Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5331/2021 20.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən yaranmış 175325 (köçürülmüş vəsait) + 31558,5 (ƏDV) + 31558,5 (ikinci dəfə “Satıcı”nın əvəzinə ödənilmiş ƏDV) manat, cəmi 238442 manat məbləğində əsas maddi ziyanın - borcun, illik 5% faiz miqdarında 11922.1 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümunun, cəmi 218836 manat (ümumilikdə 250394-31558.50) məbləğində pulun tutularaq iddiaçının xeyrinə (hesab nömrəsi: AZ96ACAB********************) ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən yaranmış 175325 (köçürülmüş vəsait) + 31558,5 (ƏDV) + 31558,5 (ikinci dəfə “Satıcı”nın əvəzinə ödənilmiş ƏDV) manat, cəmi 238442 manat məbləğində əsas maddi ziyanın - borcun, illik 5% faiz miqdarında 11922.1 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümunun, cəmi 218836 manat (ümumilikdə 250394-31558.50) məbləğində pulun tutularaq iddiaçının xeyrinə (hesab nömrəsi: AZ96ACAB********************) ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Satıcı olan cavabdeh ilə Alıcı olan iddiaçı arasında bağlanmış elektron qaimə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” ********** seriyalı kondisionerlər, həmin seriya adı altında elektrik və santexnik malları göndərməyə, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətə və razılaşdırılmış müddətdə dəyəri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən ******* nömrəli 26.11.2019-cu il tarixli ödəniş tapşırığı əsasında cavabdehin "xxxx" ASC vasitəsi ilə "xxxx" ASC-nin Remyer filialındakı 512037 kod altında AZ52MUGA**********00409AZM71 hesablaşma hesabına 175325 manat, həmin gün Vergilər Nazirliyinin köçürmənin aparılması haqqında **********612327 nömrəli bildirişində göstərildiyi kimi iddiaçı tərəfindən cavabdehin ƏDV depozit hesabına isə 31558,5 manat vəsait köçürülmüşdür. “Satıcı” tərəfindən 26.11.2019cu il tarixdə yazılmış EBAD 024855 saylı elektron qaimə sonradan birtərəfli qaydada “Alıcı” ilə razılaşdırılmadan, iddiaçıya məlum olmayan səbəblərə görə cavabdehin direktoru Bəxtiyar Həmzəyev tərəfindən həmin qaimə ləğv edilmişdir. İddiaçı köçürülən vəsaitin müqabilində material almamış, köçürülən vəsaitdən 04.12.2019-cu il tarixdə 31558.50 manat geri qaytarılmışdır. Bundan başqa, material üçün vəsait ödəməklə yanaşı ikinci dəfə eyni ƏDV məbləğinin öhdəlik yarandığı üçün cavabdehin əvəzinə ikinci dəfə büdcəyə 34164.54 manat ödəməli olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın (borcun) ödənilməsinə görə 13 oktyabr 2020-ci il tarixli 19 nömrəli məktubla və dəfələrlə şifahi qaydada müraciət etsə də heç bir cavab verilməmiş və nəticə olmamışdır. Bundan sonra, təkrarən cavabdehə 15 mart 2021-ci il tarixli məktubla iddiaçıya dəymiş maddi ziyanın ödənilməsinə dair xəbardarlıq edilmişdir, lakin yenə də cavab alınmamışdır. Sonuncu dəfə 21 iyun 2021-ci il tarixli məktubla iddiaçıya dəymiş maddi ziyanın ödənilməsinə dair xəbardarlıq edilmişdir, lakin yenə də cavab alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən qanunsuz hərəkətləri, üzərinə götürdüyü öhdəliklərin birtərəfli qaydada pozması nəticəsində iddiaçıya 175325 (köçürülmüş vəsait) + 31558,5 (ƏDV) + 31558,5 (ikici dəfə “Satıcı” nın əvəzinə ödənilmiş ƏDV) manat, cəmi 238442 manat məbləğində əsas maddi ziyan, illik 5% faiz miqdarında 11922.1 manat cərimə faizi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümu, ümumilikdə 250394 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ziyandən 31558.50 manat qaytarılmış, bu günə qaytarılmayan ziyan 218836 manat təşkil edir. İddiaçıya vurulmuş maddi ziyan ödənilməlidir. İddiaçının qanuni təmsilçisi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X2 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 26.11.2019-cu il tarixli EBAD seriyalı 024855 saylı elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 206883,50 manat dəyərində (175325 manat əsas + 31558,50 manat ƏDV) mal satılmasına dair elektron qaimə verilmişdir. 26.11.2019-cu il tarixli ******* saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına mal material üçün 175325 manat ödəniş aparılmışdır. 26.11.2019-cu il tarixli **********612327 saylı Köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından cavabdehin ƏDV sub-uçot hesabına 31558,50 manat köçürmə aparılmışdır. 25.01.2021-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından cavabdehin ƏDV sub-uçot hesabına 04.12.2019-cu il tarixdə 31558,50 manat köçürmə aparılmışdır. Ərizədən görünür ki, Bəxtiyar Həmzəyev tərəfindən EBAD seriyalı 024855 saylı elektron qaimə mexaniki səhv səbəbi ilə ləğv etmək üçün imzalanmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının qanuni təmsilçisinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən alqı-satqı müqaviləsinə əsasən cavabdeh ********** seriyalı kondisionerləri, həmin seriya adı altında elektrik və santexnik malları göndərməyi, iddiaçı isə onu qəbul edib, razılaşdırılmış qiyməti və razılaşdırılmış müddətdə dəyəri ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən 26.11.2019-cu il tarixli EBAD seriyalı 024855 saylı elektron qaimə ilə iddiaçıya ƏDV daxil 206883,50 manat dəyərində (175325 manat əsas + 31558,50 manat ƏDV) mal satılmasına dair elektron qaimə verilmişdir. İddiaçı tərəfindən mal material üçün cavabdehin hesabına 175325 manat ödəniş, eyni zamanda iddiaçının ƏDV sub-uçot hesabından cavabdehin ƏDV sub-uçot hesabına 31558,50 manat köçürmə aparılmışdır. İddiaçının ƏDV sub-uçot hesabından cavabdehin ƏDV sub-uçot hesabına 04.12.2019-cu il tarixdə 31558,50 manat köçürmə aparılmışdır. Cavabdeh tərəfindən EBAD seriyalı 024855 saylı elektron qaimə mexaniki səhv səbəbi ilə ləğv edilmiş və mallar iddiaçıya verilməmişdir. Cavabdeh tərəfindən alqısatqı baş tutmadığına görə ona ödənilmiş 238442 manat (175325 (köçürülmüş vəsait) + 31558,5 (ƏDV) + 31558,5 (ikici dəfə “Satıcı” nın əvəzinə ödənilmiş ƏDV) manat) məbləğdən 31558.50 manat iddiaçıya qaytarılmış, qalan 206883,5 manat isə qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Eyni zamanda, alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə varadır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, ƏDV daxil malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə ödənilmiş pul məbləğində qalan 206883,5 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən yaranmış 175325 (köçürülmüş vəsait) + 31558,5 (ƏDV) + 31558,5 (ikinci dəfə “Satıcı”nın əvəzinə ödənilmiş ƏDV) manat, cəmi 238442 manat məbləğində əsas borc, illik 5% faiz miqdarında 11922.1 manat cərimə faizi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümu, cəmi 218836 manat (ümumilikdə 250394-31558.50) məbləğində pul tutularaq İddiaçınə (hesab nömrəsi: AZ96ACAB********************) ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5331/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5331/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver