Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5309/2024 27.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli 09/18 saylı müqavilə üzrə 910 manat məbləğində əsas borcun, 182 manat məbləğində dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 58,97 manat pulun və 42 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli 09/18 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli Müqavilə üzrə 910 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş 06 Nömrəli Üzləşmə aktı ilə təsdiq edilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında səhhətiylə əlaqədar iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə münasibətləri olmuşdur.
11. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə iddiaçının izahatına və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
12. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
15. Məhkəmə iclasında iddiaçı tərəfə xx.xx.2018-ci il tarixli müqavilənin işə əlavə edilmədiyi bildirilmiş, iddiaçı tərəf də, müqavilə köhnə olduğundan korporativ şöbənin müqaviləni arxivdən tapa bilmədiyini bildirmişdir.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCO seriyalı, 014462 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 150 manat, EBDA seriyalı, 879659 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 150 manat, EBDC seriyalı, 754666 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 800 manat, EBDE seriyalı, 718680 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 50 manat olan elektron qaimələr göndərilmişdir.
17. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 1.150 manat təşkil edir.
18. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC İddiaçı MMCyə 2024-cü ilin yanvar ayına müqavilə üzrə 1.060 manat borcunun qaldığını etiraf etmişdir.
19. Məhkəmə qeyd edir ki, qeyd olunan hal onu təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq yükdaşıma xidmətləri göstərilmiş və cavabdeh tərəf də, üzləşmə aktını təsdiq etməklə qeyd edilmiş müqavilə üzrə borcunun qaldığını qəbul etmişdir.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən müəyyən ödəniş edildiyini, ödənişin köçürmə yolu ilə həyata keçirildiyini, ödənişin bir hissəsinin əvvəlki borca silindiyini bildirmişdir.
21. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə müqavilə üzrə əsas borcu 910 manat, cərimə borcu 4.305 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 58,97 manat təşkil edir.
22. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc üzrə 910 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
23. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 58,97 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 2 ay sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
25. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 7,58 (910x5/100=45,5 (1 il üçün), 45,5/12=3,7916 (1 ay üçün), 3,7916x2=7,58 (2 ay üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə 182 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
29. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilədə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər.
30. Hazırkı halda isə, xidmət müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
31. Ona görə də, məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.
32. Bundan başqa, məhkəmə dövlət rüsuumunun əvəzi olaraq 42 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
33. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə ********** nömrəli qəbzə əsasən 32 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
34. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 910 (doqquz yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 7 (yeddi) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov