Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-531/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 23290,79 manat hesablar üzrə əsas borcun, 291731,79 manat borcun gecikdirilməsinə görə faiz məbləğinin, 1500 manat məbləğində hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumuna görə ödənilmiş məbləğin, cəmi 316552,58 manat məbləğinin İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, sementin (bundan sonra Məhsul) satışına dair xx xxxx 2016-cı il tarixdə Alqı-Satqı Müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı birinci dəfə cavabdehə xx xxxxx 2016-cı il tarixdə 61,66 ton Sement C500 Qalaq məhsulu vermişdir. İkinci dəfə, yəni xx xxx 2016-cı il tarixdə isə 147,34 ton məhsul göndərmişdir. Müvafiq olaraq, göndərilən məhsullara görə cavabdehə aşağıdakı qaimə-fakturalar və hesablar təqdim edilmişdir: xx xxxxx 2016-cı il tarixli 435604 nömrəli Qaimə-faktura və xx xxxxx 2016 tarixli SA/002/16 saylı Hesab; xx xxx 2016-cı il tarixli 435606 nömrəli Qaimə-faktura və xx xxx 2016 tarixli SA/003/16 saylı Hesab; xx xxxxx 2016 tarixli SA/002/16 saylı hesab üzrə yekun məbləğ 6871,34 manat, xx xxx 2016-cı il tarixli SA/003/16 saylı hesab üzrə yekun məbləğ isə 16419,45 manat, cəmi 23290,79 manat təşkil etmişdir. Tərəflər arasında Müqavilənin Qiymət və Ödəmə Şərtlərinin 3-cü bəndinə əsasən “Alıcı”nın “Satıcı”ya olan bütün borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Həmin Şərtlərin 4-cü bəndinə əsasən “Satıcı”, “Alıcı” tərəfindən yaranmış borc məbləği bir ay bitdikdən sonra ödənməzsə, gecikdirilmiş hər təqvim gününə görə gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini “Alıcı”dan tələb edə bilər. Cavabdeh yuxarıda qeyd edilən hesablar üzrə iddiaçıya heç bir ödəniş etməmişdir. Bununla əlaqədar iddiaçı xx xxxxxx 2018-ci il tarixdə cavabdehə SM-M-1218-161 saylı məktub göndərərək yaranmış cəmi 23290,79 manat borcun ödənilməsini xahiş etmişdir. O cümlədən, xx xxxxxxxx 2019cu il tarixdə ikinci dəfə cavabdehə SMX-04/76-19 saylı məktub göndərərək borcunun ödənilməsini xahiş etmişdir. Bununla belə, cavabdeh tərəfindən borcun ödənilməsinə heç bir cəhd olunmamışdır. Tərəflər arasında olan müqavilənin qüvvədə olma müddəti şərtlərinin 2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək etibarlı hesab olunur. Həmin şərtlərin 4cü bəndinə əsasən “Alıcı” ödənişləri 30 gündən çox gecikdirdikdə dəyən zərərin əvəzini ödəməlidir.Tərəflər arasında müqavilənin və Mülki Məcəllənin müddəalarını nəzərə alsaq, o zaman cavabdeh: - xx xxxxx 2016 tarixli hesaba əsasən 6871,34 manat borc məbləği üzrə bu günədək 1266 gün; - xx xxx 2016 tarixli hesaba əsasən 16419,45 manat borc məbləği üzrə isə bu günədək 1246 gün gecikdirmə edib. Müqavilənin qiymət və ödəmə şərtlərinin 4-cü bəndinin və Mülki Məcəllənin 462.3-cü maddəsinin tələblərini əsas götürsək cavabdehin borcun gecikdirilməsinə görə dəbbə pulu: - xx xxxxx 2016 tarixli SA/002/16 saylıHesab üzrə 86986,86 manat - xx xxx 2016 tarixli SA/003/16 saylıHesab üzrə isə 204744,93 manat təşkil etmişdir. Beləliklə, hesab edirlər ki, cavabdehin əsas və gecikməyə görə faiz borcları aşağıdakı kimidir: - xx xxxxx 2016 tarixli SA/002/16 saylı hesab üzrə - əsas borc 6871,34 manat; gecikməyə görə 86986,86 manat - xx xxx 2016 tarixli SA/003/16 saylı hesab üzrə - əsas borc 16419,45 manat; gecikməyə görə 204744,93 manat - cəmi: 291731,79 manat. Bundan başqa, müqavilənin qiymət və ödəmə şərtlərinin 4-cü bəndinə əsasən iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə yarana biləcək inzibati xərclərin ödənilməsini də tələb edə bilər. İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün BM X5 Şirkəti ilə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalamış və iddiaçını birinci instansiya məhkəmələrində təmsil etməsi üçün 1500 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh MMC məhkəməyə 02/05/254 nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq, İddiaçı MMC ilə xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərindən iddiaçıya olan bütün borc məbləğinin xx.xx.2016-cı il tarixdə ödənildiyini (müvafiq ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir) və 2016-cı ildə qüvvədə olan Vergi qanunvericiliyinə əsasən ƏDV ödəyiciləri arasında hər-hansı borc məbləğləri barədə işlərin görülməsini, xidmətlərin göstərilməsini təsdiq edən elektron vergi hesab-fakturası iddiaçı tərəfindən onlara təqdim edilməli olduğu halda, təqdim edilmədiyini, 2016-cı ildə Elektron vergi hesab-fakturasının təqdim edilmədən hər-hansı malın alqı-satqısı üzrə ödənişin tələb edilməsi qanunvericiliyə zidd olduğunu, hər-hansı digər sənədlərin mövcudluğu isə heç bir halda ödənişə əsas vermədiyini, 2018-ci ilin 01 yanvar tarixindən isə vergi ödəyiciləri arasında elektron-qaimə sistemi tətbiq edildiyini bildirmiş, bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçdiyindən, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinə görə iddia müddətini ötürdüyündən (iddiaçı xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qaimələr əsasında yaranmış borc məbləğini tələb edirsə (iddia ərizəsi ilə 2019-cu ilin dekabr ayında müraciət edilmişdir) müqaviləyə əsasən son ödəniş müddəti müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2016-cı ildir) müdətin keçməsini (3 il 5 aydan artıq) və verilmiş ərizəni nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC 02/05/254 nömrəli, xx.xx.2020-ci il tarixli Cavabdeh MMC-nin ərizəsinə etiraz verərək, bildirmişdir ki, borcun olmaması ilə bağlı məsələyə gəlincə qarşı tərəfin ümumi məbləği 21146,70 manat təşkil edən (17920,93 manat əsas məbləğ və 3225,77 manat ƏDV) xx xxxxx 2016-cı il tarixində ödəniş olunması barədə təqdim etdiyi bank çıxarışı, ödənişi əks etdirsə də təqdim olunmuş ödəniş təsdiqi onların iddia etdikləri əqdlərə aid deyil və ayrı bir əməliyyatın ödənişidir. İddia müddətinə gəlincə isə tərəflər arasında xx xxxx 2016-ci il tarixli Alqı-Satqı Müqaviləsi ("Müqavilə") imzalanıb. Bəhs olunan iddia müddətinin müəyyən olunması üçün Müqavilənin bu maddələrinə xüsusi diqqət yetirilməsini təklif edir. Belə ki: - müqavilənin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixinədək müəyyən olunub; - müqavilənin “qiymət və ödəmə şərtləri" maddəsinin 3-cü bəndində "hər bir halda Alıcının Satıcıya olan bütün borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir" müddəası əks olunub; - “qiymət və ödəmə şərtləri" maddəsinin 4-cü bəndində Alıcı Satıcıya olan borcu bir ay ərzində ödəmədiyi halda ona qarşı hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və yarana biləcək xərclərin ödənilməsinin Alıcıdan tələb hüququnu müəyyən edir; - “müqavilənin qüvvədə olma müddəti" maddəsinin 4-cü bəndi isə "Alıcı ödənişlərin 30 gündən çox gecikdirdikdə dəyən zərərin əvəzinin ödənilməsi" öhdəliyi müəyyən edir, yəni, bu bəndləri təhlil etsək, bu nəticələrə gəlmək olar: 1) borc yarandığı tarixdən Alıcı onu əlavə cərimə ödəmədən, bir aya ərzində bağlaya bilər, yəni borcun ödənilməsi üçün bir aylıq möhlət müddəti müəyyən olunur; 2) əgər gecikmə bir ay (30 gün) çəkərsə, bu halda artıq cərimələrin hesablanması başlayır. Lakin, yenə də, 25 dekabradək borcun ödənilməsinə vaxt verilir (pretenziya müddəti);3) və yalnız borc 25 dekabradək ödənilməsə artıq Satıcı borcun və hesablanmış faizlərin ödənilməsi nəhkəməyə müraciət etmək hüququna malik olur. Digər sözlərlə, Satıcı 25 dekabradək məhkəməyə müraciət etdiyi halda Alıcı borcun və faizlərin ödənilməsi üçün son müddətin keçmədiyi əsasını gətirərək, iddianın rədd edilməsi tələbini irəli sürmək iqtidarında idi. Müddət yalnız tələb etmə tarixindən axınına başlaya bilər. Onların halında isə tələb etmə hüququ 25 dekabrdan başlayır. Borcun tarixindən bir ay keçdiyindən sonra satıcın cərimə hesablamaq hüququ başlayır. Cərimə hesablama hüququ ilə borcun ödənilməsinin məhkəmə vasitəsi ilə tələb etmək hüququ ayrı-ayrı hüquqi anlayışlardı. Mülki Məcəllənin 377.2 və 377.3 –cü maddələrini və yuxarıdakıları nəzərə alaraq, hesab edirlər ki, tərəflər arasında borcun olmuş və cavabdeh tərəfindən təqdim olunan dəlillər digər tranzaksiyaya aid olduğundan mövcud borcun ödənilməsi sübutu kimi qəbul edilə bilməz, müqavilənin müddəalarına əsasən borcun ödənilməsinin son tarixi kimi xx xxxxxx 2016-cı il müəyyən olunub, odur ki, iddia müddətini axını xx xxxxxx 2016-ci il tarixindən başlanır. Belə olan halda, xx xxxxxx 2019-cu il tarixində verilən iddiada üzrə müddət hələ bitməmişdir. Beləliklə, cavabdehin 02/05-254 saylı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsi ilə tam razı deyillər və iddialarını olduğu kimi müdafiə edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində və 02/05/254 nömrəli, xx.xx.2020-ci il tarixli Cavabdeh MMC-nin ərizəsinə etirazlarında göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X3 iddianı qəbul etməyərək, 02/05/254 nömrəli, xx.xx.2020-ci il tarixli ərizələrində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbi rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2016-cı il tarixli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – İddiaçı MMC 1 tonun qiyməti ƏDV xaric 94,44 manat (ƏDV daxil 111,44 manat) olan sementi (Sement C500 Qalaq (daşınma daxil /Bakı)) (bundan sonra – məhsulu) alıcı Cavabdeh MMC-yə satmağı, Alıcı – Cavabdeh MMC də öz növbəsində məhsulu müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə təhvil almağı, məhsulun dəyərini əvvəlcədən satıcının bank hesabına köçürmə yolu ilə ödəməyi (hər bir halda alıcı satıcıya olan bütün borclarını hər ilin 25 dekabr tarixinə qədər ödəməlidir) yaranmış borcu 1 ay bitdikdən sonra ödənməzsə, gecikdirilmiş hər təqvim gününə görə gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və bundan sonra yarana biləcək inzibati xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş xx xxxx 2016-ci il tarixli, 435603 nömrəli qaimə-fakturanın kötüyündən görünür ki, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 63,38 ton, ümumi dəyəri 7063 manat (5985,61+1077,41 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş xx xxxx 2016-ci il tarixli, 435602 nömrəli qaimə-fakturanın kötüyündən görünür ki, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 126,38 ton, ümumi dəyəri 14083,69 manat (11935,33+2148,36 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx xxxxx 2016 tarixli SA/001/16 saylı hesabdan görünür ki, həmin hesab üzrə 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 189,76 ton olan Sement C500 qalaq adlı sement məhsulunun ümumi dəyəri 21146,70 manat (17920,93+3225,77 ƏDV) təşkil etmişdir. xx.xx.2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2016-cı il tarixli ödənişin təyinatı və əsası sementin alınması olan 17920,94 manat və 3225,77 manat cəmi 21146,71 manat vəsait Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. İddiaçı MMC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş xx xxxxx 2016-cı il tarixli, 435604 nömrəli qaimə-fakturanın kötüyündən görünür ki, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 61,66 ton, ümumi dəyəri 6871,34 manat (5823,17+1048,17 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmişdir. xx xxxxx 2016 tarixli SA/002/16 saylı hesabdan görünür ki, həmin hesab üzrə 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 61,66 ton olan Sement C500 qalaq adlı sement məhsulunun ümumi dəyəri 6871,34 manat (5823,17+1048,17 ƏDV) təşkil etmişdir. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş xx xxx 2016-cı il tarixli, 435606 nömrəli qaimə-fakturanın kötüyündən görünür ki, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 147,34 ton, ümumi dəyəri 16419,45 manat (13914,79+2504,66 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx xxx 2016 tarixli SA/003/16 saylı hesabdan görünür ki, həmin hesab üzrə 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 147,34 ton olan Sement C500 qalaq adlı sement məhsulunun ümumi dəyəri 16419,45 manat (13914,79+2504,66 ƏDV) təşkil etmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş SMX-01/65-20 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh X1 xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə (xx xxxxx 2016-cı il tarixli SA/002/16 saylı hesab üzrə 6871,34 manat əsas borc, 86986,86 manat cərimə, xx xxx 2016-cı il tarixli SA/003/16 saylı hesab üzrə 16419,45 manat əsas borc, 204744,93 manat cərimə) ümüumilkdə 23290,79 manat əsas borc, 291731,79 manat cərimə olmaqla, cəmi 315022,58 manat məbləğində borcu vardır. xx.xx.2019-cu il tarixli, 11463 nömrəli invoysdan (hesab-faktura) görünür ki, xx.xx.2019-cu il tarixli ödənişin təyinatı və əsası birinci instansiya məhkəməsində göstərilən hüquqi yardımın dəyəri olan 1500 manat vəsait İddiaçı MMC tərəfindən BM Morrison Partners MMC hüquq firmasının hesabına köçürülməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə iddia tələbinin 23290,79 manat hesablar üzrə əsas borcun tələb edilməsi ilə bağlı qeyd edir ki, həmin tələb olunan məbləğin 16419,45 manatlıq hissəsi əsaslıdır və təmin edilməlidir, digər yerdə qalan 6871,34 manatlıq hissəsi isə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, xx.xx.2016-cı il tarixli 435606 nömrəli qaimə fakturadan göründüyü kimi ümumi dəyəri 16419,45 manat olan sementin təhvil verilməsi və qəbul edilməsi hər iki MMC-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Buna görə iddia tələbi bu hissədə təmin edilməlidir, lakinümumi dəyəri 6871,34 manat olan sement məhsulunun xx.xx.2016-cı il tarixli 435604 nömrəli təhvil–təslim qaimə fakturasında Cavabdeh MMCnin möhürü yoxdur və sementin təhvil alma bəndində imza mövcud deyil. Bu səbəbdən iddia tələbi 6871,34 manat olna hissədə təmin edilə bilməz. Odur ki, məhkəmə iddiaçının 23290,79 manat məbləğində pul tələbini qismən, yəni 16419,45 manat olan hissədə əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə borcun gecikdirilməsinə görə 291731,79 manat məbləğində (faiz) penya hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan penya azaldılaraq 1080,55 manat məbləğində müəyyən edilməlidir. Həmçinin Cavabdeh MMC-nin iddiaya qarşı vermiş olduğu etirazlarının əsası kimi istinad etdiyi xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərindən iddiaçıya olan bütün borc məbləğinin xx.xx.2016-cı il tarixdə ödənilməsi və bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçdiyindən, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinə görə iddia müddətini ötürülməsi ilə bağlı məhkəmə ilk öncə qeyd edir ki, xx.xx.2016-cı il tarixdə edilmiş ödəniş aşağıdakı qaimələrlə təqdim olunmuş mallar üzrə həyata keçirilib: - xx xxxx 2016-ci il tarixli, 435602 saylı qaimə üzrə (əsas məbləğ 11935,33 manat, ƏDV 2148,36 manat, ümumi məbləğ 14083,69 manat); - xx xxxx 2016-ci il tarixli, 435603 saylı qaimə üzrə 5985,61 manat, ƏDV 1077,41 manat, ümumi məbləğ 7063 manat, cəmi 21146,70 manat (17920,93 manat əsas məbləğ və 3225,77 manat ƏDV). Qeyd olunan qaimələrin ödənilməsi üçün, iki qaimə üzrə ödənişi özündə birləşdirən xx xxxxx 2016-cı il tarixli, SA/001/16 saylı hesab təqdim olunub. Hesab üzrə ödəniləcək məbləğ 21146,70 manat edir (17920,93 manat əsas məbləğ və 3225,77 ƏDV). Məhz bu SA/001/16 saylı hesab cavabdeh tərəfindən xx xxxxx 2016-cı il tarixində ödənilib və bu məbləğ müvafiq olaraq bank çıxarışılarında öz əksini tapıb. Həmçinin məhkəmə qeyd edir ki, ümumi dəyəri 16419,45 manat olan sement məhsulu xx.xx.2016-cı il tarixli 435606 nömrəli təhvil–təslim qaimə fakturaya əsasən xx.xx.2016-cı il tarixdə təhvil verilibsə, həmin sementə görə 18 gün qabağ pulun ödənilməsi mümkün deyil. Ümumi dəyəri 16419,45 manat olan sement məhsuluna görə 435606 nömrəli təhvil– təslim qaimə faktura xx.xx.2016-cı il tarixdə tərtib edildiyinə görə tələb etmə, yəni iddia müddətinin 16.05.19-cu il tarixdə bitməsi ilə bağlı cavabdehin istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 3-cü bəndində bütün borcların hər ilin 25 dekabr tarixinə qədər ödənilməsi göstərilmiş, bu isə o, deməkdir ki, iddia müddətinin axımı xx xxxxxx 2016-ci il tarixindən başlamaqla məhkəməyə müraciət etmənin son tarixini xx.xx.2019-cu il (3 illik iddia müddəti) kimi müəyyən edir. Nəzərə alsaq ki, iddiaçı xx.xx.2019-cu il tarixdə hazırki tələblə bağlı məhkəməyə müraciət edib, 3 illik iddia müddətini İddiaçı MMC ötürməmişdir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, hüquqi xidmətlərə görə ödənilmiş 1500 manat məbləğində pulun tələbi ilə bağlı qeyd edir ki, vəkilə göstərilən yardıma görə xərclər ağlabatan olmalıdır və bu əsasla həmçinin iddia tələbi qismən təmin edildiyindən həmin tələb 1000 manat məbləğində təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 16419,45 manat ödənilməmiş borc, 1080,55 manat cərimə (dəbbə pulu) borcu olmaqla cəmi 17500 manat və hüquqi xidmətlərə görə 1000 manat məbləğində, cəmi 18500 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 5,84%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 5,84%-i, yəni 1,75 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16419,45 manat ödənilməmiş borc, 1080,55 manat cərimə (dəbbə pulu), hüquqi xidmətlərə görə 1000 manat cəmi 18500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,75 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-531/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-531/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver