Məhkəmə qərarları › İş №e-2-2(113)-531/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-531/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-531/2021 12.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 650 manat məbləğində əsas borcun, 862 manat məbləğində dəbbə pulunun, 200 manat əldən çıxmış fayda haqqının, 6,5% məbləğində hesablanmaqla 42 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” 29/20 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə, cavabdeh tərəfindən 650 manat məbləğində borc ödənilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 014023 və 013246 nömrəli aktlardan da göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin may və iyun aylarında müvafiq olaraq 330 və 320 manat olmaqla ümumilikdə 650 manat məbləğində xidmət göstərilmişdir. İddia ərizəsinə, eyni zamanda, AR Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən çıxarılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixinə aid elektron qaimələr də əlavə edilmişdir ki, məhz bu qaimələr müvafiq əməliyyatlar üzrə ödənişin həyata keçirilmədiyini sübut edir. Əlavə olaraq bildirir ki, müqavilənin 7.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 862 manat cərimə hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 29/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 4cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini gecikdirmədən ona ödənilməsini təmin etməlidir. 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preskurantı ilə müəyyən edilir. 4.2-ci bəndinə əsasən daşıma zamanı xidmət haqqı nağd şəkildə yerində və ya depozit qoymaqla köçürmə yolu ilə ödənilir. 7.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1% əlavə hesablanacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 013246 saylı göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta, eləcə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 623329 saylı elektron qaiməyə və xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən müəyyən edilmişdir ki, 2020-ci ilin may ayında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyəri 330 manat təşkil etmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 014023 saylı göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta, həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 856076 saylı elektron qaiməyə və xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən 2020-ci ilin iyun ayında Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyəri 320 manat təşkil etmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 650 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 29/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya qeyd olunan müqavilə üzrə 650 manat məbləğində əsas borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmət haqqını - 650 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 650 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 862 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC-nin lizinq ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin xidmət müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır, bununla yanaşı cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. İş materiallarından həmçinin görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə AR Mərkəzi Bankının uçot dərəcəsi ilə hesablanmış 42 manat məbləğində faizin və 200 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas yoxdur. İddia tələbinin əldən çıxmış faydaya görə 200 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsası qismində Mülki Məcəllənin 21-ci maddəsi çıxış edir. Həmin maddəyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-ci maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə də iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 650 manat (altı yüz əlli) məbləğində borc, 50 (əlli) manat məbləğində dəbbə pulu, cəmi 700 (yeddi yüz) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar