Məhkəmə qərarları › İş №e-2-2(113)-5314/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5314/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5314/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 aldığı sement məhsullarına görə 8.044,07 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1.019,52 manatborcun, borcun gecikdirilməsinə görə 11.370,1 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 154 manat pulun tutularaq Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000880903 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır,cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvilalmışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən Alıcımalın dəyərinimalıəldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvilaldığımalların dəyərini ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, O000880903 saylı alqı-satqı müqaviləsisi imzalanmışdır. Müqaviləyə əsasən satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

11. Müqaviləyə 1 saylı Əlavə ilə məhsulun adı və qiyməti razılaşdırılmışdır.

12. Müqavilə və müqaviləyə 1 saylı Əlavə tərəflərin imzası və hüququ şəxsin möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş sement məhsullarına görə EBAW seriyalı, 322087 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4.583,91 manat olan və EBAW seriyalı, 330005 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 3.960,16 manat olan elektron qaimələr göndərilmişdir.

16. Məhkəmə qeyd edir ki, qeyd edilmiş elektron qaimələr məhz sement məhsullarının verilməsi ilə bağlı göndərilmişdir.

17. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 8.544,07 manat təşkil edir.

18. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli ərizəsində cavabdeh tərəfindən alınan sement məhsullarına görə xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə 200 manat ödəniş edildiyini və sement məhsullarına görə cavabdehin 8.044,07 manat borcunun qaldığını bildirmişdir.

19. Məhkəmə qeyd edir ki, tərəflər özləri müqavilənin 4.3-cü bəndində elektron qaimə fakturanın alıcıya göndərilməsini alıcının malı qəbul etdiyi faktını təsdiq etməsi ilə bağlı razılığa gəlmişlər, həmçinin də, qeyd edilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı bir etiraz daxil olmamışdır.

20. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya etirazını da, bildirməmişdir.

21. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 8.544,07 manat olan mallar verilmiş, cavabdeh isə ona verilmiş olan mallara görə 500 manat ödəniş etmiş və nəticədə ödənilməmiş 8.044,07 manat borcu qalmışdır.

22. Belə olan halda, məhkəmə hesab edir ki, sement məhsulların verilməsinə görə 8.044,07 manat məbləğində pul cavabdehdən tutularaq iddiçıya verilməlidir.

23. Məhkəmə taxta altlıqlarının dəyəri olaraq 1.019,52 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

24. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə taxta altlıqların verilməsi ilə bağlı, EBBL seriyalı, 077912 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1.019,52 manat olan elektron qaimələr göndərilmişdir.

25. Qeyd edilmiş elektron qaimələrin məzmununa nəzər yetirildikdə aydın olur ki, 1 ədəd taxta altlığın dəyəri ƏDV daxil 28,32 manat təşkil edir və iddiaçı tərəfindən qeyd edilmiş elektron qaimələrdə 36 ədəd taxta altlığın verilməsi nəzərdə tutulmuşdur.

26. İddiaçı tərəf taxta altlıqların qaytarılmadığını qeyd edərək 1.019,52 manat pulun tutulmasını xahiş edir.

27. Cavabdeh tərəf iddianın qeyd edilən hissəsi ilə bağlı da, hər hansı bir etiraz təqdim etməmiş və taxta altlıqların qaytarılması ilə bağlı hər hansı bir sübutu Məhkəməyə təqdim etməmişdir.

28. Belə olan halda, məhkəmə hesab edir ki, taxta altlıqlarının dəyəri olaraq 1.019,52 (36x28,32) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə 11.370,1 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

30. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 8.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimə tələb etmək satıcının hüququdur.

31. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

32. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 400 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

33. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

34. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********48 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

35. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 119,63 manat təşkil edir.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, O000880903 saylı müqaviləyə əsasən sement məhsulların verilməsinə görə yaranmış 8.044 (səkkiz min qırx dörd) manat, 07 (yeddi) qəpik, taxta altlıqlarının dəyəri olaraq 1019 (bir min on doqquz) manat, 52 (əlli iki) qəpik, cərimə borcu üzrə 400 (dörd yüz) manat olmaqla, cəmi 9.463 (doqquz min dörd yüz altmış üç) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Cavabdeh1 tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119 (yüz on doqquz) manat 63 (altmış üç) qəpik məbləğində pul Cavabdeh1 tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar