Məhkəmə qərarları › İş №e-2-2(113)-5313/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5313/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5313/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, medasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh iddiaçı – İddiaçı xeyrinə əsas məbləğ üzrə 300 manat məbləğində borcun, 30 manat cərimənin və Bakı 9 saylı Medasiya Təşkilatına ödənilmiş 30 manat mediasiya xərcinin tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı iddiaçıdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar almışdır. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 460 manat olmaqla mal almışdır. Həmin məbləğin 100 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 360 manatı xx.xx.2023-cü il tarixli X1 əsasən, qrafik üzrə xx.xx.2023-cü il tarixindən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 300 manat, cərimə borcu isə 30 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş, ərizə icraata qəbul olunmuş, mediasiya sessiyası təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 30 manat təşkil etmiş və Cəmiyyət tərəfindən ödənilmişdir. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiya xərcinin ödənilməsinə dair qəbz cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 4.2-ci maddəsinə əsasən, nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. “Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İddiaçı xeyrinə 100 manat məbləğində əsas borcun, 30 manat məbləğində cərimə borcunun və Bakı 9 saylı Mediasiya Təşkilatına ödənilmiş 30 manat mediasiya xərcinin tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 300 manat məbləğində borcun, 30 manat cərimənin və Bakı 9 saylı Mediasiya Təşkilatına ödənilmiş 30 manat mediasiya xərcinin tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi xahiş edilmişdir. Bununla bağlı olaraq həmin iş üzrə iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra - 22.11 2023-ci il tarixində Cavabdeh tərəfindən İddiaçınə 200 manat məbləğində ödəniş edilmişdir.

II. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 018226 saylı malların alqı-satqısı müqaviləsinə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma prokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və əlavə -1də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilənin 1-ci maddəsinə qeyd olunan qaydada və əlavə-1-də əks olunan malı satıcı alıcıya satır.

9. Müqavilənin 2.1.7-ci bəndinə əsasən satıcı satılan malın dəyəinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan əlavə 1 əsasında ödənilməsini alıcıdan tələb edir.

10. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı malın dəyərini vaxtında və müqavilədə qeyd olunan qaydada və şərtlərlə ödəyir.

11. Müqavilənin 2.2.4-cü bəndinə əsasən alıcı satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan əlavə-1 də göstərilmiş qaydada və müddətdə satıcıya ödəyir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən əlavə-1-də qeyd olunan malın ƏDV daxil dəyəri 460 manat təşkil edir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı alınan malın dəyərini tərəfər arasındakı razılaşmaya uyğun olaraq tam və hissə-hissə olmaqla ödəniş edə bilər. Alıcı malın ümumi dəyərinin razılaşdırılmış məbləğini 100 maat həcmində ilkin ödənişini dərhal, qalıq məbləğini isə əlav-1 ilə razılaşdırılmış müddətdə satıcıya ödəyir.

14. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı mallara görə təqdim olunmuş hesabfaktura və ya qaimə-fakturaya əsasən satıcıdan aldığı malların dəyərini nağd və ya nağdsız qaydada ödəyir.

15. Müqavilənin 4.2-ci bəndinə əsasən aıcı malın dəyərini və qalıq məbləğini müqavilənin n3.2-ci bəndində göstərilən müddətdə əlavə-1-ə uyğun olaraq tam və qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir.

16. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Gamma SC Mythic MA2/3” adlı 460 manat dəyərində məhsul Cavabdeh təhvil verilmiş və sonuncunun imzası ilə qəbul edilmişdir.

17. 15.09.2023-cü il tarixli, 191 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 360 manatdan 60 manatını ödədiyi və bu günı olan əsas məbləğ üzrə qalıq borcu 300 manat, cərimə üzrə borcunun 30 manat təşkil etdiyi qeyd olunmuşdur.

18. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 018226 saylı malların alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma prokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və əlavə -1də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür.

22. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün, iddia tələbinin 100 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

23. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 018226 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 30 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Belə olan halda məhkəmə tələb olunan 30 manat məbləğində dəbbə pulunun müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablandığını və əsas borca nisbətdə yüksək olmadığı üçün bu hissədə də tələbin əsaslı olduğunu hesab edir.

27. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

IV.Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 018226 nömrəli alqı-satqı müqaviləsi üzrə 100 manat (yüz) manat əsas borc məbləği, 30 manat (otuz) manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar