Məhkəmə qərarları › İş №e-2-2(113)-532/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-532/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-532/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli D- 1227-L/14 nömrəli müqavilə üzrə yaranmış 6954 manat gecikdirilmiş borcu və hesablanmış 1269,11 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 110 manat çəkilmiş mediasiya xərcinin, cəmi, 8833,11 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2014-cü il tarixli D-1227-L/14 nömrəli müqavilə üzrə hesablanmış 1269,11 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 110 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli D-1227-L/14 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2014-cü il tarixli D-1227-L/14 nömrəli müqavilə üzrə yaranmış 6954 gecikdirilmiş borcu və hesablanmış 1269 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞG/1-MT0007/03081 saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vemiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh “X1” MMC-nin direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Ona görə ki, “X1” MMC-nin 6950 manat borcu tam şəkildə (xx.xx.2023-cü il tarixində 2000 manat, xx.xx.2023-cü il tarixində 2600 manat, xx.xx.2023-cü il tarixində 2400 manat) ödənilmişdir. Onkoloji xəstəliyi ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. "xxxx" ASC və “X1” MMC arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 1227-L/14 saylı xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən lizinq verən aşağıda göstərilən kənd təsərrüfatı texnikasını (bundan sonra texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: “Traktor MTZ-89.2” markalı, 3 ədəd, bir ədədin qiyməti 29000 manat, dəyəri 87000 manat, 9 il ödəmə müddəti, “Kotan KR-14 (AG- 14-4)” markalı, 3 ədəd, bir ədədin qiyməti 2600 manat, dəyəri 7800 3 il ödəmə müddəti, “Rotorlu otbiçən RM2-165” 1 ədəd, bir ədədin qiyməti 2100 manat, dəyəri 2100 manat 3 il müddətinə. 1.2-ci bəndə əsasən lizinq alan texnikaların dəyərindən 9690 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

8. "xxxx" ASC və “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2014-cü il tarixli “1227-L/14” nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən məlum olur ki, 2023-cü il sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.

9. xx.xx.2014-cü il tarixli “1227-L/14” nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 04 iyun 2015-ci il tarixli D-1227-L/14 saylı dəyişikliyə əsasən 1227-L/14 nömrəli xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin. “Traktor MTZ-89.2” markalı, 3 ədəd, bir ədədin qiyməti 29000 manat, dəyəri 87000 manat, 9 il ödəmə müddəti, “Kotan KR-14 (AG-14-4)” markalı, 3 ədəd, bir ədədin qiyməti 2600 manat, dəyəri 7800 3 il ödəmə müddəti. 2-ci bəndə əsasən 1 ədəd “RM2-165” markalı rotorlu otbiçən üçün ödənilmiş 210 manat ilkin ödəniş sahibkara geri qaytarılsın. 3-cü bəndə əsasən bu razılaşma nəzərə alınmaqla yeni ödəniş qrafiki tərtib edilir. 4-cü bəndə əsasən bu razılaşma 1227-L/14 nömrəli 20 avqust 2014-cü il tarixli müqavilənin tərkib hissəsi olmaqla imzalandığı gündən qüvvəyə minir.

10. 04 iyun 2015-ci il tarixli D-1227-L/14 saylı lizinq müqaviləsinin ödəniş qrafikindən məlum olur ki, xx.xx.2023-cü il tarixi tərəflər arasında ödəniş üçün son müddət olaraq razılaşdırılmışdır.

11. xx.xx.2023-cü il tarixli 6732 nömrəli ödəniş qəbzinə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 9705 nömrəli ödəniş qəbzinə əsasən 2600 manat, xx.xx.2023-cü il tarixli 4576 nömrəli ödəniş qəbzinə əsasən 2400 manat “X1” MMC-nin adından ödənilmişdir.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 21 avqust 2023-cü il tarixli 3-22-2/2-1580/2023 saylı xəbərdarlıq məktubunda xx.xx.2014-cü il tarixli D-1227-L/14 nömrəli müqavilə üzrə yaranmış 6954 manat gecikdirilmiş borcu və hesablanmış 1269,11 manat cərimə məbləğinin qısa zaman ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və "xxxx" MMC arasında imzalanmış 27 may 2021-ci il tarixli məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili baradə müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin adından məhkəmə hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür.

14. 000İPX********** saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına 500 manat köçürülmüşdür.

15. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, daha sonra həmin müqaviləyə dəyişiklik olmuşdur. Müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

19. İddiaçı tələbində tərəflər arasında müqaviləyə uyğun olaraq 1269,11 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli D-1227-L/14 nömrəli müqavilənin 4.2-ci bəndində razılaşdırılmışdır ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə 1269,11 manat cərimə məbləğinin tələb edilməsini əsaslı hesab etmir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hesablanmış 1269,11 manat cərimə məbləği azaldılaraq, 120 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

20. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119 və 121-ci maddələrinə əsasən hesab edir ki, ödənilmiş 110 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2014-cü il tarixli D-1227- L/14 saylı müqavilə üzrə 120 (yüz iyirmi) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat, mediasiya xərci olaraq ödənilmiş 110 (yüz on) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar