Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5323/2022 23.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 8805,06 manat, İşsizlikdən Sığorta Fonduna olan 350,71 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1411,29 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1975-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 350,71 manat, Dövlət Sosial Müdafiə Fonduna 8805,06 manat, İcbari Tibbi Sığorta Fonduna 1411,29 manat olmaqla, ümumilikdə 10567,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********474600 nömrəli, xx.xx.2022-ci il tarixli **********618300 nömrəli, xx.xx.2022-ci il tarixli **********826100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 8805,06 manat, İşsizlikdən Sığorta Fonduna olan 350,71 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1411,29 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı əmək müqaviləsinin müddəti bitmişdir. Faktiki olaraq həmin müəssəsisədə işləmədiyi və ona əmək haqqı verilmədiyi üçün ərizə ilə təsisçiyə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Hazırda “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru deyil, cəmiyyətlə əmək münasibətlərinə xitam verilmişdir. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində işləyir. Ona görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: CMS - "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində pərakəndə ticarət, menecer vəzifəsində çalışır. Maraqlı şəxs tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X2 ərizə ilə müraciət edilərək işdən azad edilməsi xahiş olunmuşdur. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir (işə götürən: “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, işçi: Maraqlı şəxs (əmək müqaviləsi üzrə direktor)). Həmin bildiriş xx.xx.2022-ci il tarixdə çap edilmiş və çap edildiyi an statusu “xitam edilib” olaraq göstərilmişdir. Hüquqi şəxs haqqında məlumatla təsdiq edilir ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri xx xxxxxx 1975-ci il tarixdə Azərbaycan Respublikası, şəhərində doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********474600 nömrəli, xx.xx.2022-ci il tarixli **********618300 nömrəli, xx.xx.2022-ci il tarixli **********826100 nömrəli bildirişlərlə hüquqi şəxsə müraciət edərək borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışdan görünür ki, “X1” MMC-nin qanuni təmsilçisi kimi Maraqlı şəxs adı qeyd olunmuşdur. Eyni zamanda müəyyən olunur ki, Maraqlı şəxs “X1” MMC-nin təsisçisinə ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmişdir. CMS - "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişilə də müəyyən edilir ki, Maraqlı şəxs“X1” MMC-nin direktoru təyin edilməsi ilə bağlı əmək müqaviləsi hazırda qüvvədə deyildir, əmək müqaviləsinə xitam verilibdir. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışda “X1” MMC-nin qanuni təmsilçisi kimi Maraqlı şəxs adı görünsə də, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, “X1” MMC ilə onun hazırda heç bir əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Maraqlı şəxs hazırkı vaxtda “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-5-355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5323/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5323/2022
23.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver