə pulu təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının elektron kabineti vasitəsilə pretenziya məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1-cü maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi, "Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndə əsasən Malın qiyməti Satıcı tərəfindən müəyyən edilir və müxtəlif vasitələr ilə Alıcıya bildirilir. Malın qiymətinin dəyişdirilməsi Satıcının müstəsna səlahiyyətidir. Müqavilənin 3.1ci bəndə əsasən “Alıcıya” təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 28 gündən artıq ola bilməz. Ödəniş 28 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla “Satıcıya” ödəniləcəkdir. Müqavilənin 4.5-ci bəndə əsasən Alıcı Satıcıya olan borcun ödənişini 3.1 -ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05%-i miqdarında cərimə ödəməlidir. Bu qayda Alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, 12 mart 2021ci il tarixli 51776 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 iyul 2023-ci il tarixinə Cavabdeh İddiaçı MMC-ə olan qalıq borcu 1357 manat borc və əlavə olaraq 300 manat dəbbə pulu təşkil edir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-cü iil tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müxtəlif adda, cəmi 1383,46 manat dəyərində mallar təqdim edilmişdir. EBBV seriyalı 043175 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 13,50 manat, EBBT seriyalı 593411 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 25,11 manat, EBBR seriyalı 969976 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 117,56 manat, EBBR seriyalı 602389 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 0 manat, EBBR seriyalı 521699 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 249,63 manat, EBBR seriyalı 142033 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 14,55 manat, EBBR seriyalı 142032 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 127,02 manat, EBBR seriyalı 142031 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8,99 manat, EBBR seriyalı 061206 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6,17 manat, EBBR seriyalı 061207 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 62,08 manat, EBBQ seriyalı 962648 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 27 manat, EBBQ seriyalı 258735 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 19,45 manat, EBBQ seriyalı 258733 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 273,03 manat, EBBQ seriyalı 106216 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 96,91 manat, EBBQ seriyalı 106215 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 68,86 manat, EBBQ seriyalı 106217 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 156,35 manat, EBBO seriyalı 859734 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 233,60 manat müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 36,57 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə, təhvil-təslim aktı) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 1357 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1357 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 300 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 67,85 manat müəyyən olunmalıdır Həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36,57 manat dövlət rüsumunun 31,57 manatı əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1357 manat məbləğində əsas borc, 67,85 manat dəbbə pulu olmaqla, ümumilikdə 1424 (bir min dörd yüz iyirmi dörd) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat 57 (əlli yeddi) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar